“Eşq”in altı həlledilməz ziddiyyəti (Etüd)

1.Birinci ziddiyyət onun zorakılığıdır. Yəni mən aşiq olduğum zaman məşuqumun istəyini deyil, xeyirini qorumağa çalışıram. Elə buna görə də, xeyiri ilə istəyi arasında ziddiyyət görəndə, onun istəyini kənara qoyub, xeyirini seçirəm. Beləliklə, onun istəyinə etinasız yanaşmış oluram. İstəyə etinasız yanaşmaq isə zorakılıqdır.

2.Eşqdə mövcud olan ikinci ziddiyyət isə odur ki, eşqin davam edə bilməsi üçün gərək sən eşq zamanı göstərdiyin fədakarlıq (isar) dərəcəsini məşuquna bildirəsən. Onun eşqini qoruyub saxlamaq məqsədi ilə sənin ona nə qədər aşiq olduğunu bilməsi üçün etdiyin fədakarlıqları ona göstərməlisən. Çünki onun qeybdən xəbəri yoxdur ki. O da sənin kimi bir insandır. Ancaq bunları ona söyləyən kimi, qarşı tərəf- məşuq elə düşünür ki, sən əslində ona aşiq deyilsən. Yoxsa, bu kimi fədakarlıqlar gözünə görsənməzdi. Bir yandan, mən məşuquma bildirməliyəm ki, bütün bu fədakarlıqları təkcə sənin üçün edirəm. Digər yandansa, əgər bu fədakarlığı ona söyləsəm, üzünə vursam, düşünəcək ki, mən ona aşiq deyiləm. Çünki aşiq öz fədakarlıqlarını gözə almamalıdır. Məşuq elə fikirləşəcək ki, mən eşq nümayiş etdirmirəm ona, əksinə, öz çıxarlarımı güdürəm.

3.Eşqdəki üçüncü ziddiyyət belədir ki, eşq həmişə həmnişinlik tələb edir, halbuki bir çox vəziyyətlərdə həmnişinlik qarşı tərəfin- məşuqun xeyrinə tamamlanmır. Aşiq isə aşiq olduğu qədər, eşqində iradəsiz və ixtiyarsız olduğu qədər özündən asılı olmayaraq həmnişinliyi tələb edir. Baxmayaraq ki, bu həmnişinlik eşqdə riayət edilməsi gərəkən ilk şərti- məşuqun mənafeyini dağıdır.

4.Dördüncü ziddiyyəti belə ifadə etmək olar ki, eşqin böyük bir hissəsi qarşı tərəfin- məşuqun sirli, gizli olmasından doğur. O, sizə gizli, sirli olduğu üçün ona aşiq olursuz. Ancaq eşqin qaçılmaz tələbi olan “həmnişinlik” yavaş-yavaş bu gizliliyi, sirri aradan aparır, üstünü açır. Daha sonra görürsən ki, bu adam da başqa adamlar kimidir. Deməli, aşiq olduğunuzda, həmnişin olmaq istəyirsiz, həmnişin olduqda isə qarşı tərəfin- məşuqun gizliliyi, sirrli olmağı aşkarlanır, aradan qalxır. Sirr və gizliliyin aradan qalxması isə eşq prosesini tərsinə çevirir.

5.Beşinci ziddiyyət odur ki, eşqin qatili elə eşqin özüdür, yəni özü özünü qətlə yetirir. Çünki aşiq vüsala çatmağa can atır, vüsal isə eşqin qatilidir. Problem ondan ibarətdir ki, eşq o zamana qədər davam edir ki, qarşı tərəf- məşuq aşiqin əhatə dairəsində olmasın, halbuki aşiq məşuqun öz əhatə dairəsində olmasını istəyir. Elə ki, məşuq əhatə dairəsinə daxil olur, daha sən əvvəlki adam deyilsən, yavaş-yavaş kənara çəkilməyə başlayırsan.

6.Eşqdəki altıncı və sonuncu ziddiyyət ondan ibarətdir ki, eşq həmişə əxlaqi yaşam tərzi ilə uyğunlaşa bilmir. Belə ki, çox vaxt əxlaqi həyat sürə bilmək üçün eşqə az yer ayırmalısız və eşqə çox yer ayırdıqda isə əxlaqi həyat yaşamaq mümkün olmur, hər nə qədər buna cəhd etsək də, bacara bilmirik. İnsan əxlaqı tapdaladığı zaman hiss edir ki, daha məşuquna aşiq olduğu həmin adam deyil, başqasıdır, yəni məndən fərqlənən özgəsidir ona aşiq olan. Yəni mənim ürəyim istəyir ki, mən özüm ona aşiq olum, nifrətlə baxdığım “mən”dən fərqli olan özgəsi yox. Mən əxlaqdan uzaqlaşanda, əslində, özüm özümdən uzaqlaşmış oluram. Bu əsasla, əxlaqa uymayanda və eyni zamanda, məşuqumla aşiqanə kontaktda olmaq istədikdə, bu vaxt aşiq olan mən yox, başqa birisidir. Mən burada tənhayam və başqası mənim məşuqumla eşqbazlıq edir.

P.S: Sevdiyim bir filosofun qeydlərindən.

 

Oxşar yazılar
Məhərrəmlik qeydləri
İslamofobiya fenomeninin təhlili
İfadə azadlığı, yoxsa sübutlu ifadə azadlığı? (Etüd)