Dini anlamada ən primitiv qayda

Bir çox insanlar dini anlamada ən primitiv qaydanı belə unudurlar. Qayda belədir: “Mən dini anlamaq istədikdə aşağıdakı üç anlayışı bir-birindən ayırmalıyam:
– Din;
– Dindar;
– Dinşünas.”
Din- “ilahi mesaj”ları əks etdirən həqiqətlər toplusudur. Dindar- dini mətnlərdə qeyd olunanlara inanıb onlar əsasında həyat sürən birisidir. Dinşünas isə- dini mətnləri (məsələn, İslam dinində Quran və sünnə kimi) tədqiq edib, onları adi dindarlar üçün aydınlaşdıran şəxsdir.

NƏTİCƏLƏR:
1. Dində xəta, səhv, batil, yanlış yoxdur. Çünki o, Allahın məhsuludur.
2. Dindar dini əməli müstəvidə təmsil etməyə çalışır. Həm inanır, həm də onun göstərişlərinə, buyuruqlarına əməl edir.
3. Dinşünas dini müddəaları dini mətnlərdən əldə etməyə çalışır. Bununla da dini nəzəri müstəvidə təmsil edir. Yəni müəyyən metod əsasında dini mətnlərdən anladıqlarını “din” adı ilə insanlara təqdim edir.
4. Dindar səhv, xəta edə bilər, çünki məsum deyil.
5. Dinşünasın din adından təqdim etdiyi müddəalar nə həmişə yanlışdır, nə də həmişə doğrudur. Əksinə, bəzən doğru, bəzənsə yanlış ola bilər. Bir sözlə, dinşünas dini mətnləri anlama prosesində xətadan sığortalanmayıb.
6. Bəzən dini nə dindar təmsil edir, nə də dinşünas. Bu, o zaman baş verir ki, onlar xətaya yol verirlər.
7. Dindar səhv bir hərəkətə yol verirsə və ya dinşünas nəsə yanlış bir dini bilgi aşılayırsa ətrafındakılara, “Bunu onlara din söyləyir” – deməklə günahı dinin üzərinə yıxmaq yanlışdır.
8. Həssas və şübhəli nəzərə çarpan durumlarda dərhal “dindar”ı və “dinşünas”ı “din”dən ayırmalıyıq o zamana qədər ki, durum aydınlaşsın.

Oxşar yazılar
İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması
İslamdaxili bölgülərin yaranma səbəbi barədə (Tərəfsiz yanaşma)
Din tədqiqatının metodologiyası
Dinin xarici və daxili hissələri