Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)

35. Fəlsəfə iki cürdür: xalis və qatışıq. Xalis fəlsəfə odur ki, ancaq nəzəri müstəvidə ilişib qalan və insan həyatına sızmayan quru anlayışlardan, nəzəriyyələrdən, fərziyyələrdən danışır, ancaq qatışıq fəlsəfə isə bunun əksinə olaraq birbaşa insan problemlərinə istiqamətlənən anlayışlardan, nəzəriyyərdən bəhs edir. Bu gün dünyada ən çox yayğın fəlsəfə növü qatışıq fəlsəfədir, yəni sintetik fəlsəfələr. Məsələn, əxlaq fəlsəfəsi, tibb fəlsəfəsi, fizika fəlsəfəsi və s. Məncə, bir fəlsəfənin uğuru onun xalis olmasında deyil, qatışıq olmasındadır. Bu əsasla, fəlsəfə nə qədər qatışıq olarsa, bir o qədər şirin, cazibəli, effektiv və faydalı olar insanlıq üçün.


36. İslam dünyasında iki cür filosof olub. Biri öz əqli müşahidələrini tərcümə edirdi fəlsəfi dilə, o biri isə öz qəlbi müşahidələrini. Düzdür, hər ikisi fəlsəfi dildə yazırdılar, fəlsəfələyirdilər, amma iki fərqli qaynaqdan çıxış edərək. Biri anladığını fəlsəfi dilə tərcümə edirdi, digəri isə gördüyünü. Hər iki fəlsəfi məhsulu oxuyanda, fərqi hiss etmək olar. Necə də maraqlıdır bu iki tip filosofların əsərlərini oxumaq. İnsan Söhrəvərdini və ya Sədranı oxuyanda keçirdiyi hissləri İbn Rüşd və İbn Sina oxuyanda keçirə bilmir və əksinə. Hərəsinin öz yeri var fəlsəfədə.

37. Fəlsəfəni “cəfəng” adlandıranlar özləri də bilmədən ilk olaraq öz ağıllarına hörmətsizlik edirlər.

38. Fəlsəfədən qaçış nə qədər normal və başa düşüləndirsə, fəlsəfəyə qarşı çıxmaq bir o qədər anormal və başa düşülməzdir. Deməli, insan qarşısında iki seçim var: ya fəlsəfəyə qarşı aqnostik mövqedə dayanmalıdır, ya da onu qəbul etməlidir. Daha fəlsəfə ilə mübarizə aparmaq, onu rədd etmək, onunla müxalifətçilik etmək və s. bu kimi inkar mövqelər qəbuledilməzdir. Başqa sözlə, ya qəlb adamı olduğunu deyib fəlsəfəyə yaxın durmamalısan, ya da ağıl adamı olduğunu söyləyib fəlsəfə dünyasında daxil olmalısan. Üçüncü seçim yoxdur insan qarşısında.

39. Fəlsəfəni müdafiə etmək heç də bütün filosofların dediklərini, yazdıqlarını, düşündüklərini və beləcə bütün fəlsəfi kitabları müdafiə etmək deyil. Fəlsəfəni müdafiə etmək rasioanl bir çərçivədə fəlsəfi təfəkkür üslubunu müdafiə etmək deməkdir. Bu əsasla, fəlsəfəni müdafiə etmək “həqiqəti müdafiə etmə”nin bir hissəsi hesab olunur. Çünki nə həqiqətin hamısı fəlsəfədir, nə də fəlsəfə bütün həqiqət deməkdir. Əksinə, fəlsəfə mahiyyəti etibarilə özündə müəyyən qədər həqiqətləri ehtiva edir. Deməli, aydın olur ki, fəlsəfəni mütləq şəkildə müdafiə etmək doğru deyil.

40. Hər bir elmin oxunma hədəfi var. Biz, məsələn, fizika oxuyuruqsa, bunu ona görə edirik ki, onun vasitəsilə obyektiv reallıqdakı bəzi həqiqətlərə nail oluruq. Bu mənada fəlsəfi təfəkkürün də bir hədəfi var və bu hədəf zehni oyun deyil, əksinə, həqiqətə nail olmaqdır. Çoxları elə sanır ki, fəlsəfə də şahmat kimi zehni bir oyundur. İnsan fəlsəfələyəndə sanki şahmat oynayır. Hədəf isə təkcə belə bir oyunla zehni məşq etdirməkdir və hansısa bir həqiqətə nail olub barəsində bilgi əldə etmək dərdi isə yoxdur onda. Deməli, fəlsəfə “oynamq” üçün yox, “öyrənmək” üçün oxunmalıdır.

41. İnsanlıq tarixində “fəlsəfə” adlı bir nəsnə olmasaydı, dünən, bu gün və sabah dünya meşə qanunları ilə idarə olunacaqdı və insanlara hakim olan yeganə nəsnə “zorakılıq” olacaqdı. Əgər bu gün dünyanın bəzi nöqtələrində barış, güzəşt, keçinmə, dözümlülük, səmimiyyət, sevgi, mehribanlıq, anlaşma və s. bu kimi yüksək insani keyfiyyətlərinin şahidi oluruqsa, bunu fəlsəfənin varlığına borcluyuq. Odur ki, fəlsəfə mahiyyət baxımından zorkılığa qarşıdır və özündə onun ziddini ehtiva edir. Bu mənada fəlsəfə dünyadakı mütləq hakimiyyətini qurmayanacan zorağılığın kökü kəsilməyəcəkdir.

42. Fəlsəfə oxuyarkən iki məqamı bir-birindən ayırmalıyıq: “ideal fəlsəfə” və “tarixi fəlsəfə”. İdeal fəlsəfə insanın hansısa önyarğıya, təssübə və yanlış önfərziyyəyə məruz qalmadan azad bir şəkildə fəlsəfələyərək əldə etdiyi xalis fəlsəfədir. Ancaq tarixi fəlsəfə isə belə deyil. Əksinə, o, tarix axarında formalaşan mövcud fəlsəfədir. Tarixə müraciət etdiyimiz zaman belə bir fəlsəfənin önyarğılara, təəssübə və yanlış önfərziyyələrə məruz qaldığına şahid ola bilirik. İnsanlar yarandığı gündən etibarən ideal fəlsəfəyə doğru addımlamaqdadırlar. Kimisi ondan daha uzaqda, kimisi isə ona daha yaxındır.

43. Bu gün “İslam fəlsəfəsi” deyə tanınan fəlsəfə iki əsas hissədən ibarətdir: metafizika və ilahiyyat. Fəlsəfənin birinci hissəsi varlığın ümumi sturkturunu təsvir edib ona hakim olan universal qanunları kəşf etməyə çalışır. Ancaq ikinci hissəsi xüsusi bir ilahiyyat modeli təqdim edir. Bu ilahiyyat əslində vəyhdən qaynaqlanan dini ilahiyyat deyil, əksinə, fəlsəfi ilahiyyatdır, yəni fəlsəfənin birinci hissəsində əldə edilən fəlsəfi nəticələr üzərində qurulan bir ilahiyyat modelidir. Adətən, müsəlman cameəsində bəziləri tərəfindən fəlsəfəyə qarşı yönələn hücumlar, iradlar, etirazlar əslində fəlsəfənin ilahiyyat bölməsinə qarşıdır. Nadir hallarda kimsə fəlsəfənin xalis hissəsi olan metafizikaya irad bildirir.

44. İnsan fəlsəfəyə girişməzdən əvvəl ətraf aləmdəki hər şey ona “sadə” nəzərə çarpır. Elə sanır ki, hər şeyi reallıqda olduğu kimi anlamq xeyli asan bir işdir. Elə ki, fəlsəfə ilə tanış olur, fəlsəfələməyə başlayır, zehni fəlsəfi suallarla, problemlərlə yoğrulur, bu zaman sadə baxış öz yerini mürəkkəb və daha dərin bir baxışa verir. Artıq dünənə qədər hər şeyi anladığını, çözdüyünü düşünən adam bu gündən etibarən bir çox bilgilərinin yanlış oldğunun fərqinə varır. Bəli, fəlsəfə insanı “sadə düşünmək”dən çıxararaq onu daha dərindən düşünməyə vadar edir.

45. Etiraf etməliyəm ki, çox zaman fəlsəfə insana aramlıq bəşx etmir, əksinə, malik olduğu zehni aramlığını onun əlindən alır. Nə üçün? Ən azı, ona görə ki, fəlsəfə onun qurduğu bir çox “düşüncə evləri”ni yerlə yeksan edir və “həqiqət” sandığı bir çox nəsnələrin əslində xəyal, batil, yanlış olduğunu üzə çıxardır. Digər tərəfdən, fəlsəfə insana aramlıq bəxş edəndə elə bir aramlıq bəşx edir ki, ləzzətindən doyum olmur. Zənnimcə, fəlsəfəni “fəlsəfə” edən də məhz bu az sayda olan aramlıqlardır. Zatən, fəlsəfə bizə anlatmağa çalışır ki, insan həyatında çoxsaylı yalan aramlıqlar var, insan bacardığı qədər özünü onlardan arındırmalı və qorxmadan həqiqətin əsl çöhrəsi ilə üzləşməlidir, baxmayaraq ki, bu, ona acı verə bilər.

46. Elm tarixində “Fəlsəfə nədən danışır?”- sualına çoxsaylı cavablar verilib. Belə ki, kimisi “varlıq”, kimisi “idrak”, kimisi “dəyər”, kimisi “insan” və kimisi də “dil” deyib. Əslində fəlsəfənin predmetinə bu cür dar yanaşma yanlış olardı. Məgər hansı filosof qəti şəkildə fəlsəfənin predmetinin təkcə bir nəsnədən ibarət olduğunu isbatlayıb? Məgər bu, mümkündürmü? Əsla, belə bir şey mümkünsüzdür. Zənnimcə, fəlsəfə bəşəriyyətin fundamental problemlərindən söz açır və kimsə də öncədən bu problemlərin siyahısını müəyyənləşdirə bilməz. Bu siyahı zaman boyu yenilənə bilər. Odur ki, heç bir filosof fəlsəfəni dar bir çərçivə ilə məhdudlaşdırmağa haqqı çatmır. Bu mənada, fəlsəfə heç bir çərçivəyə sığmayan bir elm sahəsi hesab olunur.

47. “Fəlsəfə-irfan-ilahiyyat” üçlüyündə, zənnimcə, həmişə önəmli bir məqam gözdən yayınır və bu da öz növbəsində bir çox yanlış anlaşılmalara yol açır. Fəlsəfəni filosofdan, irfani arifdən, ilahiyyatı da ilahiyyatçıdan ayırmaq lazımdır. Bu, o deməkdir ki, bu üç elm sahəsinin bir-birinə olan münasibəti şəxslərin bir-birinə olan münasibətindən ayıraraq dəyərləndirilməlidir. Bu əsasla, bir filosof hansısa bir məsələdə bir ariflə və ya ilahiyyatçı ilə (və ya əksinə) toqquşursa və aralarında fikir ayrılığı yaranırsa, bu, o demək deyil ki, həmin məsələdə fəlsəfə irfanla və ya ilahiyyatla toqquşur və ya əksinə. Çünki həmin sahənin mütəxəssisləri yanıla bilər, belə ki, bir filosof və ya arif və yaxud ilahiyyatçı uyğun elm sahəsini- fəlsəfə, irfan və ilahiyyatı düzgün təhlil etməyə bilər. Odur ki, mütəxəssislərin toqquşmasından uyğun elm sahələrinin toqquşması nəticəsini almaq məntiqi baxımdan yanlış olardı. Tarix boyu bu üç elm sahəsini bir-birinə qarşı qoyanlar əslində qeyd olunan məntiqi səhvə yol veriblər. demək, kiminsə bu kimi toqquşmaları çözə bilməməsi o demək deyil ki, bu, əslində də belədir, yəni reallıqda da həmin məsələ ilə əlaqədar fəlsəfə, irfan və ilahiyyat bir-biri ilə toqquşur.

48. Yeganə elm sahəsi, mənə görə, fəlsəfədir ki, öz sərhəddini yalnız özü təyin edir və kimsə və ya nəsə ona bu məsələdə kənardan müdaxilə edə bilməz. Fəlsəfə harda dayanmalı və harda hərəkət etməli olduğunu və hansı mövzunun onun tədqiqat sahəsinə daxil olub-olmadığını təkcə özü bilir. Kimsə ona “Dur!” əmri verə bilməz. Odur ki, fəlsəfə varlıq aləmində üç sahə ilə qarşılaşır:
-İsbat sahəsi;
-İnkar sahəsi;
-Sükut sahəsi.
Fəlsəfə isbat və inkar sahəsində rahat bir şəkildə hərəkət edir, belə ki, isbat ediləni isbat, inkar ediləni isə inkar edir. Sükut sahəsində isə dayanmalı olduğunu özü anlayır, belə ki, o sahəyə aid olanları nə isbat, nə də inkar edir. Buna görə də, fəlsəfə bəşər düşüncəsində üç növ bilginin var olduğunu qəbul edir: 1) rasional bilgi (isbat sahəsi), 2) antirasional bilgi (inkar sahəsi), 3) irrasional bilgi (sükut sahəsi).

49. Fəlsəfənin hədəflərindən biri də insan idrakının çərçivəsinə sığa biləcək hər bir nəsnə və ya olay barədə yeni suallar istehsal etməkdir.

50. Bütün elm sahələrini, o cümlədən, fəlsəfəni bir “ev” kimi təsəvvür etmək olar. Aydın olduğu kimi, ev tikmək üçün çoxsaylı şeylərə ehtiyac duyulur. Məsələn, bir evin möhkəm özülü, bünövrəsi, çertyoju, daşı, taxtası, sahəsi, torpağı, sementi və s. bu kimi şeyləri olmalıdır. Bu amillər əl-ələ verib bir evi şəkilləndirir. Bu kontekstdə bönövrə amili ən həyati rol oynayır. Yerdə qalanlar isə ikinci dərəcəlidir. Bu da o deməkdir ki, bünövrə sabit, əvəzolunmaz, qalanları isə dəyişkən, əvəzolunandır. Yəni, məsələn, adam daş əvəzinə kərpicdən, taxta əvəzinə dəmirdən və ya dəmir əvəzinə plastikdən istifadə edə bilər və s. Həmçinin evin çertyojunda da müxtəlif, rəngarəng formalardan, modellərdən yararlana bilər. Deməli, həm evin formasında, həm də – özül istisna olmaqla- məzmununda dəyişikik etmək olar. Odur ki, fərqli formalı və məzmunlu evlərin şahidi oluruq, belə ki, evlər həm formaca çertyojları fərqli olur, həm də məzmunca müxtəlif materiallardan istifadə edilir. Ancaq ortada təkcə bir şey- evin bünövrəsi dəyişməz olaraq qalır. Fəlsəfə də bu mənada evə bənzəyir. Belə ki, fəlsəfənin də bönüvrəsi, çertyoju, daşı, taxtası, sahəsi, torpağı, sementi olur. Evi “ev” olaraq saxlayan bönüvrə olduğu kimi, fəlsəfəni də “fəlsəfə” olaraq saxlayan onun bünövrəsidir. Bəli, kimsə fəlsəfənin daşında, taxtasında, sementində, sahəsində fərqli əvəzedicilərdən istifadə edə bilər, ancaq bünövrəsi barədə hamı eyni cür düşünür, düşünməlidir də, çünki bünövrənin olmaması əslində fəlsəfənin olmaması deməkdir. Necə ki, evin bünövrəsi olmasa, ev olaraq qurulub şəkillənə bilməz. Bu gün də, küçimşdə olduğu kimi, fərqli, çoxsaylı, rəngarən fəlsəfələrin şahidiyik. Bu fərqlilik hadisəsini ev hadisəsi kimi anlamaq olar. Əslində, bütün fəlsəfi cərəyanlarda, məktəblərdə, sistemlərdə, modellərdə onları ortaq məxrəcə gətirə biləcək bir özül, bünövrə var ki, onları “fəlsəfə” adı altında bir yerə toplaya bilir. Bəli, daşları, sementləri, taxtaları, sahələri fərqli ola bilər, ancaq hamısı vahid bünövrə üzərində qurulub. Biz isə məhz bu bünövrəni tapmalı, kəşf etməliyik.
Yuxarıda qeyd olunanlardan bir neçə nəticə əldə etmək olar:
1. Fəlsəfənin forması ilə məzmununu bir-birindən ayırmalıyıq, yəni çertyoju ilə materiallarını.
2. Fəlsəfənin özülünü, bünövrəsini axtarıb tapmalıyıq.
3. Fəlsəfənin formasını məzmunu (bünövrəsi) əsasında anlamağa çalışmalıyıq.
4. Heç bir zaman fəlsəfənin forma və ya formalarına aldanmamalıyıq.
5. Hər hansı bir fəlsəfi sonucu, məhsulu araşdırmaq istəsək, mütləq, o fəlsəfənin istifadə etdiyi daşa, taxtaya, sementə və onun hansı torpaq sahəsində inşa edildiyinə baxmalıyıq.
6. Fəlsəfələri araşdırarkən, onların hansı torpaq sahəsində şəkillənməsini həmişə diqqət mərkəzində saxlamalıyıq.

51. Bir adam gözəl fəlsəfə tədris edə bilər, amma bu, onun filosof olması anlamına gəlmir. Filosof:
-Yeni sual istehsal edəndir;
-Yeni problem ortaya atandır;
-Yeni çıxış yolları təqdim edəndir;
-Yeni sistem qurandır;
-Yeni düşüncə yaradandır;
-Yeni termin ixtira edəndir.

52. Fəlsəfə oxumaq bir şey, onu anlamaq isə ayrı şeydir.
53. Filosofun işi təhlildir, istehsaldır- düşüncə istehsalı. Filosof düşünür və tapır- kəşf edir. Bəzən nəsə oxuyaraq, bəzən hansısa bir şübhəyə cavab olaraq və s. Ümumiyyətlə, kəşfin mexanizmi məchuldur, yəni filosof nə edir ki, sonda nəyinsə kəşfinə nail olur? Bax, bunun bəlli bir formulu yoxdur. Filosof sadəcə olaraq bəzi situasiyalarda hansısa bir düşüncənin kəşfə nail olur.
54. Elmlə fəlsəfənin fərqi ondadır ki, elm adamı hansısa bir elmi nəzəriyyədən istifadə etmək istədikdə o nəzəriyyənin lehinə olan dəlillərin doğru olub-olmadığını yoxlamadan onu qəbul edə və ondan istifadə edə bilər, ancaq bir filisof başqa bir filosofun görüşünü və ya cavabını qəbul etmək istəsə, bu zaman həmin filosofun qət etdiyi yolu eynilə o da qət etməli və eyni nəticəyə (görüş və ya cavab) varmalıdır. Əks təqdirdə, onu qəbul edə bilməz. Deməli, elm adamı başqa bir elm adamının nəzəriyyəsini dəlilsiz qəbul edə bilər, amma bir filosof başqa bir filosofun görüşünə münasibətdə belə bir davranış sərgiləyə bilməz.

55. Bir var, fəlsəfəni oxuyursan, əzbərləyirsən, bülbül kimi ötürsən, harasından soruşulsa dərhal cavab verirsən. Bir də var, fəlsəfə sənin bütün həyatına çevrilir- düşüncən və davranışın fəlsəfiləşir. Bir sözlə, fəlsəfi həyat sürürsən və bu, sənin həyat tərzinə çevrilir. Elə buna görə, Kant deyirdi ki, fəlsəfəni kiməsə öyrətmək olmaz, sadəcə, ona “Necə fəlsəfələyə bilərsən” – deyə söyləyə bilərsən. Fəlsəfə bilgi transferi deyil, əksinə, bir növ metoddur, yoldur fəlsəfələmək.

Oxşar yazılar
Fəlsəfəyə dair bəzi qeydlərim (1-ci hissə)
Fəlsəfənin mahiyyətini açıqlayan ən gözəl təmsil
Zərurilik, mümkünlük və mümkünsüzlük
Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?