Ruhun cinsiyyəti varmı?

Fəlsəfədə mübahisəli mövzulardan biri də ruhun cinsiyyətə malik olub-olmamasıdır. Belə ki, bəziləri iddia edirlər ki, ruhun cinsiyyəti yoxdur, nə kişidir, nə də qadın. Kişilik və ya qadınlıq fiziki bədənə aiddir, ruhda isə belə bir xüsusiyyət yoxdur. Bu iddianın əksinə olaraq rəqib tərəf hesab edir ki, ruhun cinsiyyəti var, yəni ortada kişi ruhu və qadın ruhu var. Demək, ruh rəngsiz, surətsiz, cinsiyyətsiz deyil: ya kişi rəngi ilə boyalıdır, ya da qadın rəngi ilə. Onu da qeyd edim ki, kişilk və ya qadınlıq dedikdə bioloji, fizioloji xüsusiyyət nəzərdə tutulmur. Cinsiyyəti təkcə biloji anlamada qavramaq yanlışdır. “Cins(sex) ilə “cinsiyyət kimliyi (gender)”ni bir-birindən ayırmalıyıq. Birinci bioloji, fizioloji, ikinci isə psixolojidir. “Gender” adamın cinsiyyət kimliyini təyin edir: qadın kimliyi, yoxsa kişi kimliyi. Bu əsasla, “gender” qadın və kişinin zahiri bədənindəki biloji quruluşları ifadə etmir. Bu, onun cinsiyyət kimliyini ifadə edən bir termindir. Deyilənlərdən aydın olur ki, iki cür insan var: “kişi insan” və “qadın insan”, baxmayaraq ki, hər ikisi də insandır.
Zənnimcə, ruhunun cinsiyyəti var, biz ruhları kişi və qadın olmaqla iki yerə ayıra bilərik. Fəlsəfədə bu müddəanı təsdiqləyən ciddi dəlillər var. İlk olaraq gəlin, deyilən müddəanı məntiqiləşdirmək üçün, belə bir zehni eksperimenti nəzərdən keçirək: Məsələn, fərz edin, bir ana dünyasını dəyişir və axirətə köçür. Ana ölərkən azyaşlı bir körpəsini arxada buraxır. Fərz edək, uşaq qəddar bir adamın əlinə düşür və o da hər gün ona olmazın əziyyətlər verir. Yenə fərz edək ki, Allah ananı bu səhnədən xəbərdar edir. Burada belə bir sual yaranır: Əgər ruhun cinisyyəti yoxdursa və həmin ana fiziki bədənindən təcrid olunduğuna görə qadın cinsinə daxil deyilsə və nəticədə analıq da qadın cinsinə aid bir xüsusiyyətdirsə, bu zaman həmin ana ona göstərilən səhnə qarşısında nə kimi bir reaksiya göstərə bilər? İntuisiyalarımız bu barədə nə deyir? Siz necə düşünürsüz, sizcə, ana bu səhnəyə görə ruhən narahat olacaq, acı çəkcək, yoxsa, bunu tamamilə adi qarşılayacaq və həmin körpəyə ana bağlılığını duymayacaq? Zənnimcə, bu eksperimenti zehnində canlandıran hər bir adam intuisiyasının tələbinə əsasın hökm edəcək ki, ana qeyd olunan səhnə qarşısında narahat olacaq, körpəyə olan analıq bağılığı onu ruhən acı çəkməyə sövq edəcək.

İndi isə gəlin, müddəanın lehinə olan sadə bir arqumenti nəzərdən keçirək:

1. Məlum olduğu kimi, hər bir insanın bir kimliyi var.
2. Kimlik bir fərdin “kim” olmasını ifadə edən bir gerçəkdir. (Buna “gender” deyilir və insanın biloji və fizioloji tərəflərini ifadə etmir.)
3. İnsan öldükdən sonra kimliyini əldən vermir. Belə ki, dünyada hansı kimliyə sahib idisə, ölümdən sonrakı dünyada da həmin kimliyə sahib olacaq. Yoxsa, məsələn, Sabir öldükdən sonra, daha özü ola bilməz. Özü ola bilməsi üçüngərək öz kimliyi olduğu kimi sabit qalsın.
4. Qadın və ya kişi hər biri bir insan olaraq özünəməxsus bir kimliyi vardır: qadın kimliyi və kişi kimliyi.
5. Məlum fəlsəfi və dini dəlillərə əsasən, Axirət həyatı maddi-fiziki həyat olmadığından, orada hansısa biloji, fizioloji xüsusiyyəti özündə daşıyan cinsiyyətdən söz açmaq olmaz.
6. Deməli, bir qadın dünya həyatında hansı kimliyə sahibdirsə, axirət həyatından sonra da eyni kimliyə sahib olacaq. Bu kimlik onun cinsiyyətini (gender) ifadə edən bir gerçəkdir. Ruhun cinsiyyəti var dedikdə, məqsədimiz bu mənada olan cinsiyyətdir- kimlik cinsiyyəti. Bu əsasla, qadın dünyada hansı kimlik cinsiyyətinə sahib idisə, axirətdə də eyni kimlik cinsiyyətinə sahib olacaq. Həmçinin kişilər də bu qəbildəndir. Belə ki, dünya həyatındakı kimlik cinsiyyətləri olduğu kimi qalacaqdır.

Oxşar yazılar
Fəlsəfə bir ev kimi
Dostluq üzərinə fəlsəfə
Təkqaynaqlı olma, yoxsa ilk özünü inkar etməli olacaqsan (Etüd)
Çağdaş fəlsəfənin düyünaçması və düyüngöstərməsi