Fəlsəfə nədən danışır? (3-cü dərs)

Birinci dərsdə qısa olaraq fəlsəfənin tərifinə, predmetinə və hədəfinə toxunduq. İndi isə daha ətraflı: Fəlsəfə daşdan, ağacdan, insandan, onlara xas olan xüsusiyyətlərdən bəhs etmir, fəlsəfənin tədqiqat sahəsi daha genişdir- bu, varlığın özüdür, kəndisidir. Fəlsəfə təkcə varlığı nəzərə alır, çılpaq varlığı, hələ müəyyən qəlibə salınmamış varlığı. Fəlsəfə daş, ağac, insan kimi konkret bir mahiyyət donu geyən varlığı nəzərdən keçirmir. Daş- çılpaq varlıq deyil, əksinə, əyninə “daşlıq” donu geyinmiş, “daşlıq” qəlibinə düşmüş bir varlıqdır. Bu, fəlsəfənin araşdırma mövzusu deyil. Fəlsəfə varlığı çılpaq, qəliblənməmiş şəkildə araşdırmağa, ona hakim olan ümumi qanunları kəşf etməyə çalışır. Məsələn, kəşf edir ki, varlıq, varlıq olma baxımından ya səbəb, ya da nəticə ola bilər. Səbəb və nəticə olmaq- varlığın ən ümumi qanunlarından biridir. Hər bir varlığın üzərinə əlimizi qoysaq, deyilən iki haldan kənar olmayacaq- ya səbəb olacaq, ya da nəticə. Deməli, fəlsəfə birbaşa olaraq çılpaq varlığı araşdırır, onun qanunlarını kəşf edir və bununla da insana gerçəklə xəyalı ayırmağı öyrədir. İnsan varlığın ümumi, universal qanunlarına bələd olsa, bu zaman nəyin həqiqət, nəyinsə xəyal olduğunu ayırd edə biləcəkdir ki, bu da fəlsəfənin amacından doğan faydalardan biridir. 08.02.2015

Oxşar yazılar
Fərliliyin üçüncü sübutu (12-ci dərs)
“Varlıq” anlayışı (4-cü dərs)
“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)
Fəlsəfəyə iki fərqli yanaşma (1-ci dərs)