Allah bilirsə, bu, insanın seçiminə müdaxilə etmək anlamına gəlmirmi?

Cavab:
Bax, əslində, məsələ sadədir, yəni Allahın nəyisə bilməsi, kiminsə pis və ya yaxşı olacağını bilməsi və s. bu kimi şeylər – bunların heç biri nə Allahın elmi ilə ziddiyyət təşkil edir və nə də hansısa bir problem yaradır.
Bax, bir örnək verim: Fərz elə, “X” düz yolla gedir və qarşıdan sola dönəcək öz seçimi ilə, heç bir kənar müdaxilə, basqı, təzyiq olmadan.
Bax, indi, burada iki cür fərz təsvir edə bilərik: ya Allah bunu bilir, ya da bilmir. Üçüncü fərz yoxdur…
İndi, məsələ ondadır ki, Allah bunu bilsə də, bilməsə də, “X” qarşıdan sola dönəcəkdir. Nədən? Ona görə ki, burada azad seçim var, kənardan müdaxilə yoxdur ona qarşı. İndi, biz durub iddia edirik ki, Allahın bunu bilməsi X-in qarşıdan sola dönməsini zəruriləşdirir. Bax, bu önyarğı əslində yanlışdır.
Bax, biz qəbul etməliyik ki, Allahın bilib-bilməməsi insanın azad seçiminin qarşısını almır. Yəni sadə desək, Allahın bunu bilməsi, yəni X-in qarşıdan sola dönməsini bilməsi Onun suçu deyil, axı, Allah nə etsin ki, bunu bilir… Axı, bilmək suç deyil, suç olan odur ki, kənardan X-in sola dönməsinə müdaxilə etsin… Bax, problem yaradan da məhz budur.
İndi, Allahın öncədən nəyisə bilməsi Onun problemi deyil, bu, reallığın tələbidir. Allahın elmi heç bir zaman kənar müdaxilə, basqı anlamına gəlmir. Bunu kimsə isbatlaya bilməz. 

Zənnimcə, problemin çözümü aşağıdakı iki cümləni bir-birindən ayırmaqda gizlidir:

  1. İnsan filan zamanda “X” əməlini edəcəyindən Allah onu bilir.
  2. Allah filan insanın filan zamanda “X” əməlini edəcəyini bildiyinə görə, həmin insan “X” əməlini etmək məcburiyyətində olacaq.

Sadə dillə ifadə etsəm, mən filan vaxtda filan əməli görəcəyəm deyə, Allah onu bilir, nəinki Allah mənim filan vaxtda filan əməli edəcəyimi bildiyinə görə, mən məcbur qalıb onu etməliyəm. Zənnimcə, çoxları yuxarıdakı iki cümləni bir-birindən ayıra bilmir. Cəbrə səbəb olan 2-ci cümlədir, 1-ci cümlə yox. Deməli, əzəli elm məsələsində biz insandan Allaha doğru hərəkət etməliyik, əksinə yox… Əksinə hərəkət etdikdə, “cəbr” əmələ gəlir.
Burada bir nüansa da toxunum: İnsan azaddır, çünki Allah onun belə omasını iradə edib, yəni Allah iradə edib ki, insan azad olsun, insan istəsə də, azad olmaya bilməz. Yəni Allahın iradəsinin obyekti məhz insanın azad, özgür bir varlıq olmasıdır. Bu isə o deməkdir ki, insan azad olmaq zorundadır, azad olmaya bilməz.
Bu bir daha təsdiqləyir ki, insan öz seçimlərini kənar ilahi müdaxilə olmadan həyata keçirir, çünki Allah onun azad seçimli bir varlıq olmasını istəyib.
İndi, kimsə pis olursa və ya yaxşı olursa, bunu ilahi elmlə əlaqləndirmək məntiqi baxımdan yanlışdır.
Uzun sözün qısası, insanın azad olması, azad seçimli olması reallıqdan doğur və kənardan müdaxilə də yoxdur ona qarşı.

Oxşar yazılar
Allah öz işlərində hansısa həfədləri təqib edirmi- bir sual və üç fərqli yanaşma
İnsan dinə nələrdə ehtiyac duyur?
Nə üçün “şər” var?