Fəlsəfəyə iki fərqli yanaşma (1-ci dərs)

Adətən, bu gün çağımızda fəlsəfəyə iki cür yanaşma var: metod kimi və bilik qaynağı kimi.

Birinci yanaşma fəlsəfəni düşüncələri araşdırmaq, tənzimləmək, başqası ilə dialoqa girmək üçün ondan vasitə kimi istifadə edir. Bu yanaşmanı formal adlandırmaq olar, yəni fəlsəfə bu yanaşma tərzində insana, onun səadətini təmin edən bilgilər, biliklər aşılamır. Sadəcə olaraq onun bilik şəbəkəsini (Set of Belief) sistemləşdirir və o şəbəkədəki inamların, biliklərin nə dərəcədə reallıqla uzlaşması, ona adekvat olması dərdində də deyil. Başqa sözlə, dərdi məzmun dərdi deyil, forma dərdidir. Fəlsəfə bu mənada məntiq funksiyası ilə çıxış edir və insana fikri qəliblərdən başqa heçnə bəxş etmir. İkinci yanaşma isə bunun əksinə olaraq fəlsəfədən bilik qaynağı kimi yararlanmağa çalışır. Bu isə o deməkdir ki, fəlsəfə insana obyektiv reallıqda olan gerçəklər barədə bilgi verir. Bunla da, onun səadətini təmin edən bilgilər qaynağına çevrilir. Fəlsəfənin bu yanaşma tərzində yeganə dərdi insanın inam şəbəkəsindəki inamların, biliklərin məzmun dərdini çəkmək və onların reallığı olduğu kimi əks etdirməsini təmin etməkdən ibarətdir. Fəlsəfə bu mənada məsələn, fizika elminin insana bilik ifadə etdiyi kimi bilik aşılamağa çalışır, hərçənd, bu iki elmin bilik növü bir-birindən fərqlidir. 05.02.2015

Oxşar yazılar
“Varlıq” anlayışı (4-cü dərs)
Fərqliliyin ikinci sübutu (11-ci dərs)
Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)
Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)