Allaha isnad edilməsində zorlandığımız anlayışlar

Quranda bir çox nəsnələr Allaha isnad edilir ki, insanlar onları anlamaqda zorlanırlar. Məsələn, Allah azdırır, Allah qəlbləri möhürləyir və s. Bu kimi anlayışları necə anlayaq, necə yozaq? Zənnimcə, üç qayda işığında onları doğru şəkildə anlaya bilərik.

– Əxlaqi qayda: Allah kimsəyə zülm etməz və bütün işləri ədalət əsasındadır. (Həm əqli, həm də dini baxımdan bu qaydanı isbatlamaq olar.)

– Fəlsəfi qayda: Varlıq aləminə hakim olan ümumi qanunlardan biri də səbəb-nəticə qanunudur, belə ki, varlıq aləmində nə baş verirsə ya səbəbdir, ya da nəticə. Elə bir nəsnə və ya olay tapmaq olmaz ki, nə səbəb olsun, nə də nəticə. Deməli, varlıq aləmində hər nə baş verirsə, ya səbəb kimi, ya da nəticə kimi çıxış edir.

– Teoloji qayda: Bu qayda tövhid dünyagörüşündən qaynaqlanır. Yəni tövhidə görə, varlıq dünyasında yeganə müstəqil varlıq Allahdır. Allahdan qeyrisində müstəqillik yoxdur, hər nə varsa, asılıdır və bütün malik olduqlarını Ondan alır. Odur ki, insana isnad edilən işlər Allaha da isnad edilir, ona görə ki, mənşə, qaynaq Odur. Allah öz müstəqilliyini, hər bir nəsnədə mənşənin özü olduğunu bildirmək üçün insana isnad edilən işləri özünə də isnad edir.

İndi isə gəlin, adıkeçən üç qayda işığında, məsələn, “Allah azdırır” cümləsini təhlil edək. Əxlaqi qaydaya görə, Allah ədalətlidir, heç bir zaman kiməsə zülm etməz, deməli, Allahın azdırması zülm anlamında deyil. Fəlsəfi qaydaya gəlincə, bu qayda bildirir ki, Allah varlıq aləmində həm fiziki dünyaya, həm də metafizik dünyaya aid səbəb-nəticə qanununa əsaslanan sistemlər yaradıb. Məsələn, şüşəni elə yaradıb ki, ona bərk bir maddə dəydikdə sınmalıdır. Həmçinin, insanın mənəvi dünyasını elə yaradıb ki, pislik etməklə haqq yoldan azır, sapır. Deməli, Allahın azdırması səbəb-nəticə qanununa tabedir, yəni insan öz azad seçimi, iradəsi ilə nəsə edir ki, Allah onu azdırır. Əks təqdirdə, Allah onu azdırmazdı. Teoloji qaydaya əsasən, aydın olur ki, nə üçün “azdırma” sözü Allaha isnad edilir. Ona görə ki, bu sistemi yaradan Odur. Adıkeçən sözü özünə isnad etməsi isə məhz özünün müstəqil və mənşə olmasını bildirmək üçündür. Gəlin, bunu bir az açaq. Məsələn, fərz edin, əlimdəki daşla şüşəni sındırıram. Deməli, şüşəni sındıran mənəm. Lakin biz burada sındırmanı Allaha da isnad edib bu cür deyə bilərik: Allah sındırdı. Nədən? Çünki bu fiziki sistemi yaradan Odur, biz deyilik. O, müsəqildir, biz isə asılı. Sadəcə olaraq, burada sındırmanı Ona isnad vermək işi edənin məhz Onun olduğunu bildirmək üçün deyil, əksinə, Onun, sınma felinin həyata keçməsi üçün lazım olan fiziki sistemi yaratmasını bildirmək üçündür. Sadə desək, “Allah sındırdı” cümləsi o deməkdir ki, Allah səbəb-nəticə qanununa əsaslanan xüsusi sistem yaratdığı üçün sınma, sındırma felləri ortaya çıxıb. Əgər O, belə bir sistem qurmasaydı, qeyd olunan fellər həyata keçməyəcəkdi.

Bu əsasla deyə bilərik ki, “Allah azdırır” cümləsi də bu qəbildəndir. Yəni Allah səbəb-nəticə qanununa tabe olan xüsusi metafizik bir sistem yaratdığından kimlərsə həmin səbəbləri gördükdə nəticələr doğur. Demək, bir adam pislik edirsə, haqq yoldan azacaqdır və özünü azıdıracaqdır. Deməli, azdırmanı Allaha da isnad etmək olar, necə ki, sındırmanı Ona isnad edirdik. Çünki hər iki halda məntiq eynidir.

Nəticə: Əxlaqi qaydaya görə, Allah kimsəni azdırmır. Fəlsəfi qaydanın tələbinə görə, azdırma feli Allaha isnad edilməlidir, ona görə ki, varlıq aləmində səbəb-nəticəyə əsaslanan fiziki və metafizik sistemləri Allah yaradıb. Teoloji qayda isə bizə bu gerçəyi aşılayır ki, azdırma felinin Allaha isnadı sadəcə olaraq Onun müstəqil, mənşə olduğunu bildirmək üçündür. Yəni Allah o sistemi yaratmasaydı, insan azmazdı, özünü azdırmazdı. Saff sürəsinin 5-ci ayəsi yuxarıda deyilənləri bir daha təsdiqləyir: “…Elə ki, onlar sapdılar, Allah onların qəlblərini sapdırdı.” Ayə açıqca bildirir ki, insan öz azad seçimi ilə sapır, Allah kimsəni sapdırmır zorla, çünki əxlaqi qaydaya görə, O, heç vaxt zülm etməz kiməsə. Demək, Allahın sapdırması zülm anlamında deyil. Sapdırma feli Allaha isnad edilirsə, bu, ona görədir ki, əvvəla, ortada səbəb-nəticə qanunu var, ikinci olaraq, O, belə bir sistemi yaradıb və üçüncü olalaraq, müstəqil və mənşə olduğunu bildirmək üçün bu kimi ifadə formasından istifadə edir.

Oxşar yazılar
Quranın dili
“Cihad”- təhrifə məruz qalmış Quran ifadəsi
Quranın əxlaq sistemini necə anlayaq?!
Quranın möhkəm mətni