Fərqliliyin birinci sübutu (10-cu dərs)

Bu dərsimizdə söz verdiyim kimi, filosofların, sözügedən müddəanın lehinə qeyd etdiyi sübutları şərh etməyə çalışacam. İlk olaraq gəlin, “Varlığın təcridi sübutu” ilə başlayaq. Bu sübutla göstərməyə çalışacam ki, varlıq anlayışı mənaca mahiyyət anlayışından ayrıdır. Bunları nə eyniləşdirmək, nə də hissələşdirmək olar. Bu da o deməkdir ki, varlıq anlayışından qavradığımız mahiyyət anlayışından qavradığımızdan tamamilə fərqli bir dərkdir. Biri nəsnələrin nə olmasını, digəri isə var olmasını ifadə edir. İndi isə gəlin, müddəanın lehinə olan sübutun şərhinə keçid alaq. “Varlığın təcridi sübutu”nu aşağıdakı şəkildə məntiqi baxımdan formulə edə bilərik:

1. Əgər varlıq mənaca mahiyyətin özü və ya bir hissəsi olsaydı, onda onu mahiyyətdən ayırmaq, təcrid etmək mümkün olmazdı. Çünki bir şeydən nə onun üzünü- zatını ayırmaq olar, nə də zatının hissəsini. Əgər bir şeydən onun özünü ayırsaq, onda artıq o şey “şey” olaraq qalmayacaq, aradan gedəcəkdir. Hətta özün bir hissəsini belə ondan ayırmaq, təcrid etmək mümkün deyil. “Öz” bir tam kimidir, belə ki, hissəsi ondan ayrıldıqda özü də aradan gedir. Məsələn, “barometr” anlayışı kimi. Bu anlayışın tərifində deyilir: “Barometr- havanın təzyiqini ölçən cihazdır”. Bu dörd anlayış- “hava”, “təzyiq”, “ölçən” və “cihaz” barometr anlayışını təşkil edir. Barometr anlayışından nə o anlayışın özünü, yəni bu dörd anlayışın hamısını ayıra bilərik, nə də o anlayışın hissəsini, yəni onlardan birini, çünki əgər özünü ayırsaq, bu zaman artıq barometr anlayışı deyə bir şey də qalmayacaq və əgər hissəsini ayırsaq, onda yenə də barometr anlayışı adlı bir şey qalmayacaq, ona görə ki, barometr anlayışı bir tam kimidir, hər bir hissəsini andan ayırsan, özü də dağılıb aradan gedəcəkdir. Barometr anlayışı barometr anlayış olaraq qala bilməsi üçün onun nə özü, nə də hissəsi aradan getməldir.

2. Lakin digər tərəfdən, çox vaxt şahidi oluruq ki, varlığı mahiyyətdən ayırmaq, təcrid etmək olur və biz bunu gündəlik həyatımızda dəfələrlə edirik. Məsələn, deyirik: Səs yoxdur, insan yoxdur, ağac yoxdur, sevgi yoxdur və s. Nümunələrdən göründüyü kimi, varlıq qeyd olunan mahiyyətlərdən ayrıla bilir.

3. Yuxarıda deyilənlərə əsasən, nəticə alırıq ki, varlıq mənaca nə mahiyyətin özüdür, nə də onun tərkib hissəsi. Əgər özü və ya tərkib hissəsi olsaydı, o zaman biz varlığı ondan ayıra, təcrid edə bilməzdik, ona görə ki, şeydən onun nə özünü ayırmaq olar, nə də o özün hissəsini. Deməli, varlıq anlayışı mahiyyət anlayışından mənaca fərqlidir. Buna görə də, “Səs yoxdur”, “Ağac yoxdur” və s. kimi cümlələri işlədə bilir və heç bir məna səhvinə də yol vermirik. 11.03.2015

Oxşar yazılar
Eynimənalılığa sübut (7-ci dərs)
Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)
Fəlsəfə nədən danışır? (3-cü dərs)
Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)