Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.

Əfsus, bu gün din toplumda bütün yönləri, tərəfləri ilə deyil, əksinə, bəzi yönləri ilə təqdim olunur və ya yaşadılır. İnsanlara şüuri və ya qeyri-şüuri olaraq dinin yalnız iki hissədən ibarət olduğu aşılanır. Elə bil ki, din ancaq inanc və tarixi olaylardan ibarətdir. Bir sözlə, din insanlara elə təqdim olunur ki, sanki zehnimizdəki bir neçə xəbəri cümlə toplusunu təşkil edir. Bu radikal yanaşma düşüncə ilə əməl arasındakı bağı qırıb, dini “zehin” adlı zindanda həbs edir. Din isə həbs ediləndə, artıq, insanların gündəlik əməli həyatlarında təzahür edə bilmir və sadəcə olaraq, quru anlayışlar toplusu kimi tanınır. Belə olan halda, din öz funksiyasını cəmiyyətdə həyata keçirə bilmir. Nədən? Ona görə ki, din insan zehnində məhbəs həyatı yaşayır. Dini düşdüyü məhbəs həyatından o zaman xilas etmək olar ki, dini olduğu kimi təqdim edib yaşadaq və düşüncə ilə əməl arasındakı uçmuş körpünü yenidən bərpa edək. Bu gün insani toplumlarda dinin ən gizli qalan tərəfi və əslində isə dinin ən böyük kəmiyyətini təşkil edən yönu “əxlaq”dır. Bəzi din tədqiqatçılarına görə, dinin 90%-nı əxlaqa dair gerçəklər təşkil edir. Hz. Məhəmmədin (ə) məşhur bir deyimində din əxlaqi dəyərlərin tamamlayıcısı kimi təqdim edilir (hədis: Mən yalnız əxlaqi dəyərləri tamamlamaq üçün göndərilmişəm). Deməli, din- bir neçə xəbəri cümlədən ibarət teoloji (inanca dair) və tarixi nəsnələr deyil, əksinə, dinin bünövrəsini əxlaq və əxlaqi dəyərlərlər, keyfiyyətlər təşkil edir. Elə buna görə də, hər bir dini müddəa əxlaqi yükə malikdir. Onu da deyim ki, burada əxlaq dedikdə, sözün geniş anlamı nəzərdə tutulur, yəni gözəllik və yaxşılıq keyfiyyətləri ilə xarakterizə olunan dəyərlər sistemi. Bu əsasla, insan “əxlaq” üçün deyil, əxlaq insan üçün olduğu kimi, insan da “din” üçün deyil, din insan üçündür. Bu isə o deməkdir ki, dinin əxlaqi tərəfləri aktivləşdirilməyənə qədər, insanlar xoşbəxt ola bilməyəcək.

Oxşar yazılar
İnsan bir “başqası” kimi
Yalan ağrısı və Doğru yaşam təcrübəsi
Din- əxlaqın sığortaçısı
Ətraf mühit əxlaqı