Bir nihilist düşüncəyə cavab

Bəzən acı olsa da, toplum içərisində nihilist düşüncələrin izlərinə rastlamaq olur. Onlardan birini burada təhlil etmək istərdim. Gəlin, görək nə deyirlər, iddiaları nə qədər möhkəmdir. Bu düşüncənin daşıyıcıları deyirlər ki, insanlar – istər dindar olsun, istərsə də qeyri-dinar- qorxaq olduqları üçün inanclarına (məsələn, dini inanclar və s.) şübhə edə, şəkk edə bilmirlər. Əgər onlar inanclarına bir müddət şübhə etməyə başlasalar, bu durum onlarda adiləşsə, görəcəklər ki, qorxulu bir şey yoxdur və inanmamağa başlayacaqlar.

Sizcə, bu düşüncə nə qədər əsaslı bir düşüncədir? Belə bir fikiri müdafiə etmək nə qədər məntiqli nəzərə çarpır? Məncə, belə bir nihilist düşüncə ilə heç bir zaman barışmaq mümkün deyil. Aşağıda bəzi mülahizələrimi qeyd edirəm:
1. Şübhə etmək üçün dəlil, əsas olmalıdır. Durduq yerdə, heç bir dəlil olmadan, şübhə etmək məntiqli iş deyil. Bəli, dəlilin, əsasın, sübutun varsa, buyur, şübhə et və dəlillər axtarışına çıx və sonucda, bir qənaətə gəl: ya müsbət, ya da mənfi. Əsas olan odur ki, şübhə edə bilmək üçün dəlilin, sübutun olmalıdır. Əks təqdirdə, gördüyün iş məntiqsiz, ağılsızdır. Ağıllı adam belə bir iş tutmaz.
2. Bir şeyin haqq, doğru, gerçək, həqiqət olması sübutla isbatlanıbsa, daha ona şübhə, şəkk etmək olmaz. İsbatlamaq o deməkdir ki, ona şübhə etmək olmaz, o deməkdir ki, mən artıq ona şübhə etmirəm. İndi, durub, şübhə etsəm, deməli, aydın olur ki, isbatlamamışam. Əgər isbatlımışamsa, deməli, şübhəm də yoxdur. Məsələn, mənin üçün 2+2=4 dürsə, onda necə ona şübhə edə bilərəm və özümü inandıra bilərəm ki, cavab “4” deyil, “5”dir?! Mən filan kəsin atam olduğunu bilə-bilə, necə onun atam olmadığına şübhə edə bilərəm?! Hər hansı bir şeyin doğru olduğunu mən isbatlamışamsa, deməli, mənim ona şübhəm də yoxdur. Odur ki, bir şeyi isbatlamaqla ona şübhə etmək bir araya sığa bilməz. Kimsə bu kimi durumlarda şübhə etsə, məlum olur ki, normal adam deyil.
3. Tutaq ki, mən heç bir dəlil, sübut olmadan özümü məcbur edib, inandırdım ki, şübhə etməliyəm- filan məsələ yalnışdır və s. Sonucda, məndə belə bir psixoloji durum yaranmağa başladı ki, həmin şey yalandır. Yaxşı, indi mən soruşuram: Bir müddəa, inam barədə qorxum adi bir duruma çevrilirsə, bu, o müddəanın, inamın batil, yalnış olduğuna dəlalət edirmi?! Tutaq ki, sənin qorxun adiləşdi, rahatca şübhə etməyə başladın. Bu zaman görəsən, məntiqi baxımdan bu, o deməkdir ki, o müddəa, inam batildir, yalnışdır?! Əlbəttə, sualın cavabı bir mənalı olaraq mənfidir. Elə bu sualı bizə ünvanlayan nihilist adamın xarici varlığı barədə, mən əgər özümü inandırsam və şübhə etsəm ki, belə bir adam əslində xarici aləmdə yoxdur, sadəcə olaraq bir xəyaldır, bu zaman o adamın xəyal, yalan olmasını nəticə alsam, bu, nə qədər məntiqli, ağılabatan nəzərə çarpacaq? O adamın özü bu nəticəyə təslim olacaqmı? İki hal var: ya təslim olacaq ki, bəli, sənin nəticən düzdür və mən isə yoxam. Yaxşı, onda mən də belə nəticə alacam ki, sənin bu iradın da əslində özün kimi yoxdur, yalandır. Sənin bu məntiqinə görə, mən də özümü inandırıram ki, sənin bu iradın batil, yalandır. Ya da ki, bu adam alınan nəticəyə təslim olmayacaq və deyəcək ki, sənin nəticən yalnışdır. Bu durumda da, bu adam öz məntiqindən boyun qaçıracaq və məlum olacaq ki, öz iddiası, iradı da əvvəldən batıl imiş.
4. Sonda isə o adamın öz məntiqindən çıxış edərək, bizə tövsiyə olaraq dediyini özünə ünvanlayırıq: “Siz qorxaq olmadığınızı görsədin, inanmadıqlarınıza şübhə və ya şəkk edib onun var olmağı haqqda düşünün, əgər onda, sizin dediyiniz kimi, siz bu cür etsəniz, inanmağa başlayacaqsınız, görəcəksiz ki, iradınız boş bir cəfəng imiş.

Oxşar yazılar
Sübutun dəyəri özünə görədir.
Yuxu, yəni qurtuluş
Ağılın iki fərqli funksiyası
Səbəb nədir, nəticə nədir?