Eynimənalılığa sübut (6-cı dərs)

Keçən dərsdə qeyd etdik ki, varlıq anlayışı nəyin barədə işlədilməsindən asılı olmayaraq, mənaca eyni həqiqəti bizə aşılamağa çalışır. Bu yanaşmaya əks olaraq bəzi filosoflar hesab edir ki, varlıq anlayışı hansı mahiyyət barədə işlədilirsə, əslində o mahiyyətin mənasını ifadə edir. Məsələn, İnsan var- cümləsi əslində İnsan insandır- cümləsi ilə eyniyyət təşkil edir. Yəni, İnsan var- dedikdə, İnsan insandır- kimi başa düşülür. Əksər İslam filosofları çoxsaylı sübutlar gətirməklə bu yanaşmanı rədd etməyə çalıblar. Nümunə olaraq burada iki fərqli sübut qeyd edəcəm: 1-ci sübut: Şübhə varsa, deməli, fərqlilik də var, 2-ci sübut: Bölgü varsa, deməli, vəhdət də var. İndi isə 1-ci sübut barədə: Bu sübutda deyilir ki, insan bəzən hər hansı bir mahiyyəti- fenomeni, hadisəni anlamca bilir, amma onun var və ya yox olmasına şübhə edir, yəni nə var olduğunu, nə də yox olduğunu bilir. Məsələn, təsadüfün bir mahiyyət kimi mənaca nə olduğunu bilir, amma onun var və ya yox olmasında şəkk edir, bilmir ki, xarici aləmdə təsadüf adlı bir şey vardır, yoxsa yoxdur. Bəzən isə insan hər hansı bir şeyin varlığından xəbərdar olur, onun var olmasını bilir, ancaq nə olmasında şübhə edir, yəni varlığını bilir, nəliyini isə bilmir. Məsələn, zehnin var olmasını bilir, lakin onun nə olması barədə isə şəkk edir, bilmir ki, maddir, yoxsa mücərrəd (qeyri-maddi). Deməli, insan bəzən bir şeyin nəliyini- mahiyyətini bilir, varlığa şübhə edir. Bəzən isə varlığını bilir, nəliyinə şübhə edir. Əqli baxımdan aydın olduğu kimi, iki şeydən birinə yəqinimiz, əminliyimiz olduğu halda, digərinə şübhə ediriksə, bu, onların fərqli olduğunu göstərir. Deməli, İnsan var- cümləsində insan və var anlayışları bir-birindən tamamilə fərqlidir, belə ki, insan bir mənanı, var isə başqa mənanı ifadə edir. Nəticə etibarilə, İnsan var- cümləsi İnsan insandır- cümləsi demək deyil.   27.02.2015

Oxşar yazılar
Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)
Eynimənalılığa sübut (7-ci dərs)
Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)
“Varlıq” anlayışı (4-cü dərs)