Din- əxlaqın sığortaçısı

1.

Əxlaq fəlsəfəsində belə bir tezis mövcuddur ki, cəmiyyətdə insanların əxlaqi normalara əməl etməsi üçün, onlar öncədən müəyyən dini müddəaları təsdiqləməlidirlər. Belə ki, əgər insanlar Allah və axirət gerçəyinə inanmasalar, bu zaman əxlaqi normalara əməl etməz və hər bir şeyi icazəli hesab edərlər. Dostoyevskinin sözü ilə desək, “Əgər Allah olmasaydı, hər bir şey icazəli olardı”. Bu yanaşmaya əsasən, əxlaqi dəyərləri, normaları mənimsəmək və onları öyrənmək onların cəmiyyətdə icra edilməsi üçün kafi sğorta hesab olunmur. Burada yalnız din faktoru bu sığortanı təmin edə bilər.

2.

Yuxarıda qeyd etdiyimiz yanaşma tərzi başqa bir formatda qədim Yunan fəlsəfəsində də müzakirə obyekti olmuşdur. Aristotel öz müəllimi Sokratın əksinə olaraq hesab edirdi ki, əxlaqi dəyərləri, normaları öyrənmək, bilmək onlara əməl etmək üçün yetərli şərt deyil. Çoxt vaxt insanlar bir işin səhv olduğunu bilə-bilə ona əməl edirlər və yaxud, bir əməlin doğru olduğunu bildikləri halda onu tərk edirlər. Aristotelə görə, bunun əsas səbəbi iradə zəifliyidir. Demək, Aristetelə görə, insan hər hansı bir əxlaqi dəyəri, normanı bildikdə və iradəsi güclu olduqda, o zaman əldə etdiyi bu biliyin tələbinə boyun əyir.

3.

Zənnimizcə, problemə tam başqa bir aspektdən yanaşmaq lazımıdır. Bu isə “həqiqət” və “mənafe” anlayışlarında gizlidir. Bu iki faktor insanın bütün davranış və hərəkətlərinin əsas qaynağı hesab olunur, yəni insanı hərəkətə gətirən məhz bu iki amildir. Demək, insan hər hansı bir işi həyata keçirirsə, bu, ya onun həqiqət olduğuna görə, ya da onda olan müəyyən bir mənafeyə görədir. Yəni, insan fitrən həqiqətsevər bir varlıq olduğuna görə nəyinsə həqiqət olduğunu bildiyi zaman ona təslim olur və onun tələbi əsasında hərəkət etməyə başlayır. Digər tərəfdən, insan fitrən özünüsevmə instinktinə malik olduğundan daim öz çıxarlarını, mənafelərini nəzərə alır, belə ki, özünə qarşı zərərli gördüyü hər bir şeydən uzaqlaşmağa çalışır. Bir sözlə, özünüsevmə instinktinin altqurumu “həzz” anlayışıdır və bu anlayışin xammalini isə çıxarlar, mənafelər təmin edir.

Qeyd etmək lazımdır ki, bu iki faktor- həqiqət və mənafe bəzən üst-üstə düşərək bir-birlərini tamamlayır və vahid bir istiqamətdə hərəkət edirlər. Yəni, insan həqiqət olaraq qəbul etdiyi şeydə mənəfenin də olduğuna şahid olur və bununla da, həqiqətin tələbi ilə mənafenin tələbi üst-üstə düşür. Bəzən isə həqiqət və mənafe bir-birləri ilə toqquşurlar, yəni insanın həqiqət olaraq qəbul etdiyi onu bir istiqamətə, çıxarları, mənafeləri isə onu tam başqa bir istiqamətə aparır. Bu zaman insanların bu zidiyyətə münasibəti vahid olmur, belə ki, kimisində həqiqətsevərliyə meyl çox olduğundan həqiqəti, kimisində isə mənafesevərlik qabarıq olduğuna görə öz çıxarlarını tərcih edir. Lakin reallığa baxdıqda, tarix boyu insanların əksəriyyəti günümüzdə olduğu kimi ikinci qrupu təmsil edirlər, yəni onlarda öz mənafe və çıxarlarını güdmə ruhiyyəsi həqiqətsevərlik ruhiyyəsinə nisbətən daha çox aktiv olur.

Əxlaqi dəyərlər və normalar probleminə də məhz bu aspektdən yanaşmalıyıq. Yuxarıda vurğuladığımız kimi, insanların əksəriyyətinin sadəcə olaraq əxlaqi dəyərləri, normaları mənimsəməsi, bilməsi onları cəmiyyətdə həyata keçirmək üçün yetərli olmur. Bu kimi insanlar həqiqətlə yanaşı digər bir faktorun da axtarışındadırlar ki, bu da əxlaqi dəyərlərin, normaların onların mənafelərini təmin etməsindən ibarətdir. Din insana başa salır ki, əxlaqi normaların cəmiyyətdə tətbiqi axirətdə onun özü üçün sonsuz mənafelərin təmini deməkdir. İnsan əxlaqi dəyərlərə əməl etəklə Allah tərəindən əbədi bir mükafata- Cənnətə layiq görülür. Bu dəyərləri pozduqda isə onu cəza gözləyir. Dinin insan üçün təsvir etdiyi “mükafat-cəza” alayışı səbəb olur ki, insan əsl mənafe hesab etdiyi əbədi səadət istiqamətində addımlasın və onu bu istiqamətdən yayındıran hər bir əməldən isə uzaq dursun. Bu da ona görədir ki, özünüsevmə instinktinin altqurumu həzzdir, həzzin xammalı isə mənafedir, deməli, həzzini təmin edən hər bir şey onun mənafe dairəsinə daxil olacaqdır. Əbədi səadət isə bu həzzin ən bariz nümunəsidir.  Bununla da, din əxlaqi dəyərlərin, normaların cəmiyyətdə icra edilməsi üçün lazımi sğortaları həyata keçirir.

4.

Burada təkidlə qeyd etməliyik ki, həqiqətlə mənafe toqquşduğu zaman din mənafenin tərəfini tutmur. Əksinə, insanlara bildirmək istəyir ki, həqiqətə boyun əyməklə mənafelər də təmin olunur. Əslində gerçək həqiqət insanın mənafeyi deməkdir, çünki gerçək həqiqət əsla insanın mahiyyətinə, fitrətinə qarşı ola bilməz. Deməli, ilk baxışdan həqiqətlə mənafe arasında zidiyyət müşahidə olunursa, bu, ya zahiri bir ziddiyyətdir, ya da ki, həqiqətlə keçici dünyəvi mənafelər arasında yaranan bir ziddiyyətdir. Bu da o deməkdir ki, insan daim əbədi mənafelərin ardınca olmlıdır. Həqiqətin öz batinində ehtiva etdiyi mənafe də bu qəbildəndir. Hada dəqiq desək, din insanı mənafemərkəzli olmaqdan xilas edib, onu həqiqətmərkəzli olmağa dəvət edir. Dinin əsl missiyası da budur.

5.

Yuxarıda deyilənərdən nelə bir nəticəyə gəlmək olar ki, yalnız din həqiqətlə mənafeni ortaq məxrəcə gətirə bilər. Dindən başqa nəsə və ya kimsə bu problemə çözüm gətirə bilməz. Din gerçəyini kənara qoyduğumuz zaman dərhal, həqiqət və mənafe arasındakı çözülməz ziddiyyət problemi ilə üzləşəcəyik. Demək, problemin yegnə həlli Allah və axirət, ilahi mükafat və cəza anlayışlarının yaratdığı sığortalarda gizlidir.

 

Oxşar yazılar
İnsan bir “başqası” kimi
Ətraf mühit əxlaqı
Yalan ağrısı və Doğru yaşam təcrübəsi
Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.