Dinə dair müddəaları ayırd etmə zərurəti

Bəzən dindarlar aşağıdakı iki müddəanı bir-birindən ayırd edə bilmirlər:

(1) Dini mətnlərdə (Quran və mötəbər sünnə) nə varsa, hamısı “həqiqət”dir.
(2) “Həqiqət” adlı nə varsa, hamısı dini mətnlərdə vardır.
Dindar birisinin əlində olan dəlillər ona təkcə birinci müddəanı (1) qəbul etmək icazəsi verir.
Amma onun ikinci müddəanı (2) qəbul etmək üçün əlində heç bir dəlili yoxdur. Əksinə, ikinic müddəanın yanlış olmasına çoxsaylı dəlillər göstərmək olar.
Dindar dindar olduğu üçün dini mətnlərdə mövcud olan biliklərin doğru olduğunu qəbul edir, çünki dindara görə din mötəbər bir bilik qaynağıdır və ona təqdim etdiyi biliklər içərisində “yalan” adlı heç nə yoxdur. Çünki həmin bilikləri bizə öz əmin elçisi vasitəsilə təqdim edən Allah həqiqət mənbəyidir və belə bir mənbədən isə əsla yanlış baş verə bilməz.
Ancaq dindar ikinci müddəanı (2) qəbul etmək məcburiyyətində deyil. Heç bunu edə də bilməz. Çünki adıkeçən müddəa dini mətnlərin ehtiva etdiyi biliklərlə uzlaşmır, başqa sözlə, “n” qədər həqiqət var ki, onların heç biri dini mətnlərdə gözə belə dəymir. Bu o deməkdir ki, dini mətnlər gerçəklikdə olan bütün həqiqətləri yox, əksinə, onların bəzisini özündə ehtiva edir. Bu, normaldır, çünki dini mətnlərin həcmi məhduddur, amma gerçəklikdə olan bütün həqiqətlərin sayı isə sonsuzdur. Sonlu mətn sonsuz həqiqətləri özündə ehtiva edə bilməz.
Əgər bunu qəbul etsək, bu zaman qəbul etməliyik ki, dini mətnlərdən kənarda da həqiqətlər var və bütün həqiqətləri dini mətndəkilərlə məhdudlaşdırmaq olmaz. Bu o deməkdir ki, dini olmayan həqiqətləri dini olmadığına görə inkar və ya rədd edə bilmərik. Həqiqət həqiqətdir. Həqiqəti dəyərli hesab ediriksə, bu, bütün həqiqətlər barəsində keçərlidir, bəzi həqiqətlər barədə yox.

Beləliklə, dindar birisi həm dini həqiqətlərə (Quran və mötəbər sünnədəki həqiqətlər), həm də qeyri-dini həqiqətlərə (bu iki qaynaqda olmayan həqiqətlər) dəyər verməli və nəticə etibarilə bu iki növ həqiqət arasında ayrı-seçkiliyə yol verməməlidir.

Oxşar yazılar
Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (2-ci hissə)
Ağır və yüngül dinə dair qeydlərim (1-ci hissə)
Tövhidə dair qeydlərim (1-ci hissə)
Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (1-ci hissə)