Çağdaş fəlsəfənin düyünaçması və düyüngöstərməsi

1.

Fəlsəfə ölməyib, sadəcə olaraq iqtidarı kiçilməklə yanaşı, dərinləşib. İnsanin idrakı təkcə onun hissləri ilə məhdudlaşmır və hissi təcrübə bəşəri biliyin yeganə qaynağı deyil. Empirik elmlər- heyrətləndirici inkişafına baxmayaraq, bir sıra insani sualları cavablandırsa da, fundamental suallara cavab hiss və təcrübənin, empirik elmin əhatə dairəsindən kənardır.

Şübhəsiz, fəlsəfə empirik elmlərin yeni nailiyyətlərini görməməzlikdən gələ bilməz. Bəşərin, kainat və onun strukturu barədə dərki onun fəlsəfi təfəkkürünü təshih etmədə təsirlidir. Ancaq fəlsəfəni fizika səviyyəsinə endirmək də doğru bir iş deyil. Məntiqi pozitivizm və qeyri-elmi müddəaların mənasız kimi qələmə verilməsi məğlubiyyətə məruz qalan bir fəlsəfi yanaşmadır. “Fəlsəfə ölüb” nəzəriyyəsi bu xəstə fəlsəfi yanaşmanın ölü övladıdır. Fizikanın materiya aləminin sərhədlərindən xaricdəki iddiaları etibarsızdır.

2.

Fəlsəfə- rasional izah fənnidir. Sual etmək fənni- insanın ən əsas idraki ehtiyaclarından biri hesab olunur. Fəlsəfə varlıq barədə sualdır: varlıq və yoxluq, varlıq və mahiyyət, zərurət və mümkünlük barədə ən ümumi suallar deməkdir. Fəlsəfə ən azı, iki əsas hissədən, bölmədən ibarətdir. Biri digər elmlərin əhatə dairəsini təyin edib, onların fəlsəfəsini izah etməkdən ibarətdir; Empirik elmlərin fəlsəfəsi, ictimai elmlərin fəlsəfəsi, dil fəlsəfəsi, tarix fəlsəfəsi, əxlaq fəlsəfəsi, hüquq fəlsəfəsi, incəsənət fəlsəfəsi, siyasət fəlsəfəsi, idman fəlsəfəsi, din fəlsəfəsi və s. Fəlsəfənin bu sahəsi keçmişə baxanda, daha güclü, dolğun, dinamik və təravətlidir.

Fəlsəfənin bu sahəsi, nəinki keçmişdəkindən daha aktiv, geniş və dərindir, həm də demək olar ki, çağdaş insanın ən inkişaf etmiş elmlərindən biri sayılır. Bu sahələr bəşər üçün çoxsaylı yeni suallar ortaya qoymuş, bəzi suallara daha dərin cavablar vermiş, bəzi sualların cavabında isə bəşəri elmin məhdud və aciz olduğundan xəbərdar olmuşdur.

Fəlsəfə təvazükardır – bilmədiyi və bilməkdə aciz olduğu şeyləri etiraf edir. Buna görə də, yalançı elmi qürur xəstəliyinə daha az yoluxmuşdur. Ağıllı kainat səhnəsində tənqidçi rasionalizm gözəl şəkildə parıldayıb. Fəlsəfə bu səhnədə nəinki ölüb, əksinə, keçmişdəkindən də daha aktiv şəkildə yeni suallar yaratmqadır. Tənqid və izah edir və öz təravətli rasional həyatını davam etdirir.

3.

Fəlsəfənin digər sahəsi isə metafizikadır: Haradan gəlmişik, haraya gedirik və nə üçün gəlmişik barədə sual, həyat və ölüm barədə sual, Allah və ölümdən sonrakı həyat barədə sual, xoşbəxtlik və bədbəxtlik barədə sual kimi. Bu sahə modern dünyada bəzi rəqiblərlə üz-üzədir və hər iki tərəfdən də nəfəsalıcı mübarizə davam edir. Metafizikanın müdafiəçiləri və inkarçıları bu sahənin təravətini artırıblar. Fəlsəfənin bu sahəsi, onunla müvafiq və müxalif olan fəlsəfi dəlillərin qeyd olunmasına görə də, cazibəli və dinamik bir sahə hesab olunur.

Tanrı, metafizika və fəlsəfi ilahiyyatın ölümündən o zaman dəm vurmaq olar ki, Tanrı, metafizika və fəlsəfi ilahiyyatın müxalifləri səhnədə rəqibsiz hakimiyyəti ələ alıb Tanrı, metafizika və fəlsəfi ilahiyyatın müdafiəçilərini tərk-silah etmiş olsunlar. Əlbəttə, bu, metafizika, fəlsəfi ilahiyyat və Tanrı müxaliflərinin arzusudur. Ancaq indiyəcən həyata keçməyib. Bu, mənim fəlsəfi məlumatlarıma görə, uzaq gələcəyə qədər də baş verməyəcək.

4.

Buna görə də, deyə bilərəm, fəlsəfə indiki çağda nəinki öz izah funksiyasını qoruyub, həm də elmlərin fəlsəfəsi sahəsində bu funksiya dəfələrlə daha geniş, metafizik sahəsində isə daha məhdud, amma daha dərin, daha realist olmuşdur.

Bu günkü insan hələ də fəlsəfə və fəlsəfələməyə ehtiyaclıdır, çünki ağılın gövhərini ən mühüm insani xassə kimi özü ilə birgə daşıyır. Nə qədər ki, ağıl var, fəlsəfə və fəlsəfələmək də var olacaq, rasional sual və izah var olacaq. Çoxsaylı suallar var ki, hələ də cavab gözləməkdədirlər.

Fəlsəfə indiki çağda öz sual xarakterli mahiyyəti ilə bizə öyrədir ki, düyünlər haradadır, hansı öncəki suallar natamamdır və hansı düyünlər hələ açıla bilməz. Fəlsəfə hələ də epistemoloji və ontoloji düyünaçmalarında ilk sözü deyir. Elmlərin fəlsəfəsinin düyününü açmaqda da fəlsəfəyə müraciət etməkdən başqa çarə yoxdur. Metafizikanın düyününün açılması və göstərilməsində də fəlsəfə hələ iqtidarlıdır.

Bilmək, düşünmək və anlamamağın bir yandan ləzzəti var və bir elmi və ya fəlsəfi problemi çözməkdən daha yüksək nə ləzzət ola bilər ki? Digər yadan isə ,dərdi var. Nə qədər çox bilirsənsə, bir o qədər də dərd çəkirsən. Ancaq bu dərddən qaçış yoxdur, çünki adamın canına işləyib. Belə bir dərdi qəbul etmək, qarşılamaq gərəkir. Bu, insanlığın qiymətidir!

Çevirdi: Emin İmanlı   

 

Oxşar yazılar
Həqiqət həqiqətə zidd ola bilməz!
Dostluq üzərinə fəlsəfə
Bir nihilist düşüncəyə cavab
Kainatın sonsuzluğuna dair sadə bir dəlil