Fəlsəfəyə dair bəzi qeydlərim (1-ci hissə)

1.Fəlsəfələmək üçün ateist olmaq üstünlük sayılmadığı kimi dindar olmaq da nöqsan hesab olunmur. Başqa sözlə, ateist birisinin qeyri-dini önfərziyyələrlə fəlsəfəyə girişməsi onun üçün üstünlük olmadığı kimi dindar birisinin də dini önfərziyyələrlə fəlsəfələməsi nöqsan deyil. Elm fəlsəfəsinin dili ilə desək, önəmli olan kəşf konteksti (context of discovery)” yox, “əsaslandırma konteksti (context of justification)”dir. Bu, o deməkdir ki, fəlsəfələmək üçün istifadə olunan önfərziyyələrin haradan əldə edildiyi bir o qədər önəmli deyil, əksinə, əsas olan odur ki, fəlsəfələdikdən sonra əldə etdiyin “fikri məhsul”un nə qədər əsaslandırılmış (justified) olmasıdır. Odur ki, fəlsəfələmək üçün nə ateist, nə də dindar olmağa gərək var. Buradan aydın olur ki, ateist adamın fəlsəfələməsini dindar adamın fəlsəfələməsindən daha obyektiv olduğunu hesab edənlər nə qədər yanlış mühakimə yürüdürlər. Bunun əksi də doğrudur.

2.Mənə görə, fəlsəfədə qırmızı xətlər var. Kimsə “qırmızı xətt” deyilən bir şeyi qəbul etmirsə, o, əslində, fəlsəfəni inkar edir, fəlsəfəni inkar edənsə əqli oyun qaydalarını pozmuş olur. Qaydanı pozmaqsa artıq anarxizm hesab olunur, anarxizmsə, necə deyərlər, “filmin sonu” deməkdir. Filmin sonu da “İnsanlığın ruhuna fatihə” deməkdir.

3.Fəlsəfə insanın düşüncə və davranışını yumuşaldır.

4.Fəlsəfənin faydalarından biri də odur ki, səni dəyişir, yəni artıq sən əvvəlki “sən” olmursan, fəlsəfə oxumazdan əvvəlki vəziyyətinlə fəlsəfə oxuduqdan sonrakı vəziyyətin bir-birindən tamamilə fərqlənir. Daha dünyaya, ətrafına, insanlara, cəmiyyətə, oxuduqlarına fərqli bir pəncərədən baxırsan. Sankı dünənə qədər onları oxuyan sən deyildin, başqası idi. O “sən” gedib, yerinə başqa bir “sən” gəlib. Bəli, bax, fəlsəfə insanı bu qədər dəyişə bilir.

5.Təcrübələrimə dayanaraq deyə bilərəm ki, fəlsəfə qeyri-adi, maraqlı, fantastik şəkildə anladılmasa, kimsədə ona qarşı nə maraq yaranar, nə də onu anlayar. Fəlsəfə, mənə görə, qeyri-adilikdir.

6.Elmlər içərisində fəlsəfə qədər ikinci tolerant elm yoxdur.

7.O toplumda ki, fəlsəfə oxunmur, tədris edilmir, fəlsəfi kitab və məqalələr yayınlanmır, orada cəfəngiyat, mövhumat, xurafat, nağıl, terror, ekstremizm, dözümsüzlük öz sözünü deyəcək. Bu sadalanan zəhərlərin aradan qalxması üçün padzəhər qaçılmazdır ki, o da təkcə fəlsəfədir.

8.Fəlsəfə təkcə akademik mühitdə həbs olunarsa, onda varlığı ilə yoxluğu eyni olacaq. Fəlsəfəni akademik mühitdən insanların evlərinə daşımayana qədər, fəlsəfə öz funksiyasını layiqincə həyata keçirə bilməyəcək.

9.Fəlsəfə də “idman” kimi bir şeydir, yəni bir insan idmana getmədən də fiziki gücə sahib ola bilər, amma idmana gedən biri ilə müqayisədə daha az gücə malik olacaq. Odur ki, insanlar fəlsəfi düşünə bilər, lakin fəlsəfə oxuyan, onunla məşğul olan biri ilə eyni, bərabər tutula bilməz. İkinci adam birinci adama baxanda, həmişə daha dəqiq, daha obyektiv fəlsəfi təhlillər aparacaq.

10.”Fəlsəfə” ilə “filosof”u səhv salmaq fəlsəfə barədə yanlış anlaşılmaya, zehində yanlış təsvirin formalaşmasına gətirib çıxarda bilər. Demək, həmişə bu ikisini bir-birindən ayırmalıyıq ki, onları obyektiv şəkildə dəyərləndirə bilək. Həm də, aydın olur ki, filosofun düşüncə və qənaətlərinə istinad edərək fəlsəfə barədə hökm çıxarmaq məntiqi baxımdan yanlış olardı. Çünki filosof öz təhlillərində, ağılı istintaq etmədə səhvə yol verə bilər. Ancaq bu, o demək deyil ki, yeganə qaynağı ağıl olan fəlsəfə batil və ya faydasız bir şeydir.

11.Dünyada fəlsəfənin iki mənşəyi var: Fəlsəfə var, mənşəyi qədim Yunan, Rum və Misirdir. Fəlsəfə də var, mənşəyi qədim Hindistan və Çindir. Bu əsasla, Qərb fəlsəfəsi dedidikə, mənşəyi qədim Yunan, Rum və Misirdən olan fəlsəfi məktəb və sistemlər nəzərdə tutulur. Şərq fəlsəfəsi dedikdə isə, bunun əskində olaraq, mənşəyi Hindistan və Çindən olan fəlsəfi məktəblər və sistemlər nəzərdə tutulur. Bu mənada, İslam fəlsəfəsini də Qərb fəlsəfəsi hesab etmək olar, çünki o, müəyyən mənada Yunan və Rum fəlsəfəsindən təsirlənmişdir. Ancaq bu təsirlənmə heç də təqlid anlamına və digər qaynaqlardan yararlanmaması anlamına gəlmir. Sadcə olaraq, məqsəd ondan ibarətdir ki, İslam fəlsəfi – yuxarıda qeyd olaunan mənada – Şərq fəlsəfəsi kateqoriyasına deyil, Qərb fəlsəfəsi kateqoriyasına daxildir. Bu əsasla, İslam fəlsəfəsini Şərq fəlsəfisi kimi qələmə vermək yalnış olardı.

12.Fəlsəfə – sistematik əqli təfəkkür deməkdir.

13.İnanın ki, bəlkə də, təkcə bizdə var -mən buna tam əminəm- ki, fəlsəfəoxuyana, fəlsəfəbilənə, fəlsəfədeyənə, fəlsəfəyazana və bir sözlə, fəlsəfəsevənə “FİLOSOF” deyirlər. Hətta fəlsəfə sahəsində professor olana belə filosof deyilmir, o ki qalışdı PH.D alana filosof deyilsin. Necə də təəccüblu bir durumdur! Bizdə filosof adlandırılanı dünyaya çıxarası olsaq, bizə gülər, hətta daşqalaq belə edərlər. Bu nə dərddir axı?! Hər bir terminin öz əhli, öz adamı var, layiq olmayana deyiləndə, inanın, gülüng görsənir qıraqdan.
Yuxarıda sadalananların heç birisi filosof deyil, o adla adlanmasına layiq deyil. Filosof başqa adamdır.
FİLOSOF- ortaya fikri məhsul qoyandır: öz məhsulunu ha, başqasının sözünü öz adından verən və ya onunkunu izah edən yox.
FİLOSOF- ortaya fikri sistem qoyandır, yenilik gətirəndir, çözülməyən fikri probelmləri həll edəndir.
Mən hələ Söhrəvərdinin filosofa verdiyi tərifi demirəm. O belə deyirdi: Filosof o adamdır ki, ruhunu bədənindən istədiyi vaxt ayıra bilsin.
Axı, mən necə yuxarıda sadalanan adamlara filosof deyib, onları da Aristotel, Platon, Sokrat, İbn Sina, Söhrəvərdi, Sədra, Kant, Dekart, Hegel, Haydegger, Vitgenşteyn və s. bu kimi filosofların cərgəsinə qatım?! Heç insaflı olar bu sizcə?! Əsla. Heç, filosof olmayanla filosof olan bir tərəzinin gözünə qoyularmı?!

14.Bir millətin ortaq dəyərlər sistemi yalnız onun əqli və əxlaqi dəyərlər sistemi ola bilər. Məlum olduğu kimi, həm əqli, həm də əxlaqi dəyərlər – hər ikisi də fəlsəfi hesab olunur. Deməli, milləti ayaq üstə saxlayan fəlsəfədir. Hər bir millətin mütləq bir fəlsəfi altqrumu var, bunu bilsək də, bilməsək də. Bəli, bəzən bu fəlsəfə xam ola bilər və ya yalnış ola bilər, ancaq fəlsəfə hər bir millətin dəyərlər sistemini təşkil edir. Fəlsəfəsiz heç bir millət yoxdur.

15.Biz şərqlilər də, qərblilər kimiyik. Sonra da deyirik ki, Qərb fəlsəfə dünyasında fikir ayrılığı çoxdur, fikri sabitlik deyə bir nəsnə yoxdur onlarda. Fəlsəfi məkətblər, cərəyanlar həddən ziyadə artıqdır. Unudurq ki, biz müsəlmanların fəlsəfi mirasına da bu cür sabitsizlik hökm edir. Bir örnək verim sizə. “Həqiqət nəzəriyyəsi” adlı bir təlim var fəlsəfədə. Bu təlim deyir ki, hansı şəraitdə bir müddəa və ya nəqli cümlə doğru və ya yalan hesab olunur. Daha aydın desəm, “Doğru və yalan müddəanın və ya cümlənin tərifi nədir?”- sualına cavab axtarmağa çalışır bu nəzəriyyə. Bu istiqamətdə, Şərq fəlsəfəsində məqbul olan nəzəriyyə “mütabiqət (uyğunluq)” (Correspondence Theory) nəzəriyyəsidir. Bu nəzəriyyə nə deməkdir? Sadə dillə desəm, bu, o deməkdir ki, bir müddəa və ya nəqli cümlə (məsələn, Bu gün bazardır. Günəş aydan daha böyükdür. Aristotel dünyasını dəyişib və s. kimi) o zaman doğru hesab olunur ki, reallıqla, gerçəkliklə üst-üstə düşsün, onu olduğu kimi əks etdisin və o zaman yalan sayılır ki, reallıqla, gerçəkliklə üst-üstə düşməsin, onu olduğu kimi əks etdirməsin. Məsələn, “Aristotel sağdır.”- cümləsi yalan cümlədir, ona görə ki, reallıqla uzlaşmır, onu olduğu kimi əks etdirmir. İndi isə keçim əsl mətləbə. Deməli, biz müsəlanların fəlsəfi mirasında bu mütabiqət nəzəriyyəsi düz 5 cür təfsiri, oxunuşu vardır. Hər bir təfsir, oxunuş da bir fəlsəfi təlimi ortaya qoyur. Bir sözlə, aləmi vurur bir-birinə. İnanın, Qərbi də dalda qoyuruq. Mən sədəcə burada onların adlarını sadalayıb, ayrıca bir fürsətdə isə onları şərh etməyə çalışacam:
1. Ənənəvi nəzəriyyə (yuxarıda izah etdiyim təfsir);
2. Nəzzamın nəzəriyyəsi;
3. Cahizin nəzəriyyəsi;
4. Səbkinin nəzəriyyəsi;
5. Rağibin nəzəriyyəsi.

16.Bəzən toplum içərisində xüsusi bir kəsim tərəfindən fəlsəfənin inkarı, danılması üzərinə aparılan polemikaların, dartışmaların şahidi olmaq olur. Rahatlıqla fəlsəfəni, fəlsəfə adında olan hansısa bir nəsnəni danır və rədd edirlər. Elə düşünürlər ki, öz müddəalarının lehinə sübutları da var. Belə olsun! Tutalım, öz fikirlərini isbatlamq üçün müəyyən sübutları da vardır.Ancaq unudurlar ki, hər hansı bir fəlsəfəni rədd etmək üçün yenə də fəlsəfədən istifadə edilməlidir. Əslində, onların isbatladıqları özü bir fəlsəfədir. Yəni əlehinə qalxdıqları mövcud fəlsəfəsin yerinə yeni bir alternativ fəlsəfə ortaya qoymağa çalışırlar. Deməli, insan fəlsəfələmək istəsə də, fəlsəfələmək istəməsə də – hər iki halda fəlsəfələməlidir. Sonucda fəlsəfə və fəlsəfələmək qaçılmazdır.

17.Fəlsəfə- xilaskardır.

18.Zənnimcə, həyatın bir mənasını da fəlsəfə ilə məşğul olmaqda axtarmaq gərəkdir. Fəlsəfə əslində həyatın mənası barədə düşünməkdir. İnsan filosofluq edəndə, fəlsəfə ilə məşğul olanda həyatın mənasına yaxınlaşmış olur. Tarix boyu həm dinlər, həm fəlsəfi məktəblər həyatın mənasından danışıb. “Həyatın mənası nədir?” sualına çoxsaylı, rəngarəng cavablar verilib, ancaq əslində bunların hamısı öz-özlüyündə bir “FƏLSƏFƏ”dır. Demək, həyatın mənası fəlsəfədə gizlidir. Düzdür, adamlar fərqli fəlsəfələrlə bu mənın axtarışına çıxa və müəyyən bir fəlsəfi görüş seçə bilərlər, amma əsas olan odur ki, hamı “FƏLSƏFƏ”nin sorağına gedir. Ona görə də, düşünürəm ki, Dünyaya ikinci dəfə gəlsəydim, yenə də sevə-sevə fəlsəfə ilə məşğul olmaq istəyərdim, çünki fəlsəfələmək həyatımın mənasıdır.

19.Hər bir elm kimi fəlsəfə də inkişaf edə bilir və hazırda da, inkişaf edir. Ancaq hər bir elmin inkişafı, yüksəlməsi özünə görədir. Fəlsəfənin inkişafı isə tapıntılarında deyil, sübutlarındadır. Məsələn, bir fəlsəfi məsələyə bu günəcən iki sübut tapılmışdırsa, fəlsəfə üçüncünü və ya dördüncünü kəşf edir və ya əksinə; bir fəlsəfi məsələnin lehinə bir neçə sübut deyilmişdirsə, fəlsəfə gəlir, sübutları təkzib edir. Bu mənada, fəlsəfədə inkişafdan, yüksəlişdən söz açmaq olar.

20.Fəlsəfə kiminsə şəxsi mülkü deyil.

21.Fəlsəfi terminlərdən istifadə etmədən “Fəlsəfələyən (Doing The philosophy)” xeyli sayda adamlar var.

22.İnsanın öz ana dilində fəlsəfə yazması, anlatması, oxuması və anlamasının ayrı bir həzzi var. Yenə də öz ana dilimiz. Ana kimi insana doğma və şirindir. Belə deyilmi?!

23.İnsan fəlsəfə oxumadan da, filosof ola bilər, amma sadə, səthi.

24.Fəlsəfə- fikir mühəndisliyidir.

25.”Fəlsəfi dərd”i olmayan fəlsəfə anlaya bilməz.

26.Fəlsəfəni oxumaqla deyil, yaşamaqla öyrənmək lazımdır. Fəlsəfə təlim, öyrəti deyil, praktikadır. Praktika isə yaşam tərzi (Form of life) deməkdir. Fəlsəfə bu mənada, subyektin bilik həyatı prosesi sürəsində obyektivləşməsidir, yəni düşüncələrini, inamlarını obyektiv reallığa, gerçəkliyə adekvat etməsi, onunla üst-üstə salmasıdır. Qeyd edim ki, “Fəlsəfə praktikadır.”- dedikdə, Vitqenşteynin “Fəlsəfi-məntiqi traktat” əsərində (4.112-ci aforizm) “Fəlsəfə təlim deyil, əksinə, fəaliyyətdir” deyiminə işarə etmirəm. Çünki O, fəlsəfəni bilik qaynağı olaraq qəbul etmirdi. Əksinə, fəlsəfənin görəvini yalnız düşüncələrin sərhədini dəqiq şəkildə təyin etmək, onları aydınlaşdırmaq kimi bilirdi. Deməli, fəlsəfə çalışmadır. Önəmli olansa odur ki, bu çalışmanı düzgün həyata keçirək.

27.Fəlsəfəni yalnız fəlsəfə ilə inkar və ya rədd etmək mümkündür. Bu da o deməkdir ki, inkar və ya rədd edilən fəlsəfəyə qarşı yeni bir fəlsəfi alternativ irəli sürülməlidir. Deməli, fəlsəfə inkar və ya rədd edilə bilməz, əksinə, isbat və ya təsdiqlənə bilər həm inkar olunarkən, həm də iqrar olunarkən.

28.Bir zaman var idi, fəlsəfə dininə xidmət edirdi, belə ki, fəlsəfədən bir alət kimi istifadə edilirdi. İlahiyyatçılar dini müddəalar üçün fəlsəfi bir əsas axtarışında idilər. Çalışırdılar ki, mövcud fəlsəfədən dini inamların lehinə maksimum yararlana bilsinlər. Düşüncə tarixdə bu alət rolunu oynayan fəlsəfə daha çox peripatetizm fəlsəfəsi olmuşdur.
Bir zaman gəldi, fəlsəfə tamamilə empirik, təcrübi elmlərin xadiminə çevrildi. Con Lok, Yum, Kant və s. kimi filosofların sayəsindəfəlsəfə empirik elmlərin köləsinə çevrilərək onlara xidmət etməyə vadar edildi.
İndi də bəzi analitik filosoflar çıxıb iddia edirlər ki, fəlsəfə xalqın “sağlam ağıl”ına xidmət etməlidir, belə ki, xalq nəyi dərk edirsə və nəyi həqiqət, gerçək olaraq hesab edirsə, fəlsəfə məhz onun fəlsəfi əsaslarını tapmalı və bunu tamamilə əqli baxımdan əsaslandırmalıdır.

Ancaq burada dördüncü bir versiya da var: Fəlsəfə fəlsəfəyə xidmət etməli və heç bir şeyin və ya kəsin alətinə çevrilməməlidir. Fəlsəfə mahiyyət etibarilə azad bir elm sahəsidir. Onu qul, külə etdinsə, artıq fəlsəfə olmaqdan çıxacaqdır.
Deməli, fəlsəfə xidmətçi deyil, ağa olmalıdır. Yalnız “ağa” olduqda, fəlsəfə kimi qala bilər. Əks təqdirdə, (…) olacaqdır. Nöqtələrin yerini isə kim necə gəldi özü bildiyi kimi dolduracaqdır.

29.Adətən, bu gün çağımızda fəlsəfəyə iki cür yanaşma var: metod kimi və bilik qaynağı kimi. Birinci yanaşma fəlsəfəni düşüncələri araşdırmaq, tənzimləmək, başqası ilə dialoqa girmək üçün ondan vasitə kimi istifadə edir. Bu yanaşmanı formal adlandırmaq olar, yəni fəlsəfə bu yanaşma tərzində insana, onun səadətini təmin edən bilgilər, biliklər aşılamır. Sadəcə olaraq onun bilik şəbəkəsini (Set of Belief) sistemləşdirir və o şəbəkədəki inamların, biliklərin nə dərəcədə reallıqla uzlaşması, ona adekvat olması dərdində deyil. Başqa sözlə, dərdi məzmun dərdi deyil, forma dərdidir. Fəlsəfə bu mənada məntiq funksiyası ilə çıxış edərək insana fikri qəliblərdən başqa heçnə bəxş etmir. İkinci yanaşma isə bunun əksinə olaraq fəlsəfədən bilik qaynağı kimi yararlanmağa çalışır. Bu isə o deməkdir ki, fəlsəfə insana obyektiv reallıqda olan gerçəklər barədə bilgi verir. Bunla da, onun səadətini təmin edən bilgilər qaynağına çevrilir. Fəlsəfənin bu yanaşma tərzində yeganə dərdi insanın inam şəbəkəsindəki inamların, biliklərin məzmun dərdini çəkmək və onların reallığı olduğu kimi əks etdirməsini təmin etməkdən ibarətdir. Fəlsəfə bu mənada, məsələn, fizika elminin insana bilik ifadə etdiyi kimi bilik aşılamağa çalışır. Hərçənd, bu iki elmin bilik növü bir-birindən fərqlidir.

30.Hamımız evin necə çirkli olduğunu, evdə yerə tökülən çörək qırıntılarını, evin darmadağın olduğunu, bir sözlə, nizam-intizamsızlığını yaxından müşahidə etmişik. Baxın, bir çox insanların da zehini bu mənada evə bənzəyir, yəni zehinlərində söz qırıntıları, sözlərin darmadağın şəkildə pərakəndəliyi, zehindəki inamlarının nizam-intizamsız səpələnib bir-biri ilə harmonik şəkildə uyğun gəlməməsi, bir-birini tamamlamaması və s. bu kimi söz və cümlə çirkliliyi. İnsanlar danışarkən, onların zehinlərinin çirkli olub-olmadığını sözlərinə hakim olan məntiqdən, fəlsəfədən təyin etmək mümkündür. Fəlsəfənin insan zehninə bəxş etdiyi faydalardan biri də onun inam şəbəkəsini (Set of belief) sistemləşdirmək və pərakəndəlikdən xilas etməkdir.

31.Mən fəlsəfəyə dil oyunu, düşüncələri tənzimləyən metod kimi deyil, əksinə, “bilik qaynağı” kimi baxıram. Buna görə də, maddi həyatıma xidmət edən empirik, təcrübi elmlərə ümid bağladığım kimi, fəlsəfəyə də ümid bağlamışam. Hər iki elm sahəsindən bilgi əldə edirəm, hər dəfə yeni bir bilgi əldə etdikdə, sonsuz məchullarımdan birini məluma çevirmiş oluram və həyatımda yeni bir səhifə, yeni bir pəncərə açılmış olur. Bununla da, varlıq aləmini və içindəkiləri daha da dərindən dərk etməyə başlayıram.

32.Məncə, fəlsəfələmək istəyən adamda şərt olaraq iki əsas xüsusiyyət olmalıdır: səmimiyyət və ciddilik. Adam fəlsəfəfələyəndə, həm səmimi, həm də ciddi olmalıdır. Bu, o deməkdir ki, insan fəlsəfəyə “oyun” kimi baxmamalı, əksinə, həqiqətə açıq olmalı, onu gördükdən sonra, ona arxa çevirməməli və nəticədə, nə özünü, nə də başqasını aldatmamalıdır. Adam bu iki şərtə riayət etdiyi zaman, fəlsəfələmə prosesində əldə etdiyi məhsul, nəticə önəmli deyil. Əlbəttə, “önəmli deyil” deyimini iki cür anlamaq olar:

1) normativ anlamda, yəni fəlsəfələyən adamın əldə etdiyi məhsulun aksioloji (dəyər) baxımdan dəyərləndirilməsi;

2) təsviri anlamda, yəni fəlsəfələmə prosesində əldə edilən məhsulun ontoloji (varlıq) baxımdan açıqlanması.

Əldə edilən fikri məhsulun önəmli olmamasını dedikdə, məqsədim normativ alam deyil. Yəni bunu söyləmək istəmirəm ki, fəlsəfələyən adamın əldə etdiyi nəticənin heç bir dəyəri, qiyməti yoxdur. Haşa! Belə bir anlamı qəsd etmirəm. Söyləməyə çalışdığım ondan ibarətdir ki, adam fəlsəfələyəndə səmimi və ciddi olduğuna görə, əldə etdiyi nəticənin nə olmasından asılı olmayaraq bu adam bütün səyini ortaya qoymaqla müəyyən bir nəticəyə nail olmuşdur. Filosof onun “nə kimi bir nəticə” olmasına deyil, əksinə, onun “sadəcə olaraq  bir nəticə” olmasına baxır, çünki bu adam səmimiyyət və ciddilikdən doğan “sübut”la o nəticəyə varmışdır. Bəli, bir adam başqa adamın əldə etdiyi fəlsəfi nəticəni dartışa bilər. Ancaq bu, yenə də səmimiyyət və ciddilik prinsipi əsasında həyata keçməlidir. Bir örnək verim: Fərz edin, “Cisim mövcuddur”- müddəası gerçəkliyə adekvat olan, düz gələn bir müddəadır. Yəni doğrudan da, xarici aləmdə cisim adlı bir nəsnə mövcuddur. İndi, kimsə fəlsəfələmə zamanı müəyyən bir sübut sayəsində “Cisim mövcud deyil”- nəticəsinə vararsa, bu, həmin adamın fəlsəfi zəhmətinin dəyərsiz olması anlamına gələ bilərmi? Xeyir. Önəmli olan onun fəlsəfələyərkən səmimiyyət və ciddiliyidir və məhz bu kontekst daxilində müddəasının lehinə təqdim etdiyi sübutdur. Bəlkə də, “Fəlsəfə sərhəd tanımayan, azad bir elm sahəsidir.”- deyildikdə, bu anladılanlar nəzərdə tutulur.

33.Hər bir fəlsəfi inam- növündən asılı olmayaraq üç durumdan birində ola bilər:

Rasional, yəni ağıl onun doğru olduğunu qəti şəkildə isbatlaya bilər;

Antirasional, yəni ağıl onun yalan olduğunu qəti olaraq isbatlaya bilər;

İrrasional, yəni ağıl nə onun doğru olduğunu, nə də onun yalan olduğunu qəti isbatlaya bilər.

Aydındır ki, birinci durumda olan fəlsəfi inamlar ağıl tərəfindən tam məqbul hesab olunduğundan, onları qəbul etməliyik. İkinci durumdakı inamlar isə ağıl tərəfindən tam rədd edildiyinə görə, onları danmalı və qırağa qoymalıyıq. Mübahisəli olan üçüncü durumdakı fəlsəfi inamlardır. Bunları nə etməliyik: qəbul etməli, yoxsa danmalı? Hansı biri? Bu durumda olan fəlsəfi inamlarla bağlı üç fərqli hal yarana bilər:

  1. A) Fəlsəfi inamın lehinə olan göstərici şahidlər, əlamətlər (hansılar ki, o inamı nə qəti isbatlayır, nə də qəti inkarlayır) o inamın lehinə olan göstərici şahidlər, əlamətlərdən daha çoxdur.
  2. B) Fəlsəfi inamın lehinə olan göstərici şahidlər, əlamətlər o inamın lehinə olan göstərici şahidlər, əlamətlərdən daha azdır.
  3. C) Fəlsəfi inamın lehinə olan göstərici şahidlər, əlamətlər o inamın lehinə olan göstərici şahidlər, əlamətlərlə dümdüz bərabərdir.

İrrasional fəlsəfi inamların “A” və “B” bəndlərini qəqbul edib, onların əsasında fəlsəfələyə, fəlsəfi mühakimələr, mülahizələr yürüdə bilərik. Hərçənd, bu, rasional və antirasional fəlsəfi inamlardakı kimi qəti deyil, ehtimali şəkildə olacaq. Hər halda, bu kimi fəlsəfi inamları büsbütün kənara qoymaq da doğru olmazdı. Bir çox elmi, təcrübi, ictimai, siyasi və s. fərziyyələrin həlli, çözümü istiqamətində bu fəlsəfi inamlardan yararlanmaq mümkündür. Bəli, irrasional fəlsəfi inamların “C” bəndindəki inamlar isə tamamilə yararsız olub, onlardan heç bir şəkildə istifadə etmək olmaz, çünki onların doğruluq və yalanlıq dərəcəsi tamamilə bərabərdir.

Sonda onu da deyim ki, irəlidə anlatdığımız üçlü durum, əvvəla, təkcə əqli, fəlsəfi inamlara aiddir. İkincisi, bütün əqli, fəlsəfi inamların hər birinə ayrı-ayrı tətbiq edilə bilər. Üçüncüsü, hətta indiyəcən bu mövzu ilə əlaqədar sizə anlatdığımın özü belə fəlsəfi bir inam kimi üçlü durumun hökmündən istisna deyil. Dördüncüsü, kimsə fəlsəfi baxımdan bu üçlü duruma irad etsə belə, yenə də üç durumdan birində olmalıdır.

34.Fəlsəfi anlayışların özəlliyi belədir ki, “zehin” adlı bir zavodda istehsal edilir, ancaq insanlar tərəfindən xarici aləmdə istehlak olunur. Örnək üçün səbəb-nəticə anlayışını göstərək. Məsələn, mən bir “od”a baxıram və müşahidə edirəm ki, ondan “istilik” doğur. Zehin fəaliyyətə başlayır və iki hadisəni, olayı bir-biri ilə müqayisə edir, bu zaman şahidi olur ki, istiliyin varlığı odun varlığından asılıdır, belə ki, od olmayanda, istilik də mövcud olmur. Deməli, od olmalıdır ki, istilik də ondan qaynaqlansın, doğsun, yaransın. Zehin bu iki hadisəni müşahidə etdikdən sonra, bu ikisi arasında müqayisə sayəsində “səbəb” və “nəticə” anlayışlarını istehsal edir- yaradır, alır, formalaşdırır. Odun adını səbəb, istiliyin adını isə nəticə qoyur. Obrazlı ifadə etsək, bu iki malı zehin zavodu istehsal edir, ancaq bunları insanlar xarici aləmdə istehlak edirlər. Yəni xarici aləmə tətbiq edirlər və bununla da, varlıqlar arasındankı əlaqələri kəşf etməyə başlayırlar. Bu əsasla, bütün fəlsəfi anlayışlar yuxarıda qeyd olunan yolla əldə edilir.

Oxşar yazılar
Zərurilik, mümkünlük və mümkünsüzlük
Milli fəlsəfə üzərinə bəzi qeydlərim
Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)
Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?