Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?

Düşünmək- zehnin doğru bilgiləri düzgün şəkildə ardı-ardına düzməklə nəticəyə doğru addımlaması deməkdir. Bu tərifdən dəlillə bağlı dörd maraqlı fakt əldə etmək olar:

1. Bir var, dəlilin “məzmun”u, bir də var, dəlilin “forma”sı. Dəlilin məzmunu onun öz daxilində ehtiva elədiyi bilgilərə, dəlilin forması isə həmin bilgilərin müəyyən bir tərzdə ardı-ardına düzülüşünə deyilir. Məsələn,

(1) Əjdər insandır.

(2) Hər bir insan ölümlüdür.

(3) Deməli, Əjdər ölümlüdür.

1-ci və 2-ci cümlələri dəlil kimi, 3-cü cümləni isə isbatlanması gərəkən müddəa kimi nəzərdən keçirsək, bu zaman 1-ci və 2-ci cümlələr bir bilgi kimi “dəlilin məzmunu”, həmin bilgilərin verildiyi kimi müəyyən bir şəkildə ardı-ardına düzülüşü isə “dəlilin forması” adlanır.

2. Bir var, dəlilin doğruluğu (accuracy), bir də var, dəlilin düzgünlüyü (validity). Belə ki, əgər dəlilin məzmunu “doğru bilgi”lərdən təşkil olunarsa, bu zaman dəlil “doğru” əlaməti ilə xarakterizə olunar. Və əgər dəlilin forması düzgün formaya malik olarsa[1], bu zaman dəlil “düzgün” əlaməti ilə xarakterizə olunar. Yuxarıda qeyd olunan misalda 1-ci və 2-ci cümlələr məzmun baxımından doğru bilgi olduğuna, habelə forma baxımından da düzgün formaya malik olduğuna görə, dəlil həm “doğru”, həm də “düzgün” hesab olunur. Deməli, nəticə də mötəbər hesab olunur, yəni müddəa (3-cü cümlə) sübuta yetir.

3. Hər bir dəlil doğru və ya düzgün olub-olmaması baxımından dörd cür təsəvvür oluna bilər:

a. Dəlil həm doğrudur, həm də düzgün; məsələn, Əjdər insandır, hər bir insan ölümlüdür, deməli, Əjdər ölümlüdür. 1-ci və 2-ci cümlələr həm doğru bilgi hesab olunurlar, həm də 3-cü cümləni (müddəa) nəticə almaq üçün düzgün formaya malikdirlər.

b. Dəlil nə doğrudur, nə də düzgün; məsələn, Sokrat insandır, Sokrat güləşçidir, deməli, insan güləşçidir. 1-ci cümlə doğru olsa da, 2-ci cümlə yanlış bilgi hesab olunur, çünki Sokrat güləşçi olmayıb. Eyni zamanda forma da düzgün forma deyil.

c. Dəlil doğrudur, amma düzgün deyil; məsələn, Sokrat insandır, Sokrat alimdir, deməli, insan alimdir. 1-ci və 2-ci cümlələr doğru bilgi olsa da, forma baxımından düzgün forma hesab olunmur.

d. Dəlil doğru deyil, amma düzgündür. Məsələn, Sokrat insandır, hər bir insan zalımdır, deməli, Sokrat zalımdır. 1-ci cümlə doğru bilgi olsa da, ikinci cümlə yanlış bilgidir. Ancaq forma düzgün forma hesab olunur.

4. Yuxarıda deyilənlərə əsasən, zehin yalnız iki halda dəlillə bağlı xətaya yol verir: ya doğru bilgilərdən istifadə etmir, ya da onları düzgün şəkildə ardı-ardına düzmür. Məsələn, “Sokrat insandır, hər bir insan zalımdır, deməli, Sokrat zalımdır”,- deyə düşünəndə dəlillə bağlı xətaya yol veririk, ona görə ki, istifadə elədiyimiz bilgilərdən biri (2-ci cümlə) yanlışdır. “Sokrat insandır, Sokrat alimdir, deməli, insan alimdir”,- deyə düşünəndə də yenə xətaya yol veririk, ona görə ki, bilgiləri düzgün şəkildə ardı-ardına düzə bilməmişik.

Qaynaq: “Düşüncə Rəngləri” kitabı, müəllif: Emin İmanlı 

[1] Adətən, məntiq kitablarında səkkiz düzgün forma qeyd olunur.

Oxşar yazılar
Zərurilik, mümkünlük və mümkünsüzlük
Fəlsəfəyə dair bəzi qeydlərim (1-ci hissə)
Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)
Milli fəlsəfə üzərinə bəzi qeydlərim