Eynimənalılığa sübut (7-ci dərs)

Keçən dərsdə söz verdiymiz kimi, bu dərsdə, varlığın nəyin barəsində işlədilməsindən asılı olmayaraq eyni anlam ifadə etdiyinə dəlil olaraq ikinci sübutu şərh edək: Bölgü varsa, deməli, vəhdət də var. Məntiq elmində deyildiyi kimi, hər bir bölgüdə iki əsas element olur: bölünən anlayış və bölgü üzvləri. Məsələn, deyirik: Kəlmə isim və felə bölünür. Bu örnəkdə kəlmə bizim bölünən anlayışımız, isim və fel isə bölgümüzün üzvləridir. Məntiq bizə deyir ki, bir bölgünün düzgün, həqiqi olması üçün bölünən anlayış mütləq bütün üzvlərdə mövcud olmalıdır. Əgər mövcud olmasa, bu, artıq bölgü hesab oluna bilməz. Bölgü o zaman doğru ola bilər ki, bölünən anlayış bölgünün bütün üzvlərındə də mövcud olmuş olsun. Daha aydın ifadə etsək, kəlmə əgər isimə və felə bölünürsə, deməli, həm isim kəlmədir, həm də fel. Bəli, hər bir üzvün yaranması üçün mütləq bir qeyd-şərt olmalıdır ki, yeni bir üzv meydana gəlsin. Məsələn, kəlməni mənaya malik olan bir şey kimi qəbul etsək, bu zaman əgər onda zaman qeydi nəzərdə tutularsa, fel, bu qeyd onda nəzərdə tutulmasa isə, isim əmələ gələr. Deməli, həm isim, həm fel – hər ikisi də kəlmədir, çünki hər ikisi də məna ifadə edir, aralarındakı fərq isə birinin zaman ifadə etməsində, o birinin isə bunu ifadə etməməsindədir. Bu əsasla deyirik: fəlsəfədə əgər varlıq mümkün və zəruri varlıqlara bölünürsə və həmçinin mümkün varlıq da öz növbəsində digər qisimlərə bölünürsə, bu, o deməkdir ki, varlıq bölünən bir anlayış kimi bölgünün bütün üzvlərində eyni anlamda, mənadadır. Yəni, varlıq bölgünün bütün üzvlərində vahiddir. Beləliklə, bölgü varsa, deməli, vəhdət də var. Bu əsasla, varlıq anlayışı hər nə barədə işlədilirsə, mənaca eyni həqiqəti bizə aşılamaqdadır.  05.03.2015

Oxşar yazılar
Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)
Eynimənalılığa sübut (6-cı dərs)
Fəlsəfə nədən danışır? (3-cü dərs)
Fərqliliyin ikinci sübutu (11-ci dərs)