Dostluq üzərinə fəlsəfə

İslam fəlsəfəsində “təşkik” nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə, varlıq aləmi, onun içərisində olan varlıqlar, olaylar, olqular – hamısı dərəcələrə bölünür, yəni onlar bir dərəcədə olan, bir səviyyədə olan nəsnələr deyillər. “Təşkik” bütün varlıq aləminə şamil olan ümumu bir zərurətdir, belə ki, varlığın ən zəif dərəcəsindən başlayaraq ən yüksək dərəcəsinə qədər, yəni Allaha qədər gedib çıxır. “Təşkik” nə deməkdir? Təşkik- yəni dərəclənmə deməkdir, varlığın dərəclənənməsi və ya dərəcələrə bölünməsi. Hər bir həqiqətin təkcə vahid bir dərəcəsi olmur, əksinə, dərəcələri olur, insansa bunları kəşf edərək öyrənir. Mən burada örnək olaraq “dostluq” anlayışını ələ almaq istəyirəm. Dostluq bir nəsnə kimi bir dərəcədən ibarət deyil, yəni hami ilə bir cür dost olmaq olmur, hətta dost olduğunla belə müəyyən aşamalardan sonra əvvəlki dostluğun bir sonrakı dərəcəsini kəşf edirsən, o dərəcəyə yüksəldəndə anlayırsan ki, dostluğun yeni bir mərhələsinə qədəm qoymusan və tamamilə yeniliklə, yeni bir nəsnə (şey) ilə üzləşirsən. Bu, sonsuza qədər davam edə bilir. Nədən? Səbəbi aydındır, çünki varlığın özü sonsuzdur, dostluq da bir varlıq kimi varlığın hökmünü daşıyır. O da varlığın özü kimi sonsuz dərəcələrə bölünə bilir. Əsl dost o adamdır ki, dostluğun aşağı dərəcəsində ilişib qalmasın, daha yüksək dərəcələrə yüksəlib onları kəş edə bilməsi üçün səy göstərsin. Dostluğun ləzzəti də elə bu dərəcələri kəşf etməkdə gizlidir. Gizli olan dərəcələri kəfş edib tapdıqca dostluğa verdiyin önəm və əhəmiyyət də bir o qədər möhkəmləşir, bərkiyir.

Dostluğa əhəmiyyət verən hər kəs, zənimcə, dost olduğu adamın dostluq dərəcələrini qət etmək üçün nəsə etməsi gərəkir. Bu əsasla, iki dostluğu bir-birindən ayıra bilərik:

– Statik dostluq;

– Dinamik dostluq.

Statik dostluq o dostluqdur ki, deyildiyi kimi, adam təkcə bir dərəcədə ilişib qalır və sonrakı dostluq dərəcələrini kəşf etmək üçün əlindən gələni etmir. Bunun əksinə olaraq dinamik dosluq “təşkik” qaydasından yola çıxaraq dost olduğu adamın dostluq dərəcələrini tapmağa can atır və bununla da dostluq münasibətlərini sağlam köklər üzərində inşa etməyə başlayır və heç bir zaman da dostluğu köhnəlmir.

Təşkik məntiqi üzərində qurulan dostluqda ayrılıq, anlaşılmamazlıq, incimə, küsmə və s. bu kimi nəsnələr mövcud olmur. Belə bir dostluğun verdiyi məhsul, bar yalnız və yalnız dərin səmimiyət və ciddilikdən ibarət ola bilər. Zənnimcə, dostluq ona görə şirin, ləzzətlidir ki, “təşkik” adlı bir fəlsəfi altqurumu vardır. Belə bir fəlsəfi altqurumu olmayan dostluq sonda ayrılığa məruz qalacaqdır.

Oxşar yazılar
Fəlsəfə bir ev kimi
Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi
Səbəb nədir, nəticə nədir?
Təkqaynaqlı olma, yoxsa ilk özünü inkar etməli olacaqsan (Etüd)