Dinin xarici və daxili hissələri

1. Məlum olduğu kimi, din (məsələn, İslam dini) mürəkkəb bir nəsnədir, yəni hissələrdən ibarətdir və bəsit deyil. Yenə məlumdur ki, bu hissələr eyni dərəcədə deyil. Belə ki, bəzi hissələr birinci dərəcəli, necə deyərlər, “altqurum”, bəziləri isə ikinci dərəcəli, yəni “üstqurum” hesab olunur. Başqa sözlə, birinci dərəcəli hissələri “xarici hissələr”, ikincidi dərəcəli hissələri isə “daxili hissələr” adlandırmaq olar.

2. Gəlin, görək dinin “xarici hissə”si dedikdə, nə nəzərdə tutulur? Əgər dinin hissələrini əqli baxımdan analiz eləsək, bu faktın şahidi olarıq ki, bəzi hissələr dinin mahiyyətini təşkil edir, belə ki, əgər həmin hissələr olmasa, ümumiyyətlə, “din” adlı bir nəsnə var ola bilməz. Bu hissələr, mənə görə, Allah, peyğəmbər və axirət anlayışlarıdır. Məsələn, əgər Allah var olmasa, “din” adlı nəsnə həyata keçə bilərmi? Xeyr, keçə bilməz, ona görə ki, dini Allah göndərir insanlara. Bu mənada, Allah var olmasa, dindən söhbət belə gedə bilməz. Deməli, “Allah” dinin xarici hissəsi hesab olunur. Peyğəmbər də belədir, yəni əgər Allah var olsa, amma öz dinini insanlara çatdıracaq bir elçi göndərməsə, bu zaman yenə də dindən danışmaq mənasız olardı. Axirət anlayışına gəlincə, bu da dinin xarici hissəsi kimi çıxış edir. Başqa sözlə, axirətsiz din anlayışı mənasızdır, çünki bu zaman “itaət” anlayışı öz mənasını itirir, ona görə ki, ortada cəza-mükafat sistemi yoxdur. Bu sistemi təmin edən element isə təkcə axirətdir. Deməli, axirətsiz din mümkün deyil.

Bura qədər deyilənlərdən aydın oldu ki, dinin xarici hissəsini, başqa sözlə, onun mahiyyətini “Allah-peyğəmbər-axirət” üçlüyü formalaşdırır. Bu üçlüyün əvvəli Allah, ortası peyğəmbər, axırı isə axirətdir. Bu əsasla, Allah öz mesajlarını peyğəmbərinə ötürür, o da öz növbəsində bunları insalara çatdırır, insanlar isə həmin mesajlara itaət edib-etməmələri baxımından axirətdə mükafat və ya cəzaya nail olurlar. Deməli, bu üç fundamental anlayış əl-ələ verərək “din” adlı nəsnəni ortaya çıxarır.

3. Öncə qeyd etdiyimiz kimi, dinin daxili hissələri də var. Daxili hissələr xarici hissələrə baxanda, dinin mahiyyətini təşkil eləmir, yəni onlardan hər hansı biri azalarsa, “din” aradan getmir. Bu mənada, dinin həcmi Allah tərəfindən azaldıla da, çoxaldıla da bilərdi.

4. Yuxarıda qeyd etdiyimiz əqli bölgüyə əsasən, bir neçə nəticə əldə olunur:

A) Adıkeçən bölgünün məntiqi nəticəsi olaraq məlum olur ki, dində “qırmızı xətt” sadəcə olaraq Allahın, peyğəmbərin və axirətin varlığıdır. Bunlardan hər birinin keyfiyyətinə gəlincə, bu, qırmızı xəttə daxil deyil, yəni teoloji ictihada açıqdır. Burada fərqli görüşlər meydana çıxa bilər. Necə ki İslam düşüncə tarixində bu barədə olan fərqli yanaşmaların şahidiyik.

B) Yuxarıdakı nəticədən yenə məlum olur ki, dinin bütün daxili hissələri ictihada açıqdır. Yəni daxili hissələrin varlıq və keyfiyətində fikir ayrılığı ola bilər. Necə ki bu, İslam düşüncə tarixində bunu müşahidə edirik.

C) Ənənəvi teoloji baxışda “üsuliddin” və “füruiddin” olaraq keçən anlayışlar, əslində, dinin xarici və daxili hissələrini əks etdirir. Zənnimcə, “üsuliddin” və “füruiddin” anlayışlarının ancaq bu mənada təfsir edilməsi, açıqlanması məntiqli və müdafiə oluna bilən nəzərə çarpır.

D) Şiə düşüncəsində qəbul edilən “İmamət” təlimi yuxarıdakı bölgüyə görə dinin xarici hissəsi kimi yox, daxili hissəsi kimi çıxış edir.

E) Bir insanın İslama mənsub olduğunu təsdiqləyən iki şərt var: 1) lazım şərt, yəni dinin xarici hissələrini- Allahın, hz. Məhəmmədin (s) və axirət aləminin varlığını qəbul etmək, 2) kafi şərt, yəni dinin daxili hissələrini “varlıq” və “keyfiyyət” baxımından məlum olduğu təqdirdə qəbul etmək. Yəni məsələn, əgər “x” adlı daxili hissənin varlığı müəyyən bir keyfyyətlə insan üçün məlum olarsa, bu zaman onu qəbul etməlidir. Bu əsasla, kimsə müəyyən ictihad fonunda hər hansı bir hissənin varlığının dində olmadığı qənaətinə gələ bilər və ya hər hansı bir hissənin varlığını qəbul edib, onu başqa bir keyfiyyətdə təfsir edə bilər. Qeyd etdiyimiz kimi, xarici hissələrin keyfiyyətində və daxili hissələrin həm varlığında, həm də keyfiyyətində fikir ayrılığı ola bilər. Başqa sözlə, onlar ictihada açıqdırlar.

Y) Başqa önəmli bir nəticə isə belədir ki, kimsə dinin xarici hissələrindən birini bilərəkdən inkar edərsə, bu zaman dindən çıxmış hesab olunur, yəni artıq, həmin kəs bu dinə mənsub deyil. Daxili hissələrə gəlincə, təkcə o zaman onlardan hər hansı birinin qəsdən inkarı insanı dindən çıxara bilər ki, həmin daxili hissənin varlıq və keyfiyyəti həmin insan üçün məlum olduqdan sonra onu bilərəkdən inkar etməsi xarici hissələrdən birinin bilərəkdən inkar edilməsi ilə nəticələnsin. Bu da o deməkdir ki, dinin daxili hissəsi xarici hissəsi ilə sıx əlaqəlidir, bu mənada ki, qeyd olunan vəziyyətdə daxili hissənin qəsdən inkarı xarici hissənin qəsdən inkarına gətirib çıxardır.

Q) Son olaraq qeyd etmək lazımdır ki, daxili hissələrinin hər birinin dinə mənsubiyyət baxımından statusları bərabərdir. Yəni, məsələn, “x” adlı hissə (varlıq və keyfiyyət baxımından məlum olduğu təqdirdə) nə qədər dinə mənsubdursa- dini yük daşıyırsa, “y” adlı hissə də dinə bir o qədər mənsubdur- dini yük daşıyır.

 

Oxşar yazılar
İnsan dindar olmaya bilərmi? (Etüd)
Üç fərqli İslam modeli
Din tədqiqatının metodologiyası
İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması