Ağılın iki fərqli funksiyası

Bir çoxlarımız hələ də ağıldan istifadə edərkən, onun neçə funksiya daşıdığını bilmirik. Dəfələrlə bunun şahidi olmuşam ki, insanlar (istər alim, istərsə də qeyri-alim) həm yazılarında, həm danışıqlarında ağılın iki fərqli funksiyasını bir-birindən ayıra bilmirlər. Bəzən olur ki, birini o biri ilə səhv salırlar, birinin daşıdığı xüsusiyyəti digərinin üzərinə yükləyirlər.

Bilməliyik ki, ağılın iki fərqli funksiyası var:
1. Bilik qaynağı;
2. Mətni anlama vasitəsi.
Bəzən insan ağıldan bir bilik qaynağı kimi istifadə edir, yəni necə ki, insan öz beş duyğu orqanlarından istifadə edərək ətrafındakı xarici aləm barədə bilik əldə edir, hebelə, öz ağılından istifadə edərək obyektiv aləmlə əlaqədar bir sıra biliklər kəsb etməyə başlayır. Məsələn, “Hər bir nəticə müəyyən bir səbəbə ehtiyac duyur”, “Vahid bir şey eyni zamanda həm var, həm də yox ola bilməz”, “Əzəli olan varlıq əbədi də olacaqdır” və s. bu kimi əqli biliklər. Məntiq, fəlsəfə, riyaziyyat, həndəsə və bu kimi əqli elm sahələri ağılın bu funksiyasının məhsulu hesab olunurlar.

Bəzən isə insan ağıldan “mətn”i anlama vasitəsi kimi istifadə edir. Məsələn, insan bir ədəbi kitab və ya bir şer oxuyarkən cümlələr arasında əlaqələndirməni, cümlənin əvvəli ilə axırı arasındakı rabitəni, müəllifin təqib etdiyi hədəfi sezməsi, mətnin ifadə etdiyi mesajları, mətnaltı mənaları və s. bu kimi gerçəkləri ağılı ilə dərk edir. Burada insanın ağılı bilik qaynağı kimi çıxış etmir, əksinə, bu məqamda insan ağılı mətni anlama vasitəsi kimi çıxış edir.

Bir gün fəlsəfə dərsində müəllimə ağılın bu iki funksiyası barədə danışdım və müəllimin ağıla qarşı olanlara tənqid olaraq səsləndirdiyi “Ağılı qəbul etmədən dini mətnə (Quran və sünnə) daxil olmaq olmaz”- müddəasına irad olaraq bildirdim ki, müəllim, bu, mümkündür, ağıla qarşı olanlar ondan bilik qaynağı kimi istifadəni qəbul etmirlər, ancaq mətni anlama vasitəsi kimi ondan istifadə edirlər. Müəllim isə mənə qayıtdı ki, belə bir ayırım yoxdur, bəs o zaman mən nə üçün bunu aksiom olaraq qəbul etmirəm?
Cavabında dedim ki, müəllim, Qərbdə bu ayırım artıq məqbul hesab olunur. Bizik ki, elm və inkişaf karvanından geri qalmışıq. Əfsuslar olsun, biz aksiom sayılan ağılın bu iki funksiyasını aksiom olmamaqda ittiham edirik hələ də.

Oxşar yazılar
Ruhun cinsiyyəti varmı?
Kainatın sonsuzluğuna dair sadə bir dəlil
Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram
Fəlsəfə bir ev kimi