Əbədi əzab problemi

  1. Giriş

İnsanın əbədi olaraq Cəhənnəmdə əzəba məruz qalması ilə bağlı teoloqlar, filosoflar və ariflər arasında ciddi fikirayrılığı vardır. Uyğun məsələ ilə bağlı bir neçə təsvir var:

  1. Bəzi insanlar əbədi olaraq Cəhənnəmdə əzaba məruz qalacaqlar və bu əzab sonsuzadək davam edəcək.
  2. Əbədi əzaba məruz qalan insanlar Cəhənnəmdə günahlarına görə cəzalarını çəkdikdən sonra yox olacaqlar.
  3. Əbədi əzaba məruz qaldıqları iddia olunan kimsələr cəzalarını çəkdikdən sonra əzab onlar üçün artıq şirinləşəcək.
  4. Əbədi əzaba məruz qaldıdları iddia olunan insanlar əslində günahlarına görə cəza çəkdikdən sonra Cəhənnəmdən çıxıb Cənnətə daxil olacaqlar.  

  1. Yanaşmaların dəyərləndirilməsi

Zənnimcə, birinci və ikinci təsvir məqbul və qənaətbəxş deyil. İkinci təsvir ona görə məqbul deyil ki, ən azından, yoxluğun varlığa çevrilməsi mümkünsüz oldu kimi varlığın yoxluğa çevrilməsi də əqli baxımdan mümkünsüzdür. Bu mənada, həmin insanların günahlarına görə cəza çəkdikdən sonra yox olmaları qəbuledilməzdir. Birinci təsvirə gəlincə, bu təsvirə üç əsas irad bildirmək olar. Bu yazımda onları bir-bir qeyd edib, onlara verilən cavabların nə qədər əsaslı olub-olmadığını aydınlaşdırmağa çalışacam.

        2.1. İlahi rəhmətin tələbi ilə ziddiyyət

Bu irada görə, Allahın əbədi olaraq əzaba məruz qalan birisini yaratması Onun rəhmətinin tələbi ilə ziddiyyət təşkil edir. Allah öz əzəli elmi ilə bilirdi ki, bu adam öz azad seçimi, iradəsi ilə günah edib əbədi əzaba düçar olacaq. Digər tərəfdən, Allahın bu hadisəni öz əzəli elmi ilə bilməsi də onun bu əzaba düçar olmasına heç bir təsir göstərmir (yəni əzəli elmlə ixtiyar arasında heç bir ziddiyyət yoxdur). Bu o deməkdir ki, həmin adam kənardan heç bir təzyiq olmadan, yalnız və yalnız öz azad iradəsi ilə əbədi əzabı qazanmışdır. Burada belə bir sual yaranır: Allahın belə bir adamı yaratması Onun rəhmətinin tələbi ilə ziddiyyət təşkil edir, ya yox? Belə görünür ki, cavab müsbətdir. Çünki ilahi rəhmət – necə təfsir olunursa, olunsun – özündə “rəhmət obyekti”nə nisbətdə (məslən, rəhmətə məruz qalan insan) xeyir və mənfəət ehtiva edir. Belə bir halda, əbədi əzaba məruz qalan birisinin var olmasında nə kimi bir xeyir və mənfəət ola bilər ki?! Bu, əqli baxımdan təsəvvür edilə bilməz. Əbədi və sonsuz bir əzab heç bir zaman xeyir və mənfəət hesab oluna bilməz. Odur ki, belə bir insanın yaradılması ilahi rəhmətin tələbi ilə ziddiyyət təşkil elədiyinə görə, ya həmin insan yaradılmayacaq, ya da yaradılsa, əbədi əzaba məruz qalmayacaqdır.

        2.1.1. Adıkeçən irada verilən cavabların tənqidi

Bəziləri yuxarıda qeyd olunan irada həm həlledici və həm də əks cavablar verməyə çalışıb. Ancaq zənnimcə, onların heç biri uğurlu cavab deyildir. Həlledici cavabda bildirilir ki, bu iradı edənlər elə sanırlar ki, “ilahi rəhmət” dedikdə Allahın ürək yanması nəzərdə tutulur. Belə ki, sanki Allah əbədi əzaba məruz qalan birinin var olacağını biləndə onu yaratmaqda ürəyi yanır. Buna görə də onu yaratmaqdan vaz keçir. Halbuki Allah cismani bir varlıq deyil ki, belə bir psixoloji təsirə məruz qalmış olsun. Odur ki, ilahi rəhməti bu mənada qavramaq yanlış olduğuna görə, irad da qüvvədən düşməli olacaq. Fikrimcə, bu cavabın iradı ondadır ki, bu cavab görə, ilahi rəhmət öz anlamını, mahiyyətini itirir, çünki rəhmət xeyir və mənfəətdən ayrılmazdır. Əgər rəhmət anlayışını xeyir və mənfəətdən təcrid edəriksə, bu zaman “rəhmət olaraq adlanan nəsnə” ilə “qeyri-rəhmər olaraq adlanan nəsnə” arasında heç bir fərq olmayacaqdır. Bu o deməkdir ki, bu iki nəsnə arasındakı sərhəd aradan qalxacaqdır. Belə bir sərhədi qorumaq üçün yeganə yol xeyir və mənfəəti rəhmət anlayışına yeritməkdir. Daha aydın desək, rəhmətdə xeyir və mənfəət olmasa, bu zaman “Allah rəhimdir” və “Allah rəhim deyil”,- cümlələrini bir-birindən ayırd etmək heç bir əhəmiyyət və anlam kəsb etməyəcəkdir. Bir sözlə, rəhməti – necə təfsir ediriksə, edək – hər bir halda xeyir və mənfəətdən qopuq şəkildə təsəvvür etmək olmaz. Yuxarıda dediyimiz kimi, sonsuz əzaba məruz qalan birisinin yaradılmasında əqxli baxımdan heç bir xeyir və mənfəət təsəvvür eləmək mümkün deyil.

Əks cavaba gəlincə, bu cavaba görə, müvəqqəti olaraq əzaba məruz qalan insanların yaradılması da ilahi rəhmətin tələbi ilə ziddiyyət təşkil etməlidir. Deməli, belə çıxır ki, Cəhənnəm adlı nəsə olmalı deyil və kimsə yaradılırsa da, gərək məsum və nəticədə cənnətlik olaraq yaradılsın. Bu o deməkdir ki, “günah” adlı bir nəsnə olmalalıdır həyatımızda. Halbuki məlum olduğu kimi ətrafımızda kifayət qədər “günah” işləyən adamlar var. Bir sözlə, bu əks cavaba görə, müvəqqəti əzaba məruz qalan kimsələr belə, əbədi əzaba məruz qalan kimsələr kimi yaradılmamalıdır, halbuki kimsə bu fikirlə razılaşa bilməz. Zənnimcə, bu cavab da əvvəlki cavab kimi uyğurlu deyil. Çünki “müvəqqəti əzab”la “sonsuz əzab” arasında müqayisə aparmaq doğru deyil. Əbədi əzabı inkar edən görüşün əsaslandığı fundamental önfərz budur ki, insan əbədi, sonsuz xoşbəxtlik üçün yaradılıb. Bir tərfdən, insan kənardan heç bir təzyiq olmadan öz azad iradəsi ilə günah işləyə bilir. Digər tərəfdən, işlədiyi günah qarşısında məsuliyyət daşıyır və günahına mütənasib olaraq cəzasını da “Cəhənnəm” adlı bir yerdə çəkməlidir. Sual belədir: İnsanın sonsuz xoşbəxtlik üçün yaradıldığı halda, müvəqqəti olaraq əzaba məruz qalacağına görə yaradılması daha çox ilahi rəhmətin tələbi ilə uyğun gəlir, yoxsa yaradılmaması? Belə görünür ki, həmin adamın yaradılması daha çox ilahi rəhmətin tələbi ilə uyğun gəlir, çünki bu halda həmin adamın yaradılışında xeyir və mənfəət təsəvvür oluna bilir ki, bu da onu gələcəkdə gözləyən əbədi xoşbəxtlikdir.

        2.2. Azadlıq hüququnun pozulması

Bu iradla çıxış edənlər bildirirlər ki, əbədi əzaba məruz qalan bir adamın yaradılması onun fundamental azadlıq hüququnun pozulması deməkdir. Bu irada görə, insana ən azından belə bir taleyi seçib-seçməmək haqqı verilməlidir. Sonsuz əzaba məruz qalmaq sadə bir məsələ deyil ki, insana onu seçib-seçməmək şansı verilməsin. Məsələ təsəvvür oluna biləcəyindən də daha önəmli və ciddidir. Belə bir halda, hökmən insanın bu hüququ tanınmalıdır Allah tərəfindən. Əks təqdirdə, Allahla bağlı təsvirlərimizi, anlayışlarımızı kökündən dəyişməli olacağıq. Halbuki “əbədi Cənnət” faktını qəbul edən inanclılar yekdil şəkildə dini mətnlərdən çıxış edərək Allahı xeyirxah, rəhim, mehriban və s. bu kimi müsbət, gözəl və kamal sifətləri ilə səciyyələndirirlər. Burada belə bir sual yarana bilər: İnsana Allah tərəinfən belə bir seçim haqqının tanınması necə təsəvvür edilə bilər? Başqa sözlə, əqli baxımdan necə təsvir etmək olar ki, Allah, məsələn, “X” adlı bir şəxsi iki seçim – yadılmaq və ya yaradılmamaq – qarşısında qoysun? Analitik fəlsəfədə qəbul edilən “zehni eksperiment” (Thought experiment) adlı yayğın bir metoddan istifadə etməklə bunu göstərmək olar. Bu metoda görə, Allah öz əzəli elmində “X” adlı şəxsə xitabən “Sənin qarşında iki seçim var: ya səni yaradacağam və sən də kənardan heç bir təzyiq olmadan tamamilə öz azad iradənlə əbədi əzabı qazanacaqsan, ya da var olmamağını seçəcəksən”,- deyə biləcəyi bir səhnə canlandıra bilər. Bu səhnədə “X” adlı şəxsin Allahın ünvanladığı suala verəcəyi cavab nə ola bilər? Sizcə, kimsə dünya adlı müvəqqəti həyatda bir müddət yaşamaq naminə sonsuz, əbədi əzablı bir həyatı seçə bilərmi? Sonsuz əzaba görə müvəqqəti əzabsız həyat seçimi nə qədər ağlabatandır? Ümumiyyətlə, sonsuzluğun müqabilində hansısa bir məhdud zaman anlam ifadə edirmi? Məncə, cavab aydındır. Normal insan şüuru sonsuzluq müqabilində hansısa bir müvəqqəti zamanla razılaşa bilməz. Deməli, belə bir səhnədə “X” adlı adam ya var olmayacaq, ya da var olacaq. Əgər var olmasa, deməli, aydın olacaq ki, o, öz azadlıq hüquqndan istifadə edərək yox olmağını seçmişdir. Əgər var olacaqsa, bu zaman məlum olacaq ki, o yenə də öz azadlıq hüququndan istifadə edərək əbədi əzaba məruz qalmağı seçmişdir (əgər doğurdan da belə bir seçim edərsə!), Buradan alınan nəticə odur ki, yaranan insan əbədi əzaba məruz qalmaq üçün yaradılmır, əksinə, sonsuz xoşbəxt bir həyat üçün yaradılır.

        2.2.1. Adıkeçən irada verilən cavabın tənqidi

Bəziləri yuxarıda qeyd olunan “zehni eksperiment” adlı analitik metoddan yayındıqlarına görə iradı əsassız hesab ediblər. Onlar irada cavab olaraq deyiblər ki, insan yaradılmazdan öncə mövcud olmadığına görə hər hansı bir hüququ da yoxdur. İnsan yalnız var olduqdan sonra hüquq əldə edə bilər. Var olmayan birisi üçün azadlıq hüququ tanımaq ağlabatan deyil. Deməli, insan Allaha azadlıq hüququnun pozulmasına görə etiraz edə bilməz. Zənnimcə, bu cavab qənaətbəxş deyil. Çünki bu cavabın önfərzi odur ki, insan yoxdan yaranır. Yoxdan var olmaq isə bəlli olduğu kimi əqli baxımdan qəbuledilməzdir (yəni yoxluq varlığa çevrilə bilməz). Deməli, insan ən azından Allahın əzəli elmində var olduğuna görə azadlıq hüququna da elə əzəldən malik olmuşdur. Bu əsasla, insan ilahi əzəli elmdəki varlığını xarici varlığa çevirmək üçün seçim hüququna malikdir. Bunu da zehni eksperiment metodu ilə təsəvvür etmək mümkündür.

        2.3. Cəza ilə günah arasındakı tənasübün olmaması

Üçüncü irada görə, əbədi əzaba məruz qalan birisinin cəzası ilə günahı arasında heç bir tənasüb yoxdur. Necə ola bilər ki, zaman, məkan və təsir baxımından məhdud olan bir günah üçün sonsuz, naməhdud bir cəza təyin edilsin? Bu, ağıla görə məqbul deyil, çünki məhdud ilə naməhdudu müqayisə etmək və onları bir-birilə ilə əlaqələndirmək yanlışdır. Ağıla görə, məhdudu yalnız məhdudla müqayisə etmək və əlaqələndirmək olar. Odur ki, zaman, məkan və təsir baxımından məhdud olan bir günah üçün təkcə məhdud cəza təyin etmək olar. Beləliklə, aydın olur ki, insanın əbədi əzaba məruz qalacağını qəbul eləsək, bu zaman ağlın bu idrakını tapdalamalı olacağıq ki, bu da yolverilməzdir. Başqa sözlə, ağıl cəza ilə əməl arasındakı tənasübün olmamasını zülm hesab edir. Allah isə zülmə yol verməz. Deməli, Allah cəza ilə əməl arasındakı tənasübə riayət elədiyinə görə əbədi əzaba məruz qalacaq birini yaratmaz.

        2.3.1. Adıkeçən irada verilən cavabın tənqidi

Bəziləri yuxarıdakı irada cavab olaraq belə deyiblər ki, cəza ilə əməl arasındakı əlaqə ontolojidir, yəni şərti deyil. Bu o deməkdir ki, insan öz günahları ilə özünü elə bir duruma gətirib çıxardır ki, onun varlığı büsbütün əzaba çevrilir və istəsə də, öncəki mahiyyətinə qayıda bilmir. İnsan öz azad iradəsi ilə əldə elədiyi günahlar sayəsində əvvəlki varlığını, mahiyyətini itirərək yeni bir varlıq, mahiyyət qazanır. Bu yeni varlıq və mahiyyət isə əzabdan başqa bir şey deyildir və geri dönüş şansı da yoxdur. Deməli, əbədi əzaba məruz qalacaq insanların yaradılması cəza ilə əməl arasındakı tənasübü pozmur, çünki burada tənasüb var. Tənasüb ondan ibarətdir ki, insan öz azad iradəsi ilə əldə elədiyi əməllərlə öz yeni varlığını inşa edir, qurur və bu inşa da tamamilə ontolojidir, şərti deyil. Bu o deməkdir ki, bu cəzanı Allah onun əməli üçün təyin eləmir, əksinə, həmin adamın özü bu varlığı əməlləri sayəsində var edir. Zənnimcə, bu cavabın iki əsas iradı var: birincisi, bu cavabın önfərzi odur ki, əməllə cəza arasındakı əlaqə ontolojidir. Yəni kimsə əməl üçün cəzanı kənardan təyin eləmir, əksinə, əməlin özü cəzanı doğurur. Başqa sözlə, əməl səbəb, cəza isə nəticədir.[1] Bu o deməkdir ki, Allah nə Cənnətə gedənləri özü təyin edir, nə də Cəhənnəmə gedənləri. Sanki hamı avtomatik olaraq öz yolunu seçir və Allah isə bu seçimlərə müdaxilə edə bilmir. Fikrimcə, bu yanaşmanın ən böyük problemi odur ki, cəza ilə əməl arasındakı tənasübün ontoloji bir əlaqə olması lehinə hər hansı bir əqli sübut yoxdur. Kimsə indiyədək bu müddəanı isbatlaya bilməmişdir. Cəza ilə əməl arasındakı tənasübün şərti olması isə praktiki müstəvidə ictimai həyatımızda öz reallığını təsdiqləyir. İkincisi, hətta əgər belə bir tənasübün olduğunu qəbul eləsək belə, yuxarıda qeyd elədiyimiz birinci və ikinci irad əbədi əzaba məruz qalan birisinin yaradılmaması üçün kafi səbəb hesab oluna bilər.

  1. Dini mətnlər və əbədi əzab problemi

Bura qədər deyilənlər, əslində, əbədi əzab probleminə əqli baxımdan yanaşma idi. Bildiyimiz kimi, hansısa bir metafizik müddəaya iki aspektdən yanaşmaq olar: dinxarici yanaşma və dindaxili yanaşma. “Dinxarici yanaşma” dedikdə, bu yazımda hansısa bir metafizik müddəanı əqli və fəlsəfi baxımdan dəyərləndirməyi nəzərdə tuturam. Bu yanaşmada biz həmin müddəanın lehinə və ya əleyinə olan əqli və fəlsəfi dəlilləri nəzərdən keçirik. Ancaq dindaxili yanaşmada birbaşa vəhydən qaynaqlanan dini mətnlərə (məsələn, İslam dinində bu, Quran və mötəbər sünnədir) müraciət etməklə həmin metafizik müddəa barəsində hansısa bir məlumatın olub-olmadığını aydınlaşdırmağa çalışırıq. Əbədi əzab problemi də metafizik bir müddəa kimi həm dinxarici baxımdan, həm də dindaxili baxımdan araşdırıla bilər. Yuxarıda qeyd elədiyimiz üç əqli dəlilə əsasən, nəticə aldıq ki, “əbədi əzab” adlı nəsə yoxdur. İndi isə belə bir sual yaranır: Əbədi əzab dini baxımdan məqbul hesab olunurmu? Zənnimcə, kimsə (=ağıl və vəhyi qəbul edən şəxs) dini mətnlərdən (Quan və mötəbər sünnə) birmənalı və qəti olaraq “əbədi əzab” düşüncəsini çıxara bilməz. Çünki hər hansı bir mətnin müəllifinin niyyətini əldə eləmək istəsək, o niyyəti bizə göstərən bütün işarələri birgə nəzərdən keçirdikdən sonra müəllifin niyyəti barədə nəsə bir qərara gəlmək olar. Bir tərəfdən, mətn ilə əqli idrak arasındakı fərq ondadır ki, mətn fərqli yozumlara açıq ola bilir, ancaq əqli idrakda belə bir özəllik yoxdur. Əqli idrak əminlik baxımından güclü və ya zəif ola bilsə də, məzmun etibarilə daima şəffaf və aydındır. Digər tərəfdən isə, ağıl da vəhy (=dini mətn) kimi bilik qaynağı hesab olunur və mətn kimi oxucunu müəllifin (=Allah və ya peyğəmbər) niyyətinə aparan bir kanaldır. Bu deyilənləri nəzərə alsaq, deyə bilərik ki, yuxarıda qeyd olunan üç əqli dəlilə görə, əbədi əzab mümkünsüzdürsə, deməli, dini mətnlərdə əbədi əzabın var olduğunu bildirən mesajlar əqli idrakın nəticəsinə uyğun olaraq yozulmalıdır, başa düşülməlidir. Məsələn, Quranda (cin: 23) bəzi insanların əbədi olaraq Cəhənnəmdə qalacaqları qeyd olunur. Düzdür, “əbədi olaraq” qeydi ilk baxışdan nə qədər şəffaf bir ifadə kimi görünsə də, əqli idrakın məzumu qədər şəffaf ola bilməz. Çünki bu qeyd müxtəlif məqsədləri (məsələn, insanları günahdan şiddətlə çəkindirmək üçün, günahın nə qədər pis olduğunu bildirmək üçün, Cəhənnəmin günahkarı hökmən gözlədiyini təkidlə vurğulamaq üçün və s. bu kimi məqsədləri) bildirmək üçün Allah tərəfindən deyilə bilər. Kimsə qəti olaraq Quran mətnindəki “əbədi olaraq” qeydini öz gerçək anlamında olduğunu irəli sürüb uyğun ayələri bu şəkildə oxuya və yoza bilməz, ona görə ki, bu yozumunun lehinə heç bir mətndaxili və ya məntxarici (=əqli dəlil) fakt göstərə bilməz. Halbuki əbədi əzab düşüncəsini inkar edənlər öz yozumlarının lehinə hər iki faktdan istifadə edə bilərlər.

  1. Nəticə

Yuxarıda deyilənlərdən belə bir nəticə əldə olunur ki, həm dinxarici baxımdan, həm də dindaxili baxımdan kimlərinsə əbədi əzaba məruz qalacağı düşüncəsini müdafiə etmək olmaz. Bu görüş məqbul və qənaətbəxş deyil. “Əbədi əzab var”,- müddəasının lehinə nə əqli dəlillər var, nə də birmənalı, qəti dini dəlillər. Beləliklə, yuxarıda qeyd elədiyimiz dörd təsvirdən ilk iki təsvirin yanlış olduğu və son iki təsvirin isə doğru olduğu bəlli olur. Üçüncü və dördüncü təsvir nəticə etibarilə birdir: Əbədi əzab yoxdur!

30/06/2017

[1] Səbəb-nəticə prinsipinə iki əsas qanun hakimdir: 1) səbəb var oldusa, nəticə zəruri olaraq var olur və nəticə səbəbdən yayına bilməz. Məsələn, kağızı oda yaxınlaşdıranda, ortada heç bir maneə olmadığı təqdirdə onun yanması zəruridir və əgər yanmırsa, deməli, ortada maneə var, bu o deməkdir ki, hələ səbəb var olmamışdır. 2) Səbəb ilə nəticə arasında tənasüb, uyğunluq var, belə ki, bir nəticə istənilən hansısa səbəbdən doğa bilməz, əksinə, hər bir nəticənin özünə uyğun bir səbəbi vardır. Məsələn, hərarət heç bir zaman sudan doğa bilməz, çünki “su” ilə “hərarət” arasında heç bir tənasüb yoxdur. Səbəb ilə nəticə arasındakı tənasüb əlaqəsini inkar eləsək, onda hər bir səbəbdən istənilən nəticənin doğmasını da qəbul etməli olacağıq ki, bu da qəbuledilməzdir.

Oxşar yazılar
Din tədqiqatının metodologiyası
Üç fərqli İslam modeli
Dinin xarici və daxili hissələri
Modern ilahiyyat üzərinə bəzi qeydlər