Fərqliliyin ikinci sübutu (11-ci dərs)

Keçən dərs müddəamızın lehinə olan “Varlığın təcridi sübutu” haqda danışdıq. Bu dərsdə isə ikinci sübutu- “Varlığın isnadı sübutu”nu şərh etməyə çalışacam. İlk öncə gəlin, sübutun məntiqi forması ilə tanış olaq, daha sonra isə onun izahına keçid alaq. Məlum sübutu aşağıdakı şəkildə məntiqi bir düzümlə formulə edə bilərik:

  1. Əgər varlıq mənaca mahiyyətin özü və ya bir hissəsi olsaydı, onda heç bir mahiyyətin varlığını isbatlamaq üçün “dəlil”ə ehtiyac duyulmazdı.
  2. Halbuki bu, belə deyil, yəni hər hansı bir mahiyyətin varlığını gerçəklikdə isbatlamaq üçün mütləq “dəlil”ə ehtiyac duyuruq.
  3. Deməli, varlıq mahiyyətin nə özü, nə də hissəsi hesab olunur.

İndi isə daha ətraflı: Məntiq elmində deyildiyi kimi, biz hər hansı bir şeyin özünü, zatini və o “öz”ə, “zat”a aid olan əlamətləri bildikdən sonra, “öz”ü və “öz”ə aid olanları həmin şeyə isnad vermək aksiomdur və heç bir dəlilə də ehtiyac yoxdur. Gəlin, yenidən “barometr” misalına qayıdaq. Barometrın özü “havanın təzyiqini ölçən cihaz” anlayışının məcmusudur və özə aid olan əlamətlər isə  “hava”, “təzyiq”, “ölçən” və “cihaz” anlayışlarının təklikdə hər biridir. Biz əgər barometrin özünü və özünə aid olanları bu şəkildə tanıyırıqsa, onda bunları barometrə isnad vermək aksiomdur, çünki barometr “havanın təzyiqini ölçən cihaz” deməkdir, bu isə onun özüdür və bundan savayı bir şey də deyildir. Bu əsasla deyirik: Əgər varlıq mənaca mahiyyətin özü və ya bir hissəsi olsaydı, onda heç bir mahiyyətin varlığını isbatlamaq üçün dəlilə ehtiyac duyulmazdı, çünki bu zaman varlıq mənaca onun özü və ya hissəsi olduğuna görə, varlığın ona isnad verilməsi aksim olmalı idi və biz hər hansı bir mahiyyətin varlığını gerçəklikdə isbatlamaq üçün dəlilə ehtiyac duymamalıydıq. Halbuki elə bir mahiyyət yoxdur ki, varlığı aksiom olmuş olsun. Bu isə o deməkdir ki, biz hər hansı mahiyyəti təsvir, təsəvvür etdiyimiz zaman dərhal onun varlığını da təsdiqləmirik. Varlığını təsdiqləmək üçün mütləq ortada bir dəlil olmalıdır. Məsələn, mən “ağac”ı bir mahiyyət kimi öz zehnimdə təsvir etdikdə, bu, o demək deyil ki, onun varlığını da təsdiq etmiş oluram. Varlığını da təsdiq etmək üçün onu sübut edən bir dəlilim olmalıdır əlimdə. Deməli, varlıq mahiyyətin nə özü, nə də tərkib hissəsidir.         12.03.2015

Oxşar yazılar
“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)
Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)
Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)
Eynimənalılığa sübut (7-ci dərs)