Ətraf mühit əxlaqı

Ətraf mühit əxlaqı (Environmental ethics) hava və su çirkliliyi, ekosistemin korlanması, növlərin qırılıb aradan getməsi və torpaq eroziyası kimi çağdaş ətraf mühit böhranı nəticəsində meydana çıxmışdır. Ətraf mühit əxlaqının təməli ənənəvi əxlaqın təqdim etdiyi tarixi antroposentrizmə (insanmərkəzlilik) qarşıdır. Bu, həm də “növpərəstlik” və ya “insani şovinizm” adlanır. Ətraf mühit əxlaqı qeyri-insani canlı varlıqları və təbiəti istismar obyekti, habelə, onları öz-özlüyündə hədəf kimi deyil, insani hədəfələrə nail olmaq üçün vasitələr kimi nəzərdən keçirir. Bu əxlaq qeyd olunan bu varlıqlar və bir tam olaraq təbiət barəsində insani bir məsuliyyət müəyyənləşdirməyə çalışır. Ətraf mühit əxlaqı sadəcə olaraq tətbiqi əxlaqın (Applied ethics) bir sahəsi deyil, həm də, o, yeni və fərqli nəzəri bir çərçivə formalaşdırmaqla məşğuldur.

Ətraf mühit əxlaqına fərqli yanaşmalar var:

1. Minimal (zəif) antroposentrizm (Weak anthropocentrism) insani mənafenin hələ də prioritet olduğunu qəbul etsə də, isbat edir ki, insanlar ətraf mühit barədəki nəcib öhdəliklərinə qarşı münasibəti inkişaf etdirməlidirlər.

2. Heyvanmərkəzli əxlaq (Animal-centrered ethics) -hansı ki, heyvani qurtuluş cərəyanı və ya zusentrizm də adlanır.- iddia edir ki, biz heyvanların duyğulu varlıqlar (Peter Sinqerin fikrincə) və ya həyata sahib subyektlər (Tom Reqanın fikrincə) olduğuna əsasən, əxlaqi mülahizələrin vüsətini təkcə insanlardan bütün heyvan növlərinin üzvlərinə qədər genişləndirməliyik. Bu baxışa görə, rasionallıq (ağıl sahibi olmaq) əxlaqi kollektivin üzvlük meyarı kimi rədd edilir.

3. K. E. Qudpaster və Pual Taylor tərəfindən təmsil olunan canlımərkəzli əxlaq (Life-centered ethics) və ya biosentrizm isbat edir ki, heyvanlar kimi bitgilər də daxil olmaqla canlı varlıqların bütün sinifləri əxlaqi kollektivə daxil olmalıdırlar.

Minimal antroposentrizm, heyvanmərkəzli əxlaq və canlımərkəzli əxlaq- bunların hamısı hesab edir ki, ənənvi insani-əxlaqi nəzəriyyə mötəbərdir və onu islah etməklə insan cəmiyyətindən fərqli sahələrə də tətbiq edə bilərik. Ətraf mühit əxlaqının digər modelləri (versions) insani əxlaqın (Human ethics) qeyri-insani varlıqlara qədər genişləndirilməsinin əleyhinə çıxış edərək iddia edir ki, bizim yeni bir əxlaqa ehtiyacımız var, çünki insani əxlaq qaçılmaz şəkildə antroposentristdir. Bundan başqa, ənənəvi insani əxlaq individualdır, halbuki kifayət qədər holistik olan bir əxlaq həm ekosistemlə bir tam kimi, həm də ekosistemin daxilində mövcud olan varlıqlarlar arasındakı əlaqələrlə bağlı olmalıdır. Bu görüşə əsasən, ekosistemin bütünlüyü, çeşitliliyi və sabitliyi ana meyar olmalıdır, hansı ki, onun vasitəsilə hansısa bir əməlin əxlaqlı olması mühakimə olunur. Bəzən bu holistik yanaşma və ya ekosentrizm ətraf mühit faşizmi olmaqda ittiham olunur. Ekosentrizmin başlıca məktəbləri Aldo Leopold, J.B. Kallikot və III H. Rolston tərəfindən təmsil olunan “torpaq əxlaqı(Land ethics)”, A. Ness tərəfindən təmsil olunan “dərin ekologiya(Deep ecology)” və “ekofeminizm”ə şamil edilir. Ekofeminizm isə təbiətin insanlardan asılı olmasının qadınların kişilərdən asılı olması ilə uyğunlaşmasını isbat edərək təbiətlə qadınların qurtuluşunu eyni prosesin tərəfləri hesab edir.

“Ətraf mühit əxlaqı- insanların təbii ətraf mühit üçün daşıdıqları məsuliyyətləri öyrənən araşdırma səhəsidir”.- Armstronq və Botzler (redaktor), Ekologiya əxlaqı kitabı.

Çevirdi: Emin İmanlı

Mənbə: “The Blackwell Dictionary of Western Philosophy”, By Nicholas Bunnin and Jiyuan Yu, 2004, pp. 214-215.

Oxşar yazılar
Din- əxlaqın sığortaçısı
İnsan bir “başqası” kimi
Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.
Yalan ağrısı və Doğru yaşam təcrübəsi