Əxbarilərin ağıla münasibəti

 

İslam dünyasına nəzər saldıqda, ilahi hökmləri əldə etmədə ağıla münasibətdə üç fərqli yanaşmanın şahidi oluruq:

a) İfrat yanaşma;

b) Təfrit yanaşma;

c) Mötədil yanaşma.

1. Əhli-sünnənin Hənəfi qolu

Ağıla ifrat yanaşmanı Əhli-sünnə məktəbində, xüsusən, onun Hənəfi qolunda müşahidə edirik. Bu yanaşmada ağıl Quran və sünnə ilə yanaşı, müstəqil bir bilik qaynaq kimi göstərilir. Ağıla ifrat yanaşma metodunda qiyas, istihsan və bu kimi zənn, güman xarakterli vasitələrdən istifadə edilir. Bu metodda ağılın hər növ qənaəti (istər yəqin şəklində, istərsə də güman şəklində olsun) məqbul hesab olunur. Bu metodun tərəfdarlarının ilahi hökmləri çıxarış prosesində ağıldan bu şəkildə iftar istifadə etmələrinin səbəbini onların dini qaynaqları yetərsiz saymalarında axtarmaq lazımdır. Çünki onlar imamət nəzəriyyəsini qəbul etmədiklərinə görə, iki problemlə üzləşməli oldular: 1) Quranda dinin ümumi prinsipləri izah olunmaqla onların təfərrüatlarının qeyd edilməməsi, 2) Peyğəmbərdən (s) nəql olunan hədislərin kəmiyyət baxımından azlıq təşkil etməsi və digər yandan, onların hamısının mötəbər olmaması. Nəticə etibarilə, onlar bu böşluğu doldurmaq üçün qiyas, istihsan və bu kimi zənn, güman xarakterli metodlardan istifadə etməyə başladılar.

Qeyd etmək lazımdır ki, Əhli-sünnənin Maliki və Şafii qolları da ağıldan iftar şəkildə istifadə cərəyanına mənsubdur. Baxmayaraq ki, Şafii qolu istihsan metodunu tamamilə inkar edir.

2. Əhli-sünnənin Hənbəli qolu

İfrat yanaşmanın əks töqtəsi sayılan təfrit yanaşması isə Əhli-sünnənin Hənbəli qolunda mövcuddur. Bu yanaşmada ağıl üçün heç bir dəyər tanınmır və onun ortaya qoyduğu hər bir qənaət (istər yəqin formasında, istərsə də güman formasında olsun) əsassız hesab olunur. Bu yanaşmanın tərəfdarlarına nümunə olaraq Davud ibn Əli əl-İsfahani və Əbülhəsən əl-Əşərini göstərmək olar.

3. Şiə məktəbi

Şiə məktəbində üsul elmini qəbul edən əksər fəqihlər (fiqhşünaslar) ağıla mötədil yanaşmanın tərəfdarlarıdırlar. Şiə məktəbinə görə, dini qaynaqlarda yetərsizlik və boşluq deyə bir şey yoxdur. Çünki bəşəriyyətin Qiyamətə qədər ehtiyac duya biləcəyi hər bir məsələnin cavabı Peyğəmbər sünnəsi və Quranın həqiqi, rəsmi təfsirçiləri sayılan Əhli-beyt imamlarının hədislərində birbaşa və ya dolayı şəkildə  mövcuddur. Odur ki, Şiə məktəbində ağıla nə ifrat, nə də təfrit yanaşma metodu yoxdur. Mötədil yanaşma metodu yalnız ağılın yəqin və qəti (yəni, 100% əminlik) xarakterli idraklarını arqument kimi qəbul edir.

4. Modern əxbarilik cərəyanı

Təəssüflə qeyd etmək lazımdır ki, Quran və sünnədə ağıl və onun nəaliyyətlərinə verilən önəmə baxmayaraq, ağıla münasibətdə təfrit yanaşma hərəkatı meydana çıxmışdır. Böyük İslam mütəfəkkiri Mürtəza Mütəhhərinin sözü ilə desək, bu hərəkat Şiə dünyasında meydana çıxan ən təhlükəli hərəkatlardan biridir. Bu hərəkat “Əxbarilik” adlanır.

Əxbarilik cərəyanın banisi Məhəmmədəmin Əstərəbadi (-1627) dir. Tarixdə M. Əstərəbadinin həyatının ilk dönəmlərinə aid əldə heç bir dəqiq məlumat yoxdur. O, əvvəllər üsul elminə əsaslanan ictihad modelinin tərəfdarı idi. Bir müddət Mədinə şəhərində yaşadıqdan sonra, elə orada əxbarilik cərəyanını təsis etmişdir. O, Mədinədə olarkən “İlahi hökmlərdə ictihad və təqlidə inanlara rəddə olaraq Mədinə faydaları” adlı əsərini qələmə almışdır. M. Əstərəbadi bu kitabda üsul elminə əsaslanan fəqihləri tənqid atəşinə tutmuşdur. Əxbarilik 17-18 əsrlər arası xeyli rəvac tapmışdır. Onlar öz əsrinin siyasi şəraitindən istifadə edərək, bu cərəyanı geniş şəkildə yaymağa çalışırdılar. Ancaq Qacarların hakimiyyəti dövründə müəyyən səbəblərə görə (o cümlədən, Ağa Məhəmmədxan Qacarın Qərblə əlaqələrə girməsi və yeni problemlərin ortaya çıxması) bu cərəyan xeyli təzyiqlərə məruz qalmışdır.

Qeyd etməliyik ki, əxbarilik hərəkatını araşdırarkən iki cərəyanı bir-birindən ayırmaq lazımdır: klassik əxbarilik və modern əxbarilik. Modern əxbarilik 16-cı əsrin əvvəllərində M. Əstərəbadi tərəfindən təsis edilmiş bir cərəyandır. Klassik əxbarilik cərəyanının isə M. Əstərəbadinin yaratdığı cərəyanla heç bir əlaqəsi yoxdur. Klassik əxbarilik cərəyanında ağılın dəyəri heç bir şəkildə inkar olunmur. Ancaq bunun əksinə olaraq, modern əxbarilikdə aşağıda qeyd edəcəyimiz kimi, ağıl və onun idrakları dinin bütün sahələrində, o cümlədən, fiqh və ilahiyyat sahələrində qətiyyətlə inkar olunur.

5. Modern əxbarilik cərəyanının epistemoloji konsepsiyası 

M. Əstərəbadi “Mədinə faydaları” adlı əsərində bəşəri elmləri iki qismə ayırır:

a) Öz müddəalarını hiss və eksperimentdən (təcrübə) alan elmlər;

b) Tədqiqat metodu hissi və təcrübi olmayıb, nəticələri hissi yol ilə isbat oluna bilməyən elmlər.

Əstərəbadi hesab edirdi ki, riyaziyyat elmləri birinci qrupa daxildir. Çünki riyaziyyat elmləri öz ilkin sərmayələrini hissdən əxz edir. İkinci qrupa misal olaraq isə metafizik mövzuları göstərirdi, çünki bu kimi mövzular hiss və təcrübədən asılı olmayan mövzulardır. Məsələn; ruhun mücərrədliyi, onun ölümdən sonra sonsuzadək yaşaması və s. kimi.

Əstərəbadiyə görə, bəşəri elmlərin birinci qismi yalnız etimad edilməyə layiqdir. Çünki onlar hiss və təcrübəyə əsaslanırlar. Məsələn, riyaziyyat elmləri nəticə etibarilə hiss çərçivəsinə sığa bilən müddəalara əsaslanır. Məsələn; 2+2=4 kimi. Bunu praqktika hissimizlə təsdiqləyə bilərik.

İkinci qism elmlər isə heç bir dəyərə malik deyildir. Ağılın bu qismdə əldə etdiyi nəticə və qənaətlərə etimad edib, onlara əsaslanmaq olmaz. Çünki onların hiss və təcrübə ilə heç bir əlaqəsi yoxdur. Deməli, M. Əstərəbadi biliyi təhlil edərkən bu nəticəyə gəlir ki, idrakın dəyərini və onuna etimad edilmə imkanı dairəsini ayırd etmək üçün hissi əsas meyar kimi götürür. Buradan aydın şəkildə məlum olur ki, M. Əstərəbadiyə görə, hissə əsaslanmayan aksiom və diskursiv biliklər arqumet hesab olunmurlar.

Böyük İslam mütəfəkkiri Məhəmmədbaqir Sədr M. Əstərəbadinin idrak nəzəriyyəsində seçdiyi epistemoloji konsepsiyasi ilə Qərb dünyasında meydana çıxan “Hiss biliyin yeganə qaynağıdır” şüarını əldə əsas tutan hissi cərəyanlar ilə əlaqəsi barədə yazır: “…Beləliklə, biz aydın bir şəkildə Məhəmmədəmin Əstərəbadının fikirlərində, idrak nəzəriyyəsində “Hiss biliyin yeganə qaynağıdır” iddiasını rəhbər tutan hissi cərəyana meyl etdiyinin şahidi oluruq. Buna görə də, biz əxbarilik hərəkatını elmi-İslami təfəkkür sahəsində fikri irsimizə hissi cərəyanın nüfuz etmə məcralarından biri kimi hesab edə bilərik. Əxbarilik hərəkatı təmsil etdiyi hissi cərəyanla avropa fəlsəfəsində Con Lokk (1632-1704)  və Devid Yumun vasitəsi ilə (1711-1776) meydana çıxan fəlsəfi hissi cərəyanı zaman etibarilə qabaqlamışdır. Məhəmmədəmin Əstərəbadinin vəfatı təqribən Con Lokkun vəfatından yüz il qabaq olub. M. Əstərəbadini avropa fəlsəfəsində hissi cərəyana zəmin yaradan Frensis Bekonun (1561-1626) müasiri saya bilərik. Hər halda, əxbarilik hərəkatı ilə avropada yaranan empirizm və hissi cərəyanlar araslnda aydın bir fikri kəsişmə mövcuddur. Beləliklə, onların hamısı ağıla hücum edərək, onun hissə əsaslanmadığı təqdirdə idraklarının dəyərini inkar ediblər. M. Əstərəbadinin hissdən mütəqil olan əqli biliyə qarşı hərəkatı eyni ilə hissi fəlsəfələrin avropanın fikri tarixində təsbit etdiyi nəticələrə gətərib çıxarmışdır. Çünki bu hərəkat nəticə etibarilə öz yalnış konsepsiyasına görə inanclıların Allahın varlığını isbat etdikləri bütün əqli dəlillərə qarşı çıxmışdır. Çünki o dəlillər hissdən asılı olmayan əqli idrak çərçivəsində yerləşir”. Daha sonra bildirir ki, əxbarilik hərəkatı idrak nəzəriyyəsində hissi konsepsiyanın tərəfdarı olmasına baxmayaraq, avropanın hissi fəlsəfi hərəkatları kimi materializmlə nəticələnmədi. Çünki motivlər və şəraitlər fərqli idi. Hissi cərəyanlar ağılı təcrübəyə görə, əxbarilik cərəyanı isə ağılı dinə görə kənara qoydular. Buna görə də, əxbarilik cərəyanının dini inkar etməsi mümkün deyildi. Ancaq buna baxmayaraq, əxbarilik cərəyanı daxili bir paradoksa məhkumdur. Belə ki, əxbarilər bir tərəfdən, şəriəti yeganə bilik qaynağı kimi göstərmək üçün ağıla hücum etdilər, digər tərəfdən isə dini inamları isbat etmək üçün ağıla əsaslandılar. Çünki Allah və dini vəhy vasitəsilə isbat etmək mümkün deyil. Əksinə, onları yalnız ağıl vasitəsi ilə sübut etmək lazımdır.

6. Qərb dünyasında əqli biliyin inkar edilməsinin nəticəsi  

Qərb dünyasında, yeni əsrdə Allahı sübut edən dəlillər şübhə altına alındığından, dindarlar Allahı isbat etmək üçün digər alternativlərin ardınca getməli oldular. Məsələn, Kant Yumdan sonra bu qənaətə gəldi ki, nəzəri əqlin yolu bağlı olduğuna görə Allahı yalnız əməli əql ilə isbatlamaq olar. O, bu məqsədlə etika sübutunu ortaya qoydu. Kantdan sonra, onun etika sübutu da şübhə altına alındı. Şlayermaxer kimi insanlar iddia etdilər ki, Allahı tanımağın yolu nə nəzəri əqldən, nə də əməli əqldən keçir. Əksinə, yol təkcə insanın daxili təcrübəsidir. Axırda iş o yerə çatdı ki, Nitsşe kimi çılğın bir filosof Allahın öldüyü iddiasını ortaya ataraq bildirdi ki, bəşəriyyət bundan sonra təkamülə nail olmaq istəyirsə, Allahı kənara qoymalıdır. Bu təfəkkürün nəticəsi bu günkü Qərb hesab olunur.