Fəlsəfənin mahiyyətini açıqlayan ən gözəl təmsil

Fəlsəfənin mahiyyətini, zənnimcə, açıqlayan ən gözəl təmsil “mütərcim-tərcümə-mətn” üçlüyüdür. Bu üçlükdə filosof “mütərcim”, fəlsəfə “tərcümə”, gerçəklik isə “mətn” kimi çıxış edir. Bu mənada, filosof “gerçəklik” adlı mətni oxuyaraq anladıqlarını fəlsəfi dilə tərcümə edir. Belə bir təmsilin məntiqi sonuclarını sadalamaq istəsək, aşağıdakıları qeyd etmək olar:
1. Mütərcimin tərcümə etmək istədiyi mətnlər müxtəlif olduğu kimi filosofun da fəlsəfi dilə tərcümə etmək istədiyi gerçəkliklər müxtəlif ola bilir. Odur ki, filosofun ortaya qoyduğu fəlsəfi tərcümələr çevirdiyi “gerçəklik” adlı mətnlərin növündən asılıdır.

2. Tərcümələr doğru-yanlış, hərfi-azad, dəqiq-daha dəqiq və s. bu kimi kateqoriyalara bölündüyü kimi fəlsəfi görüşlər də bir tərcümə kimi oxşar şəkildə xarakterizə oluna bilər.
3. Hər bir tərcümə prosesində dil məhdudiyyətləri tərcüməyə sirayət etdiyi kimi fəlsəfi izah və açıqlamalarda da bu özünü göstərir. Ona görə də fəlsəfi yazılar oxuduqda qaranlıq, qapalılıq, qəlizlik, mürəkkəbliklə üzləşirik.
4. Mütərcim hər hansı bir mətni çevirəndə mətndəki “açar sözlər”i nəzərə alaraq hər bir yerdə onları eyni şəkildə verir. Filosof da “gerçəklik” adlı mətni oxuyub fəlsəfi dilə tərcümə edəndə eyni qaydaya əməl edir. Filosofun formalaşdırığı fəlsəfi sistemə də hakim olan “açar sözlər” var. Belə ki, həmin açar sözlər bu sistemdəki bütün düşüncələrin süjet xəttini təyin edirlər.
5. Bəzən bir mətni bir neçə mütərcim tərcümə edir və tərcümələr fərqli olasalar da, məzmun etibarilə həm bərabər, həm də doğru olurlar. Fərqlər isə sadəcə zövqdən irəli gəlir. Fəlsəfədə də oxşar durumla qarşılaşmaq mümkündür. Bəzən rastlaşmaq olur ki, vahid bir gerçəklikdən danışan bir neçə fəlsəfi görüş açıqlama tərzi baxımından fərqli nəzərə çarpsalar da, səlində, eyni şeydən söz açırlar.

Oxşar yazılar
Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)
Milli fəlsəfə üzərinə bəzi qeydlərim
Fəlsəfəyə dair bəzi qeydlərim (1-ci hissə)
Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?