Dini biliklərin anlaşılmasında Quranın rolu

Bildiyimiz kimi, dini biliklərin əsas etibarilə iki qaynağı vardır: Quran və Sünnə. Eyni zamanda, o da məlumdur ki, bu iki qaynaq eyni dərəcəyə malik deyildir. Hədislərdə gələn təbir ilə desək, Quran “Böyük əmanət”, Sünnə isə “Kiçik əmanət”dir. Buradan aydın bir şəkildə başa düşmək olar ki, dini biliklərin birinci dərəcəli qaynağı Quran, ikinci dərəcəli qaynağı isə Sünnədir. Bu isə o deməkdir ki, Sünnənin düzgünlüyü Quran əsasında dəyərləndirilməlidir. Lakin unutmaq olmaz ki, Quran və Sünnə hər ikisi birlikdə İslamı təmsil edir. Yəni, təklikdə nə Quran İslam deməkdir, nə də Sünnə İslamın sözü deməkdir. Beləliklə, dinin nəzəri prinsiplərinə inanaraq onun əməli prinsiplərinə əməl etmək üçün isə Sünnəyə müraciət etmədən bilavasitə Qurana istinad etmək doğru olmazdı.

Yuxarıda qeyd etdiyimiz kiçik müqəddiməni nəzərə alaraq deyirik:

Dində mövcud olan maarifləri, bilikləri anlamaq üçün aşağıda qeyd olunan beş mərhələni Quran əsasında qət etmək labüddür:

1. Anlama mərhələsi

Hər hansı bir məsələ ilə əlaqədar olan ayənin mənasını Quranın digər ayələrini nəzərə almadan başa düşmək lazımdır. Lakin bu mərhələdə həmin ayəyə istinadən iddia etmək olmaz ki, dinin yekun nəzəri də məhz bundan ibarətdir. Burada maksimum, ayənin filan mənanı, məzmunu ifadə etdiyini demək doğru olardı.

2. Təfsir mərhələsi

“Quran ayələri bir-birlərini təfsir və təsdiq edir”- prinsipinə[1] əsasən, digər ayələrdən istifadə edərək tədqiq obyekti olan ayəni təfsir etmək gərəkdir. Bu mərhələdə ayədən əldə olunan məna və məzmunu Qurana nisbət vermək olar, lakin dinə nisbət vermək olmaz və nəticə etibarilə, bunu dinin yekun sözü kimi də qələmə vermək olmaz. Deməli, qeyd olunan ayə İslamın yekun nəzərini təmsil etmədiyinə görə, din tərəfindən məqbul hesab edilməyəcəkdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, “Quran qaynaq olaraq bizə kifayətdir”- tezisi batil və əsassız bir iddiadır, çünki Quran bir çox ayələrində[2] Sünnəni də qaçılmaz bir bilik qaynağı kimi təqdim edir.

3. Əlaqələndirmə mərhələsi

Tədqiq obyekti olan ayənin təfsiri, tətbiqi və nazil olma səbəbi (şənun-nuzul) ilə bağlı bütün hədislər, həmçinin, qeyd olunan ayə ilə hər hansı bir şəkildə bağlılığı olan hədislər bir araya gətirilərək linqvistik və semantik baxımdan bir-biri ilə əlaqələndirilməlidir ki, Sünnənin ehtiva etdiyi mesaj aydın bir şəkildə dərk olunsun.

4. Uzlaşdırma mərhələsi

Üçüncü mərhələdə toplama və əlaqələndirmə əməliyyatı nəticəsində hasil etdiyimiz nəticəni Qurana təqdim etməliyik. Belə ki, Quranla ziddiyyət təşkil etmədiyi, yaxud uzlaşmadığı təqdirdə, onu (hasil olan nəticə) Quran sahəsində ayə üçün “qeydləndirici”, “xüsusiləşdirici”, “şərhverici”, “göstərici” olaraq nəzərə almalıyıq.

5. Nəticəçıxarma mərhələsi

Sünnədən hasil olan yekun nəticə Quranla uyğun olduğu təqdirdə, son olaraq yekun nəticə alınmalı və o zaman bu harmonik, uyğun məcmunu dinin əsl sözü və mesajı kimi qəbul etməliyik.

Yekun

Yuxarıda deyilənlərə əsasən, belə bir nəticə əldə edirik ki, dini bilikləri, ilahi mesajları anlama prosesində ilk müraciət edilməsi vacib olan qaynaq Qurani-Kərim və onun fonunda isə Sünnə olmalıdır. Digər tərəfdən, sözügedən proses Quran rəhbərliyi altında aparılmalıdır ki, əldə edilən yekun nəticə arqumentliklə xarakterizə oluna bilsin.

[1]. Bu prinsipin məzmunu həm Quran, həm də Sünnə baxımından sübuta yetirilmişdir. Burada onu bir postulat kimi qəbul edirik.

[2]. Nümunə üçün bax: 1) Ali-İmran:31, 2) Həşr:7, 3) Nəhl:44, 4) Nisa:59 və 65, 5) Cumuə:2, 6) Əhzab:21.

Oxşar yazılar
Quranın möhkəm mətni
“Cihad”- təhrifə məruz qalmış Quran ifadəsi
Quranın əxlaq sistemini necə anlayaq?!
Ağıl, düşünmə və mesaj: Zumər/ 18