Cəmiyyətdə sağlam tənqidi necə formalaşdırmalı?

  1. Tənqid necə olmalı və xeyiri varmı?

– Əvvəla, qeyd edim ki, tənqid insani bir hadisədir. İnsan var olandan bəri, tənqid də olmuşdur. İnsanlıq tarixində elə bir toplum göstərmək olmaz ki, orada tənqid olmamış olsun. Odur ki, təndiq zəruri, qaçılmaz bir nəsnədir, ona görə ki, tənqid dəyərləndirmə, yanlışı doğrudan ayırd etmək deməkdir. Əfsuslar olsun, bir çoxları tənqidlə təhqiri bir-birindən ayıra bilmirlər. Bu mənada, tənqid həmişə müsbət məna yükünü özündə ehtiva edir. Tənqidin necə olması ilə bağlı sualınıza keçməzdən öncə, tənqidlə bağlı iki fərqli yanaşmanı təfsilatına varmadan qeyd etmək istərdim. Adətən, tənqidə iki cür fərqli yanaşma var: Maksimal yanaşma və minimal yanaşma. Maksimal yanaşma ardıcılları hesab edirlər ki, xoşbəxt, harmonik bir cəmiyyət qurmaq istəyiriksə, bu vaxt bütün sahələrdə (ictimai, elmi, mədəni, incəsənət, ədəbiyyat, siyasət, iqtisad, fəlsəfə, dini düşüncə və s.) tənqid əsas olmalıdır. Çünki tənqid, əvvəla, cəmiyyətdə biliyi balanslaşdırır, daha kimsə bilik diktatorluğu ilə məşğul ola bilmir, ikincisi, cəmiyyətdə düşüncə sahəsində rəqiblər yaranmağa başlayır və üçüncü olaraq isə, tənqid bütün sahələrdə inkişaf və tərəqqi edə bilmək üçün münbit şərait yaradır. Bir sözlə, maksimal yanaşma pozitiv mövqe sərgiləyərək, daim tənqidə açıq olmağın vacibliyini müdafiə edir. Minimal yanaşmaya gəlincə, onun tərəfdarları hesab edir ki, tənqid qaçılmaz, müsbət bir hadisə olsa da, onu təkcə istisna hallarda həyata keçirmək lazımdır. Bacardığımız qədər uzaq durmalıyıq tənqiddən. Əgər nə vaxtsa kimisə və ya nəyisə təndiq etmək istəsək, bunu həm ehtiyatla, həm də çoxsaylı şərtlər çərçivəsində etməliyik. Minimal yanaşma təndiq hadisəsinə münasibətdə neqativ mövqe sərgiləyir. Ona görə də, bu yanaşmanın tərəfdarları tənqidi çox vaxt təxribat, zorakılıq, düşmənçilik, hücum, eybləri açmaq, biabır etmək kimi qələmə verirlər.

İndi isə keçək, tənqidin necə olmasına. Tənqidin sağlam və uğurlu həyata keçə bilməsi üçün aşağıdakı şərtlərə riayət edilməlidir:

  1. Əvvəla, tənqidçi müddəanı təyin etməli, bundan sonra isə o müddəanın lehinə olan sübut və ya sübutları bir-bir incələməli və sorğulamalıdır.
  2. Tənqidçi “müddəa” ilə “sübut” bir-birindən ayırmalıdır və bildirməlidir ki, hansı biri ilə müxalifdir. Çünki bəzən olur, insan hansısa bir müddəanı qəbul edir, ancaq onun lehinə göstərilən sübutlarla razılaşa bilmir. Məsələn, fərz edin, biri “Allah vardır” müddəasını qəbul edir, amma o müddəanın lehinə gətirilən filan sübutla razılaşa bilmir. Bəli, əgər müddəanı qəbul etməsə, bu vaxt həmin müddəanın ziddini isbatlamalı olacaqdır.
  3. Tənqid zamanı “niyyət”lə “təndiq olunan müddəa”nı bir-birindən ayırmalıyıq. Bu, o deməkdir ki, mən tənqidimi düşüncə və ya davranışa yönəltməliyəm, düşüncə və ya davranış sahibinə deyil. Odur ki, düşüncə və ya davranış sahibinin yaxşı adam olmasından düşüncə və ya davranışının tənqiddən sığortalanmasını nəticə ala bilmərik.
  4. Tənqidçi kimisə və ya nəyisə tənqid edərkən, onun dəlil və sübutlarını qeyd etməklə tənqid etməlidir. Bu isə o deməkdir ki, dəlilsiz, sübutsuz kimisə və ya nəyisə tənqid etmək doğru deyildir. Obyektiv tənqid sübutmərkəzli olmalıdır.
  5. Tənqid, öncədən qeyd etdiyimiz kimi, dəyərləndirmə olduğundan, həmişə müddəanı rədd etmək anlamında deyil. Buna görə də, yaxşı olar ki, təndiq olunan nəsnə və ya olayın mənfi tərəflərini qeyd etməklə yanaşı müsbət tərəflərinə də işarə edilsin.
  6. Hanısa bir düşüncə və ya davranış tənqid olunursa, bununla yanaşı, alternativ həll yolları da təqdim olunmalıdır. Çünki tənqid yanlışla doğrunu bir-birindən ayırd etməkdirsə, bu vaxt biz doğru olanı da bir alternativ çıxış yolu kimi qeyd etməliyik.

Hesab edirəm ki, yuxarıda deyilənlərdən tənqidin xeyiri də aydın olar oxucular üçün.

  1. Cəmiyyətdə sağlam tənqidin formalaşması üçün hansı addımlar atılmalıdır?

Zənnimcə, bu məsələdə çıxış yolu təkcə maarifləndirmədədir. İnsanlar maarifləndirilməsə, heç bir zaman sağlam tənqid ənənəsi formalaşmayacaq cəmiyyətdə. Bütün vətəndaşlar, dövlər orqanları da daxil olmaqla, əl-ələ verib, bu istiqamətdə əlindən gələni etməlidirlər. Bu istiqamətdə tənqidin qaydalarından, şərtlərindən, mədəniyyətindən söz açmaq olar. Bir toplumda nə qədər tolerant və plüralist insanlar çoxalarsa, bir o qədər sağlam tənqidin formalaşması üçün imkan yaranar. Əxlaqi dəyərlərin cəmiyyətdə insanlara aşılanması da buna yardım edə bilər. Onu da qeyd edim ki, cəmiyyətimizdə nə qədər fəlsəfəsevər, məntiqsevər adamlar çoxalarsa, nə qədər fəlsəfə oxuyan, məntiqlə məşğul olan adamlar artarsa, nə qədər bu iki elm sahəsində kitablar və yazılar yazılarsa, seminarlar və debatlar keçirilərsə, bir o qədər sağlam təndiqin formalaşması üçün münbit bir zəmin yaratmış olarıq.

  1. Tənqidin əxlaqi cəhətdən kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edilməsi barədə nə deyə bilərsiz?

Qeyd edim ki, kimsə tənqiddən sığortalanmayıb. Odur ki, tənqidin obyekti və ya müxatəbi barədə ayrı-seçkilik etmək doğru olmazdı. Müəyyən obyektiv səbəblərdən dolayı tənqidin zamanını təxirə salmaq olar. Tənqidin hansı niyyət və məqsədlə həyata keçməsinə gəlincə, onu deyə bilərəm ki, tənqid həqiqət və haqq naminə edilməlidir. Niyyət islahat, doğrunu göstərmək, məqsəd isə fərd və cəmiyyəti tərəqqiyə doğru aparmaq olmalıdır.