Facebook qeydlərim (1-ci hissə)

1. Nağıllardakı div və pərilərin var olma iddiası ilə Allahın var olma iddiası arasındakı fərq ondan ibarətdir ki, Allahın var olmasına dair çoxsaylı elmi (induktiv) və fəlsəfi dəlillər var, amma div və pərilərin var olmasına dair bu qəbildən dəlillər yoxdur. Odur ki, “Div və pərilərin var olmadığını mənə isbatla!”- etirazını səsləndirən birisinə ilk olaraq “Sən nə zaman onların var olduğunu isbat edəcək arqumetlər göstərmisən ki, indi də, məndən onları inkar etdiyimə görə dəlil tələb edirsən?!”- deyə cavab vermək lazımdır. Bir sözlə, div və pərilərin var olduğunu iddia etməklə Allahın var olduğunu iddia etmək arasında yerlə göy qədər fərq var. Elə buna görə də, div və pəriləri inkar etmək üçün dəlilə gərək yoxdur, Allahın varlığını inkar etmək üçünsə dəlilə gərək vardır, çünki div və pərilərin əksinə olaraq Onun varlığını isbatlayan dəlillər var.
2. “Elm” sözü barədə önəmli bir xatırlatma
Bildiyiniz kimi, ingilis dilində “elm” anlayışı üçün üç fərqli söz var:
1. Science (=sayens);
2. Knowledge (=nalic);
3. Discipline (=disiplin).
“Science” sözü fizika, kimya, biologiya kimi təcrübi, empirik elmlərə aid edilir. Başqa sözlə, müddəalarının isbat və ya inkarı təkcə təcrübə ilə mümkün olan elmə deyilir. “Knowledge” sözü isə mütləq mənada “bilik” deməkdir, yəni hər hansı bir mötəbər metodla əsaslandırılmış doğru inama deyilir. Bu mənada, hər bir “science” həm də “Knowledge”dir, amma hər “knowledge” “science” deyil, əksinə, bəzi “knowledge”lər “science”dir. “Discipline” sözünə gəlincə, bu, hər hansı bir predmet barədə əldə edilən sistematik biliklər toplusudur. Bu əsasla, məsələn, fizika,kimya, biologiya bir elm sahəsi kimi “discipline” hesab olunduğu kimi, fəlsəfə, riyaziyyat, məntiq, qrammatika, hüquq, əxlaq, tarix və s. bu kimi elmlər də bir sahə kimi “discipline” hesab olunur. Beləliklə, “elm” sözünü işlədəndə, filan sahə elmdir, amma filan sahə elm deyil dedikdə, elmin hansı mənasını nəzərdə tutduğumuza diqqət etməliyik.
3. İnsan qarşı tərəfi ancaq “Mən sənəm, sən də mənsən” sferasında daha dəqiq anlaya bilir. Bu sfera genişləndikcə insanlar bir-birlərini daha gözəl anlamağa başlayırlar.
4. Bəzi fəlsəfi, elmi və dini məsələlər o qədər siyasiləşdirilib ki, onlar barədə istər müsbət, istərsə də mənfi rəy versən, hər iki halda səni suçlayan biri çıxacaqdır, çünki həmin məsələ ilə əlaqədar iki rəqib cinah var. Odur ki, biri ilə razılaşsan, deməli, o biri ilə müxalifətçilik etmiş olursan və hətta üçüncü yeni bir rəy versən belə, dolayı yolla hər ikisi ilə müxalif olduğunu bildirmiş olursan. Bu da o deməkdir ki, hər iki halda səni suçlayan biri olacaq və bəzən də, hər ikisi səni suçlayacaq. Atalar demişkən: “Yuxarı tüpürürsən, bığ, aşağı tüpürürsən, saqqal”.
5. Doğurdan da qərb fəlsəfəsini qərblilər, şərq fəlsəfəsini də şərqlilər gözəl tanıyır. Odur ki, hər fəlsəfəni öz əhlinin dilindən oxumaq, dinləmək və öyrənmək lazımdır.
6. Gözəlliyi gözlə yox, təkcə ağılla dərk etmək olur.

7. Düşüncə əhli ilə ortaq dil tapıb yola getmək olar, emosiya əhli ilə isə əsla…
8. Ovcunun içində qızıl olsa, amma insanlar onun sadəcə daş olduğunu israrla, əminliklə söyləsələr, onların iddialarını zərrə qədər də olsun belə, vecinə alma.
9. Başqaları bizdən hörmət gözlədiyi qədər biz də onlardan eyni dərəcədə hörmət gözləyə bilərik.
10. Pislik etməyə nə var, hünər yaxşılıq edə bilməkdir. Hünərin varsa, yaxşılıq elə!
11. Allah nəyə görə əxlaqi normaları pozmalıdır?! Axı, nə kimi məntiqi və obyektiv səbəb ola bilər ki, Allahı əxlaqi normaları pozmağa təhrik eləsin?! Bu, mümkünsüzdür, çünki bilik və qüdrət baxımından kamil varlıq sayılan, hər baxımdan zəngin olan bir Tanrı haqda həmin normaları pozmaq üçün məntiqi və obyektiv səbəb təsəvvür edilə bilməz. Odur ki, Allah əxlaqlı varlıq hesab olunur.
12. Allah nəyə görə əxlaqi normaları pozmalıdır?! Axı, nə kimi məntiqi və obyektiv səbəb ola bilər ki, Allahı əxlaqi normaları pozmağa təhrik eləsin?! Bu, mümkünsüzdür, çünki bilik və qüdrət baxımından kamil varlıq sayılan, hər baxımdan zəngin olan bir Tanrı haqda həmin normaları pozmaq üçün məntiqi və obyektiv səbəb təsəvvür edilə bilməz. Odur ki, Allah əxlaqlı varlıq hesab olunur.
13. Adam var, öz geyimi ilə cəmiyyəti özündə əritmək istəyir. Adam da var, əksinə, öz geyimi ilə özünü cəmiyyətdə əritmək istəyir. Birinci adam “mən” məntiqini, ikinci adamsa “biz” məntiqini təmsil edir.
14. Hər kəsin geyim tərzi onun dünyagörüşündən qaynaqlanır.
15. Bəzən olur, elə sual soruşurlar ki, çəkinmədən “Hələ, o sual üzərində düşünməmişəm və bu barədə hansısa bir rəyim yoxdur”- deyə bilirəm, çünki “Hər bir suala hazır cavabımız olmalıdır”- deyə bir qayda yoxdur. Səbəbi isə çox sadədir: Biz mütləq bilik sahibi deyilik və bilgiləri tədricən əldə edirik.
16. Bəzi şeylərin qədirini, qiymətini o zaman bilmək olur ki, bir anlıq onların həyatında olmadığını təsəvvür edib həyatında yaratdığı boşluğu nəzərdən keçirirsən. Bu qədər sadə!
17. Qadın hansı səbəb və ya səbəblərə görə kişinin ona bağlanmasını istəyirsə, kişi də həmin səbəb və ya başqa səbəblərə görə qadının ona bağlanmasını istəyə bilər.
18. İnkişafın formulu:
Düşünmək+Tənqid=Yenilik.
19. Kiminsə ağlı düşünür, kiminsə də qəlbi…
20. İxtisas olaraq fəlsəfə sahəsində bir müddət təhsil alib fəlsəfəni dərindən mənimsəyən birinə “filosof” yox, “fəlsəfəçi” demək daha doğru olardı.
21. Gözəl dostlar bəzən ona görə lazımdır ki, həyat yanacağımız tükəndikdə onlardan ala bilək. Gözəl dost enerji mənbəyidir!
22. Gerçək dostluğun bir əlaməti də odur ki, ona verdiyin dəyər qədər ondan bir o qədər dəyər görə biləsən.
23. Hocam deyirdi ki, din dağın zirvəsindən dərəyə doğru dığırlanan qartopu kimidir. Zaman keçdikcə həcmi çoxalır və onu ilkin vəziyyətinə qaytarmaq çətinləşir. Çünki adi insanlar elə təsəvvür edirlər ki, qartopunun dərədəki indiki halı elə onun ilkin halıdır. Halbuki ola bilsin, onun ilkin halı indiki halından həcm baxımından olduqca daha az olsun.
24. Qanun ona görə qoyulur ki, insanlar necə gəldi özbaşına hərəkət etməsinlər.
25. İmkan daxilində kəsə yollarla hədəfə çatmaq lazımdır.

26. Danışıq və yazımızda ən vacib əxlaqi norma “sayğı” və “nəzakət” olmalıdır.
27. Haqq qarşısında üç cür mövqe sərgiləmək olar:
1. Haqqı tapıram və onu qəbul edirəm.
2. Haqqı müəyyən üzürlü səbəblərdən (nadanlıq, şübhə, əks tərəfin isbatı və s.) dolayı tapa bilmirəm və nəticədə, onu qəbul eləmirəm.
3. Haqqı tapıram, amma inadkarca onu qəbul etmək istəmirəm.

28. Güvəndən ümid doğur. Bu iki nəsnə arasında dialektik əlaqə var. Belə ki, güvən ümid yaradır, ümid isə güvəni möhkəmlədir.
29. Sekulyarizm siyasi yanaşmadan daha çox epistemoloji mövqedir, yəni meta-dini bilgi və dəyərlərin var olduğunu və insan ağlının onları dərk edə bildiyini müdafiə edən bir görüşdür.
30. Düşüncə dünyasında insaflı olmaq o deməkdir ki, özünü nə qədər ağıllı görürsənsə, başqalarını da bir o qədər ağıllı görməlisən.
31. Bir dostla söhbət zamanı dedim ki, cəmiyyətdə iki barverən ağac əkilməlidir: birinin adı “dəlilmərkəzlilik” ağacı, o birinin adı isə “əxlaqmərkəzlilik” ağacıdır. Birinci ağacın verəcəyi meyvə “plüralizm”, ikinci ağacın meyvəsi isə “tolerantlıq” olacaq. Nə qədər ki, adıkeçən hər iki ağacın meyvələrindən dadmayacayıq, zehinimizi onların meyvələri ilə qidalanmayacayıq, cəmiyyətdə müsbət nəsə görə bilməyəcəyik.

32. Qayda: “Heç bir alim nə xalis haqdır, nə də xalis batil, əksinə, haqq ilə batilin qarışığıdır. Belə ki, həm haqq sözləri var, həm də batil”.
33. Zamandan və məkandan asılı olmayaraq insan öz ətrafındakılara faydalı olmağa çalışmalıdır. Məgər faydalı olmadan kimdənsə nəsə fayda uma bilərikmi?! Əsla…
34. Biz bəzən, ya çox vaxt, ya da həmişə elə sanırıq ki, bizim qənaətlərimiz başqalarının düşüncələri üçün meyardır, etalondur. Belə ki, onlarla uyğun gələn doğru, uyğun gəlməyənsə yanlışdır.
35. Xoşumuz gəlsə də, gəlməsə də bu gün düşüncələr bir-biri ilə rəqabət aparırlar. Kimin dəlili güclüdürsə, meydanın qalibi də məhz odur. Elə isə nifrəti, küdurəti, qəzəbi qoyun bir kənara və dəlillərinizi gücləndirməyə çalışın, əgər güclənmə imkanı varsa!
36. Xoşumuz gəlsə də, gəlməsə də bu gün düşüncələr bir-biri ilə rəqabət aparırlar. Kimin dəlili güclüdürsə, meydanın qalibi də məhz odur. Elə isə nifrəti, küdurəti, qəzəbi qoyun bir kənara və dəlillərinizi gücləndirməyə çalışın, əgər güclənmə imkanı varsa!
37. İcazəsiz kiməsə aşiq olan birisinin (qadın və ya kişi) öz məşuqundan mənfi cavab alması normaldan da daha normal bir gözləntidir. Buna görə, onu qınamaq olmaz.
38. Mən Azərbaycan dilinin türkləşdirilməsinin əleyhinəyəm, amma bəzi gözəl, mənalı, sanballı, epistemoloji (bilgi) yükü olan sözlərin öz ana dilimizə daxil edilərək vətəndaşlıq statusu qazanmasının tərəfdarıyam. Unutmayaq ki, bu iki dil vahid ailənin iki uşağı kimidir.
39. Bir çox nəsnələr var ki, onları isbat etmək yox, sadəcə olaraq onların ağlabatan olduqlarını göstərmək lazımdır. Çünki “Hər bir şeyi isbat etmək lazımdır.”- deyə bir qayda yoxdur.
40. Bəzən insandan bir sual soruşurlar, amma əslində həmin sual bir neçə suala parçalanır. Bu halda bir cavabla kifayətlənmək olmur. Odur ki, həmin sualı, analitik filosofların dilə ilə desək, ilk olaraq parçalamaq və daha sonra hər birini ayrıca cavablandırmaq lazımdır.
41. Filosof o adama deyilir ki, reallığın müxtəlif qatları ilə (obyektiv, subyektiv, linqvistik və s.) idraki şəkildə üzləşəndə, avtomatik olaraq onun zehnində fəlsəfi suallar yaranmağa və şəkillənməyə başlayır.
42. İnsan Allahla danışanda “dua”, Allah insanla danışanda isə “vəhy” yaranır.

43. “Hər şeyi eyni dərəcədə isbatlamaq lazımdır”- deyə bir qayda yoxdur. Bu, heç mümkün də deyil. Hər bir şeyin mahiyyətinə uyğun olaraq isbatın dərəcəsi də dəyişə bilər.
44. Bəzi sualların cavabı nə insanın dünyasının, nə də axirətinin dərdinə dəyir. Bu kimi suallar saysız-hesabsızdır.
45. Fəlsəfədən gözləntim təkcə budur ki, düşüncə acılarıma, dərdlərimə təskinlik versin.
46. Bir var, Tanrını varlıqla ölçmək, bir də var ki, varlığı Tanrı ilə. Bu, fəlsəfə ilə irfan arasındakı fərqdir. Belə ki, fəlsəfə varlığı təməl olaraq qəbul edib “Tanrı varmı?”- sualını ortaya qoyur və cavablandırır. Bu, o deməkdir ki, birinci dərəcəli olan Tanrı yox, varlıqdır. Ancaq irfan belə etmir, əslində onun sualı belədir: “Varlığın Tanrısı varmı?” Bu isə o deməkdir ki, Tanrı var deyə varlıq var. Varlığın təməli, mənşəyi Odur. Deməli, burada birinci dərəcəli olan varlıq yox, Tanrıdır.
47. Fəlsəfə oxuduğum müddətdə həm mütaliə etdiyim klassik fəlsəfi əsərlər, həm də onları tədris edən müəllimlərim mənə fəlsəfələməyi yox, fəlsəfə öyrətdilər, yəni mənə düşünməyi yox, düşüncə öyrətdilər. Ancaq fəlsəfələməyi öyrənəndən sonra mənə öyrədilən fəlsəfənin yanlış tərəflərini görməyə başladım.
48. Modern Qərb fəlsəfəsi bizim klassik fəlsəfəmizə (Farabi, İbn Rüşd, İbn Sina, Söhrəvərdi, Molla Sədra və s.) baxanda, sizcə, nəyə görə bu qədər maraqlı, cəzbedici və uğurludur? Səbəbi çox sadədir. Ona görə maraqlı, cəzbedici və uğurludur ki, modern fəlsəfə insanların gündəlik həyatlarından qaynaqlanıb, onların problemlərinə çözüm yolları tapmaq məqsədi ilə ərsəyə gəlib, onların dərdlərinə dərman olmaq üçün yaranıb. Bir sözlə, Qərbdə modern fəlsəfə ilə insan həyatı bir-birilə sıx əlaqəlidir. Belə ki, insan həyatı fəlsəfəyə, fəlsəfə də insan həyatına təsir edir. Bu isə o deməkdir ki, Qərb dünyasında fəlsəfə ilə həyat arasında dialektik əlaqə var. Ancaq bizim klassik fəlsəfəmizdə belə bir əlaqədən söz gedə bilməz. Bizim fəlsəfəmiz həyatdan qopuq şəkildə ərsəyə gəlmişdir. Odur ki, nə həyatımız bu fəlsəfəyə təsir edə bilir, nə də əksinə. Elə buna görə də, bizim fəlsəfə təkcə xüsusi kəsim üçün yazılır, tədris edilir və anladılır. Dili də məhz bu səbəbə görə anlaşılmaz, qapalı və xüsusidir. Fəlsəfə öz funksiyasını o zamazan uğurlu şəkildə həyata keçirə bilər ki, birbaşa olaraq həyatın öz içindən qaynayıb çıxsın və xüsusi bir kəsimə yox, hamıya xitab eləsin.
49. Həkimə müraciət edib, ancaq onun müalicə keyfiyyətini, yazdığı resepti sorğulamayan xəstə zərər çəkməyə daha layiqdir.
50. Etiraf etməliyəm ki, İslam düşüncə tarixində ariflərimizin qadına verdiyi dəyər filosoflarımızın verdiyi dəyərdən qat-qat çox olub.
51. Fəlsəfə- hərəkətdir, amma gümandan əminliyə doğru, mürəkkəb biliksizlikdən (=bilmirəm ki, bilmirəm) bəsit biliksizliyə (=bilirəm ki, bilmirəm) doğru.
52. Bəşər indiyədək kainatı izah etmək üçün beş məhsuldan istifadə edib:
1. Elm;
2. Fəlsəfə;
3. Din;
4. İrfan;
5. İncəsənət.
53. Bu günə qədər hamının filan nəsnəni eyni cür anlaması o demək deyil ki, bu gündən etibarən də, hamı onu eyni cür anlamalıdır.
54. “İslam fəlsəfəsi” ifadəsi Qərbin uydurduğu və bu son onilliklərdə biz müsəlmanların dilinə saldığı yeni bir termindir. İslam düşüncə tarixində isə belə bir termin olmayıb. Nə Farabimiz bu termini işlədib, nə İbn Sinamız, nə İbn Rüşdümüz, Nə söhrəvərdimiz, nə Mirdamadımız, nə də Sədramız.
55. Nə çoxluq haqdır, nə də azlıq.
Nə çoxluq gözəldir, nə də azlıq.
Nə çoxluq meyardır, nə də azlıq.
Nə çoxluq etalondur, nə də azlıq.
Nə çoxluq qırmızı xətdir, nə də azlıq.
Nə çoxluq obyektivdir, nə də azlıq.
Bəs, o zaman nədir haqq, gözəl, meyar, etalon, qırmızı xətt və obyektiv?
Bir kəlmə: DƏLİL, vəssalam.
56. Fəlsəfə ilə irfan arasındakı fərqlər:
1. Fəlsəfə sıfırdan başlayır, irfan isə müəyyən səviyyədən (ən azı, Tanrını, dini, mənəviyyatı qəbul edildikdən) sonra.
2. Fəlsəfənin mövzusu xalis varlıqdır, ancaq irfanın mövzusu varlığın vəhdəti (vəhdəti-vücud).
3. Fəlsənin metodu əqlidir, ancaq irfanınkı intuitivdir, hərçənd onu fəlsəfi dillə tərcümə etməyə çalışsa da. Başqa sözlə, fəlsəfənin bilik qaynağı ağıl, irfanınkı isə qəlbdir.
4. Fəlsəfə nəticəni öncədən təyin eləmir, ancaq irfanda nəticə öncədən bəllidir.
5. Fəlsəfə öz sistemini vasitəli bilik (anlayışlar, hökmlər) üzərində inşa edir, irfan isə vasitəsiz bilik (qəlbi müşahidələr) üzərində.
6. Fəlsəfə sekulyar(meta-dini)dir, ancaq irfan isə belə deyil, ilahidir.
7. Fəlsəfə filosofun anladıqlarını şərh edir, ancaq irfan arifin gördüklərini, duyduqlarını, tapdıqlarını.
8. Fəlsəfə çoxluqla, irfan isə vəhdətlə işləyir.
9. Fəlsəfənin təsir dairəsi daha genişdir, yəni tədqiq etdiyi problemlər saysız-hesabsızdır. İrfanınkı isə dardır, yəni tədqiq dairəsi Tanrı, Onun isimləri, kamil insan və s.
10. Fəlsəfə öz mahiyyətinə uyğun olaraq tez-tez yenilənə bilir, irfan isə belə deyil, yəni onda sabit nəsnələr həddən artıq daha çoxdur.
11. Fəlsəfə şəkkə, şübhəyə açıqdır, irfan isə belə deyil, onda bir növ əminlik, qətilik hakimdir.
57. Əxlaqi qayda: “Özünü hansı səbəbə görə incitmirsənsə, ən azı, həmin səbəbə görə başqalarını da incitməməlisən”.
58. Dünyaca şöhrətli filosof Spinoza deyirdi ki, insanları dindar kimi tərbiyə etmək üçün üç iş görmək lazımdır:
1. İnsanların elmi təhsili artmalıdır. İnsan nə qədər kainatı tanısalar, bir o qədər ilahi nişanələrlə tanış olacaqlar. Odur ki, insanları təhsildən qorxutmaq lazım deyil.
2. İnsanlara öyüd-nəsihət verərkən doğru və səmimi şəkildə bunu etmək lazımdır. Yəni həm doğru olduğuna əmin olduğumuz öyüd-nəsihətləri onlara deməli, həm də niyyətimiz onları təhqir etmək yox, onlara xeyirxahlıq etmək olmalıdır.
3. İnsanlara həm düşüncə zadlığı, həm də ifadə azadlığı vermək lazımdır.

59. Fəlsəfə- suallarla qarşılaşa bilmə cəsarətidir.
60. Bu pozitivistləri heç sevmirəm. Dünyanı elə bir bəlaya mübtəla ediblər ki, hələ də ondan yaxa qurtara bilmir. Bunlar yarandığı gündən etibarən belə bir fikir səsləndiriblər ki, hər bir müddəa ya elmidir, ya da qeyri-elmi. Meyar kimi də qeyd ediblər ki, falsifikasiya və ya verifikasiya edilməyən nəsnə təcrübi deyil və nəticə etibarilə, elmi hesab olunmur. Daha sonra nə utanmadan, nə də qızarmadan normativ mühakimə yürüdərək deyiblər ki, aha, deməli, fəlsəfi, əxlaqi və dini müddəalar elmi deyil. Elmi deyilsə, deməli, dəyərsizdir. Yaxşı, gəlin ssenarini dəyişək. Fərz edək, filosoflar belə deyir ki, hər bir müddəa ya fəlsəfidir, ya da qeyri-fəlsəfi. Meyar isə ondan ibarətdir ki, ağıl vasitəsilə qavranılmayan nəsnə əqli deyil və nəticə etibarilə, fəlsəfi hesab olunmur. Deməli, elmi və dini müddəalar fəlsəfi deyil. Fəlsəfi deyilsə, deməli, dəyəri yoxdur. İkinci ssenari. Yenə fərz edək, din belə bir fikir səsləndirir ki, hər bir müddəa ya dindir, ya da qeyri-dini. Meyar isə belədir ki, vəhy vasitəsilə enməyən nəsnə vəhyani (vəhyə aid olan) deyil və nəticə etibarilə, dini hesab olunmur. Deməli, elmi və fəlsəfi müddəalar dini deyil. Dini olmayan isə dəyərsizdir.
NƏTİCƏ: Cənab pozitivistlər, bizə başa salın görək, siz göydən zənbillə düşmüsüz ki, sizin bölgünüz və bu bölgü əsasında apardığınız normativ mühakimə doğru olsun, qalanlarınınkı isə yanlış? Xeyir ola?! Sizə avtoritetlik etmək olar, başqalarına isə olmaz?! Axı, bu, nə insafsız yanaşmadır! Bir az özünüzə gəlin. Az elm, elm deyin, qulağımız yara oldu bu sözləri eşitməkdən.
Bəsdir insanların şüuruna yeritmək istədiniz ki, elmi olmayan müddəalar nağıldır, cəfəngdir. Bəlkə, sizin dedikləriniz nağıl və cəfəngdir?! Heç bu barədə düşünmüsüz və ya düşünmək istəmisiz?!
P.S: Sərt yazıya görə pozitivistlərdən dönə-dönə üzr istəyirəm.
61. Elm sahələrinin hər birinin ayrıca metoda malik olması heç də onların bilik məhsulları arasında təsir-təsirlənmənin olmadığı anlamına gəlmir.

62. Mütəxəssisi -istər dini mütəxəssis olsun, istərsə də qeyri-dini- tanımağın ən gözəl əlamətlərindən biri də odur ki, ondan dəlil tələb ediləndə narahat olmur və dərhal dəlini səninlə bölüşür. Əks təqdirdə, mütəxəssis olmasında şəkk etmək lazımdır.

63. Bəzən dostlar alimlər barədə soruşurlar ki, filan alim, səncə, necədir? Kimlər onu qəbul edir? Fikirləri necədir: doğrudur, yoxsa yanlış? Mən bir kəlmə deyirəm onlara: Heç bir alim nə mütləq şəkildə doğrudur, nə də mütləq şəkildə yanlış. Həm doğrusu var, həm də yanlışı. Elə isə doğrularını götür, yanlışlarını isə burax özünə.

64. Cəmiyyətdə tənqidə qarşı dözümsüzlüyün ən bariz göstəricisi odur ki, əgər kiminsə adını çəkib ədəblə, hörmətlə onun düşücələrini təndiq etmək istəsən, onda dərhal sənə qarşı etikadan kənar ardı-ardına hücumlar səngiməz. Bu isə o deməkdir ki, hələ də cəmiyyətdə özünü məsum görən, özünü həqiqətin mərkəzində sanan, düşüncə leksikonlarına “xəta, yanlış, səhv” anlayışları yad olan saysız-hesabsız adamlar var.

65. Etimad zəruri və gözəl şeydir, ancaq gözüaçıq şəkildə olarsa!

66. Bir var, ifadə azadlığı. Bir də var, davranış azadlığı. Sən istədiyin hər bir düşüncəni azad şəkildə ifadə edə bilərsən, amma istədiyin şəkildə özünü apara və davrana bilərmərsən, çünki davranış başqalarına ziyan verə və onların azadlığına maneə ola bilər. İfadə isə belə deyil.
P.S: Bəzi davranışlar ilk baxışdan ifadəyə oxşasa da, əslində, mahiyyətcə davranış kateqoriyasına daxildirlər. Bu baxımdan, onları ifadə azadlığı kimi qəbul etmək olmaz. Məsələn, təhqir, söyüş, iftira, ittiham və s.

67. Dini olduğu kimi anlamaq üçün ilk növbədə üç anlayışı bir-birindən ayırmaq lazımdır:
1.Din tarixini dindən;
2.Dindarı dindən;
3.Dinşünası dindən.
Mənə görə, bu gün təndiq olunan və ya inkar edilən din dinin gerçək mahiyyəti deyil, əksinə, din tarixinin, dindarın və dinşünasın formalaşdırdığı din təsviridir.
68. Bir var, nəyəsə inanırsan mötəbər yolla. Bir də var, inandığın həmin şeyi kiməsə isbatlaya bilirsən. Birincinə “minimal rasionallıq”, ikincinə isə “maksimal rasioanllıq” deyilir.
69. Dörd cür adam var:
1. Həm sevir, həm də sevilir.
2. Nə sevir, nə də sevilir.
3. Sevir, ancaq sevilmir.
4. Sevilir, ancaq sevmir.
70. 10 anlayış var ki, hər bir müddəada işlədilsə, həmin müddəa əxlaqi müddəa hesab olunacaqdır:
1. Yaxşı;
2. Pis;
3. doğru;
4. yanlış;
5. olmalı olan;
6. olmalı olmayan;
7. vəzifə (borc, öhdəlik);
8. məsuliyyət;
9. fəzilət;
10. rəzalət.
71. Kantın əxlaq fəlsəfəsinə görə, üç cür sürücü təsəvvür etmək olar:
1. Yol hərəkət qaydalarını pozan sürücü;
2. Yol hərəkət qaydalarına polisdən və ya cərimədən qorxduğuna görə riayət edən sürücü;
3. Yol hərəkət qaydalarına qanuna hörmət göstərdyinə görə uyan sürücü.
P.S: Kanta görə, 1-ci sürücü ictimai qınağa, 3-cü sürü isə əxlaqi tərifə layiqdir. 2-ci sürücü isə nə qınağa layiqdir, nə də tərifə.
72. Əgər ölüm və axirət olmasaydı, “din” adlı bir nəsnə də göndərilməzdi.
73. Dostlar, dilimizə qarşı hər birimiz əxlaqi öhdəlik, borc daşıyırıq. Belə ki, danışarkən və ya yazarkən dilin qaydalarına riayət etməliyik. Həm düzgün yazmalıyıq, həm də düzgün tələffüz etməliyik sözləri. Bir dilin inkişafı o dildə danışan adamların öz dil öhdəliklərinə əməl etmələri ilə həyata keçir. Gəlin, dilimizi qoruyaq.
74. Əgər bu gün Almanlar həddən artıq qanunmərkəzli, qanunpərəstdirlərsə, bunu əxlaq fəlsəfəsinin atası Kanta borcludurlar. Kant öyrətdi ki, insan öz əxlaqi vəzifəsinə başqa şeyə (qorxu, cəza və s.) görə yox, sadəcə olaraq onun vəzifə olduğuna görə əməl etməlidir.
75. İstəsək də, istəməsək də qəbul etməliyik ki, hər bir düşüncə, fikir, inam ya doğrudur, ya da yanlış. Üçüncü versiya isə yoxdur.
76. İki cür filosof var: səmimi və qeyri-səmimi. Filosof var, fəlsəfədə nəyə inanırsa, həyatını da onun üzərində qurur. Filosof da var, təkcə fəlsəfələyəndə öz qənaətlərini qəbul edib onları müdafi edir, ancaq gündəlik həyatına qayıdarkən hər bir şeyi unudur və sanki, bir az öncə fəlsəfələyən adam bu deyildi. Devid Yum ikinci qrup filosoflar sırasına daxil idi. O, öz fəlsəfəsində bir çox fikirlər səsləndirsə də, gündəlik həyatına döndükdə adi qaydada həyatına davam edirdi. Məsələn, deyirdi ki, səbəb-nəticə əlaqəsi yoxdur, onlar arasında heç bir məntiqi zərurət yoxdur və s. Buna baxmayaraq, özü etiraf edirdi ki, mənim bu sözlərimi təkcə fəlsəfə oxuyanda qəbul edin, amma elə ki, gündəlik həyata daxil olmaq istəyirsiz, o zaman bu dediklərimi bir kənara atın. Yum deyirdi ki, düzdür, mən səbəb-nəticə qanununu danıram, amma adi həyatımda bilirəm ki, pəncərəni açanda evə hava daxil olur, deməli, pəncərəni açmaq səbəb, havanın evə daxil olması isə nəticədir.
77. Bir var, şəxsən kimsənin yardımı olmadan özün düşünürsən və qərar qəbul edirsən. Bir də var ki, kimsə sənin əvəzindən düşünür və nəticəni sənə bildirir və sən də onun əsasında qərar qəbul edirsən. Kant isə deyirdi ki, düşünmə cürətin olsun- şəxsən özün düşün və qərar qəbul et! 17-18-ci əsrlər maarifçiliyi insanlara məhz bunu aşılayırdı.
78. Bu gün “insan haqları bəyannaməsi” adlı bir nəsnə varsa, bunu intibah, maarifçilik və modern dövrdəki filosofların çəkdiyi zəhmətlərə borcluyuq.
79. Nə çox kitablar var ki, içindəkilər adı qədər gözəl və maraqlı deyillər.
80. Mənə görə, bir adam başqa bir milliyətdən olduğu halda, digər bir millətin dilində danışırsa, düşünürsə və yazırsa, həmin adam əslində elə həmin milləyyətə mənsubdur. Bizi bir bir-birimizə yaxınlışdıran, bizi bir araya toplayan, bizi bir-birimizə sevdirən ortaq dildən adıkeçən üç müstəvidə istifadədir. Odur ki, bizim dilimiz bizim dünyamızdır.
81. Bəzən fikirləri, düşüncələri insanlar içərisinə çıxarılmağa hazır olmayana qədər dəmə qoymaq lazımdır.
82. İnsanı bir maşına bənzətsəydik, onun rolu ağıl, yanacağı isə sevgi olardı.
83. Ya vəhy, ya da ağıl…
Onlar: “Əgər biz qulaq assaydıq və ya ağlımızı işlətsəydik, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək. (Mulk: 10)
Ayə deyir ki, cəhənnəmə düşməmək üçün insan qarşısında iki seçim var: ya vəhy şəriətinə tabe olmalıdır insan, ya da ağıl şəriətinə. Vəhy şəriəti əsas olsa da, belə bir şəriəti tanımayanlar və ya ən azı, hər hansı üzürlü səbəbdən dolayı onu qəbul edə bilməyənlər yenə də şəriətdən boyun qaçıra bilməzlər, çünki ağıl şəriəti onları daxildən daim təqib etməkdədir. Xarici şəriətdən yayınmaq heç də şəriətsizlik demək deyil. Şəriət hər bir zaman mövcuddur və ondan yayınmaq mümkün deyil. Odur ki, ayədən də göründüyü kimi, cəhənnəm əhli ilahi əzaba məruz qalmasını adıkeçən iki şəriətdən birindən boyun açırmasında görür. Qeyd edim ki, əsas olan vəhy şəriətidir, insan bacardığı qədər bu şəriətə tabe olmalıdır, ancaq üzürlü səbəblərdən dolayı vəhy şəriətindən məhrum olanlar üçün yenə də alternativ şəriət- ağıl şəriəti var.
84. Nə qədər ki, məşuq-aşiq münasibətləri ağa-kölə münasibətləri kimi anlaşılacaq, sağlam sevgi təcrübəsini kimsə yaşaya bilməyəcək.
85. Fəlsəfə yazıdan şifahi nitqə keçdikdə öz əzəmətini itirir. Belə ki, əvvəldə ən mürəkkəb nəsnə kimi görsənən birdən-birə ən sadə bir nəsnəyə çevrilir.
86. Kimsə intihara əl atırsa, bu, o deməkdir ki, həmin kəs ilk növbədə öz insanlıq mahiyyətini aradan aparır, çünki bir insan olaraq daha qərar qəbul edə bilməyəcək. Başqa sözlə, intihar niyyətində olan insan əslində “insan olmamaq” niyyətinə düşür, yəni insan olduğu halda, öz insanlığını danır. Bu, həm ateist, həm teist, həm də aqnostik barədə keçərlidir. Odur ki, kimsə ağıl məhkəməsində öz intiharına bəraət qazandıra bilməz.
87. Hər bir yeni dost əslində kəşf etdiyimiz yeni bir xəzinədir. Elə isə xəzinələrimizin qiymətini bilək.
88. Siqaret və dua
Kilisədən qayıdarkən Cek dostu Markdan soruşur:
– Səncə, dua edərkən siqaret çəkmək olarmı?
– Nə üçün keşişdən soruşmursan?
Cek keşişin yanına gedib soruşur:
– Cənab keşiş, dua halında ikən siqaret çəkə bilərəmmi?
– Xeyr, oğlum. Bu, dinə qarşı hörmətsizlikdir.
Cek aldığı cavabı dostu Marka söyləyir. Mark isə belə deyir:
Təəccüblü deyil. Sən sualı düzgün verməmisən. Qoy, mən soruşum. Mark keşişin yanına gedərək soruşur:
– Siqaret çəkən halda dua edə bilərəmmi?
– Əlbəttə, oğlum. Bu, bir ibadətdir.
89. “Dost” sözünü zehnimdə canlandıranda baş hərlərini belə təfsir edirəm özüm üçün:
D- doğma
O- oksigen
S- səmimi
T- tək
90. Bir var, dini kiməsə emosional başa salırsan. Bir də var, rasional çərçivədə. Birincinin təsiri keçicidir, inkincinin təsiri isə qalıcı. Dini kiməsə emosional anlatmaqla rasioanl anlatmaq arasındakı fərq budur. Əfuslar, birinci metoddan istifadə edənlər çoxluq təşkil edir cəmiyyətimizdə. Bəlkə də, ölkədəki dinralığın indiki durumu belə bir metodun tətbiq edilməsinin nəticəsidir.
91. Düşüncə və davranışları dəyərlərndirmə zamanı çox vaxt çoxlarımız metodoloji səhvə yol veririk. Nəsnələrin və ya olayların iki fərqli çöhrəsini bir-birindən ayırmağı unuduruq. Hər bir nəsnənin və ya olayın iki tərəfi olur, biri ideal tərəfi, digəri isə mövcud tərəfi. Yol verilən metodoloji xəta odur ki, mövcud olanı tənqid etməklə ideal olanın yanlış olduğu nəticəsini alırıq, halbuki biz mövcud olanı tənqid eləmişik, ideal olanı deyil. Əfsuslar olsun, bu gün modernizm, əxlaq, sekulyarizm, modern elm, din, ağıl, fəlsəfə, iqtisad, incəsənət, siyasət və s. bu kimi anlayışları tənqid edərkən “ideal olan”la “mövcud olan”ı bir-birindən ayırmırıq və çox vaxt “mövcud olan”ı tənqid edib “ideal olan”ın batil olması nəticəsini əldə edirik. Bu isə yanlışdır. Məsələn, bu gün qərb əxlaqı tənqid olunarkən, əslində, “mövcud olan əxlaq” tənqid olunur, nəinki qərb fəlsəfi dünyasında akademik olaraq təqdim olunan “ideal əxlaq”. Bu vaxt səhvə yol verib nəticə alırıq ki, qərb əxlaq sistemi səhvdir. Bu metodoloji səhv din barədə də keçərlidir. Yəni dini də tənqid edən “mövcud din” ilə “ideal din”i bir-birindən ayırmırlar din tənqidçiləri. Bunların dinə yanaşması səhv olduğu kimi, bizim də, məsələn, qərb əxlaqını tənqıdımız -ideal olanla mövcud olanı ayırmadığımız təqdirdə- yanlışdır. Başqa bir örnəksə modernizmdir, belə ki, modrenizm də tənqid olunarkən ideal modernimzlə mövcud modernizm ayırd edilmir.
92. Mən şəxsən bir və ya bir neçə məsələyə dair fərqli nəzəriyyələri sintez etməyə daha çox meyilliyəm. Çünki hər bir nəzəriyyədə az da olsa, doğruluq payı var, belə ki, o, öz növbəsində digər nəzəriyyələrin nəzərə almadığı yönü, aspekti nəzər ala bilir. Odur ki, fərqli nəzəriyyələri sintez edəndə həmin məsələni daha dərindən anlamaq olur.
93. Əfsuslar olsun, hələ də din xadimləri, ilahiyyatçılar arasında “bilik təvazökarlığı” mədəniyyəti- yəni din adından danışarkən əmin olmadıqları, fikir ayrılığı olan və aksiom hesab olunmayan məsələlərdə “Məncə, zənnimcə, mənə elə gəlir, ola bilsin, gəldiyim qənaətə görə” və s. bu kimi ifadələrdən istifadə etmə mədəniyyəti formalaşmayıb.
94. Hər hansı bir düşüncənin (inamın və müddəanın) doğru olub-olmamasını yoxlamaq üçün iki əsas rəqib nəzəriyyə var.
Bir var, deyirik ki, bir düşüncə o zaman doğru hesab olunur ki, həmin düşüncə həqiqətlə üst-üstə düşsün, yəni eynilə onu əks etdirsin. Həqiqət necədirsə, bu düşüncə də onu elə göstərir bizə. Məsələn, “İlkin Almaniyadadır”- müddəsı o zaman doğru ola bilər ki, doğurdan da, İlkin hal-hazırda Almaniyada olmuş olsun, yəni “İlkin Almaniyadadır”- müddəası İlkinin hal-hazırda Almaniyada olması gerçəyi ilə üst-üstə düşsün.
Bir də var, deyirik ki, bir düşüncə o zaman doğru hesab olunur ki, həmin düşüncə həqiqətə yaxınlaşmıs olsun. Bu, o deməkdir ki, biz düşüncələrimizin həqiqətlə üst-üstə düşdüyünü, onu olduğu kimi əks etdirdiyini bilmirik, əksinə, sadəcə olaraq ona yaxınlaşdığını bilə bilirik. Belə bir yanaşmanın məntiqi nəticəsi odur ki, düşüncələr arasında doğruluq dərəcələri var, eynilə sifətin üstünlük dərəcələri kimi. Belə ki, düşüncə var, doğrudur, düşüncə var, daha doğrudur, düşüncə də var, ən doğrudur və s.
Məncə, hər iki nəzəriyyə də diqqətə layiqdir. Belə ki, hər ikisindən də yeri gərəndə istifadə etmək lazımdır. Bəzi düşüncələrdə birinci nəzəriyyə, bəzi düşüncələrdə isə ikinci nəzəriyyə gözəl cavab verir.
95. Ədəb- başqasının varlığına etina etməkdir.
96. Hamının yekdil şəkildə qəbul etməsi gərəkən qayda:
“Başqalarının düşüncələrini tənqid etmədə özünü haqlı görürsənsə, bu zaman onların da sənin düşüncələrini tənqid etmədə haqlı olduğunu qəbul etməlisən. Əks təqdirdə, insafsız birisən!”
97. İki cür tələbə var. Tələbə var, ömrünün axıra kimi kimlərinsə dərslərində iştirak edərək onların fikri məhsullarını istehlak edir. Tələbə də var, bir müddət oxuduqdan sonra öz fikri məhsullarını istehlak etməyə başlayır.

98. Fəlsəfə hər adamın dilindən insana xoş təsir eləmir. Baxır, kim anladır- necə anladır və nə anladır. Baxır, kim yazır- necə yazır və nə yazır.
99. “Əməli rasionallıq” insana deyir ki, xərci faydasından daha çox olan işi görmə və əgər müəyyən səbəblərdən dolayı, hər hansı bir işə başlasan və işin əsanasında onun faydasının xərcindən daha az olduğunu anlasan, onda həmin işi dayandırmalısan.
P.S: Xərc=ağrı, acı, dərd, Fayda=həzz, ləzzət.

100. Aristotel deyirdi ki, həyatda qalmaq istəyən adamlar iki cürdür. Adam var, yaşama şövqünə sahibdir. Belə bir adam həyatdan həzz alır, çünki yaşamağın özü onun üçün dəyər hesab olunur, yəni həyatı elə həyatın özünə görə sevir. Adam da var, hesab-kitab aparıb görür ki, həyatın faydası xərcindən daha çoxdur. Buna görə də yaşamağa davam edir. Belə bir adam isə həyatdan həzz yox, mənfəət əldə edir, çünki bu adam həyatı hansısa bir hədəfə çatmaq üçün nərdivan hesab edir.
101. Bir insan yalnız insani və əxlaqi dəyərləri, normaları, öhdəlikləri pozduğu təqdirdə qınana bilər.

102. İslam ibadət sisteminə iki fərqli yanaşma var insanlar arasında. Bir qrup bu sistemi kəmiyyətmərkəzli hesab edir, digər qrup isə keyfiyyətmərkəzli. Birinci qrup ibadətin formasına, ikinci qrup isə ibadətin məzmununa, məgzinə, mahiyyətinə önəm verir. Mənə görə, ikinci qrup öz ibadətlərindən daha çox mənəvi həzz alır və onların ibadətlərinin yaratdığı effekt daha güclü olur. Nə çox kəmiyyətmərkəzli dindar görmüşəm ki, dinin ruhundan, mahiyyətndən xəbərsizdirlər. “Quru dindar” anlayışı da məhz belələrinə aiddir.
103. Din adından qəti bir əminliklə danışanları başa düşməkdə çətinlik çəkirəm. Sanki elə indicə Tanrı tərəfindən onlara “isti vəhy” nazil olur ki, sənin dindən anladığın 100% doğrudur, qalan dərklər, oxunuşlar isə yanlış. Özünə gəl, bir ayaq saxla, gör nə danışırsan. Riyaziyyat dərsində deyilik. Bir az təvazökar ol!
104. Dindar birisi o zaman düzgün dindarlıq edər ki, həm ağlın, həm təcrübənin, həm də vəhyin düzgün yerini təyin edə bilsin. Bu, normal dindarlıq deməkdir. Dindarlıq o zaman anormallaşır ki, ağıl və təcrübəni vəhyə tabe edir, o ikisindən gözləntilərini vəhydən gözləyir. Bu zaman ağıl və təcrübə yararsız bilik qaynağına çevrilir. Halbuki nə vəhy ağıl və təcrübənin yerini doldura bilər, nə o ikisi vəhyin yerini, nə də o ikisi bir-birinin yerini. Hər birinin öz yeri var varlıq aləmində. Odur ki, hər şeyi nə təkcə ağılla qavramaq olar, nə təkcə təcrübə ilə, nə də təkcə vəhylə. Gəlin, nə ağıl və təcrübəni vəhyə qurban verək, nə də əksinə. Normal dindarlığımızı anormallaşdırmayaq.
105. İki cür alim var. Alim var, ancaq öz həmkarları üçün kitab, məqalə yazır. Alim də var, ümumi kütlə üçün. Cəmiyyət üçün ikinci alim birinci alimə baxanda, daha faydalıdır. Axı, cəmiyyət 4-5 dənə elm adamından ibarət edeyil ki. Cəmiyyəti cəmiyyət olaraq ayaqda saxlayan məhz ümumi kütlədir.

106. Nə üçün hansısa bir şəxsiyyətin sübutunu tənqid edəndə, bəziləri bunu həmin şəxsiyyətə qarşı hücum olaraq görürlər? Məgər “şəxsiyyət”lə “sübut” eyni şeydirmi? Doğurdanmı, bu primitiv gerçəyi anlamaqda çətinlik çəkirlər? Bəsdir kimlərinsə sübutlarının boşluğunu onların şəxsiyyətləri ilə doldurduq. Elə buna görə də, sübutun tənqidini şəxsiyyətin tənqidi kimi qələmə veririk. Nə şəxsiyyətin sübutla sıx əlaqəsi var, nə də əksinə. Hər birinin ayrıca hökmü var. Bunları bir-birilə səhv salmaq olmaz. Odur ki, kiminsə sübutu tənqid edilərkən, bilməliyik ki, onun sübutu tənqid olunur, şəxsiyyəti yox.
107. Din insanlara ona görə göndərilməyib ki, bütün günü oturub ondan danışaq, əksinə, ona görə göndərilib ki, bacardığımız qədər onun gözəl, ali, insani təlimlərinə əməl edək. Bəsdir bütün günümüzü dindən danışmağa həsr etdik, indi, bir az da ona əməl edək. Dindən danışdığız qədər ona əməl etsəydik, indi, tam fərqli bir mənəvi ab-hava yaşamış olardıq…
108. Bir çox filosoflara görə, “yazmaq” sadəcə olaraq düşüncələri qeyd etmək yox, düşüncələr doğuran bir fəaliyyət hesab olunur. Bu əsasla, “yazmaq” bir növ düşünmək deməkdir.
109. Dəlilsiz iddia ediləni dəlilsiz də rədd edərlər…
110. Ağıllı adamın əxlaqi vəzifələrindən biri də odur ki, doğru olduğuna əmin olmadığı şeyləri dilinə gətirməsin və onları kimləsə bölüşməsin.
111. Kant belə söyləyirdi: “Elə əməl et ki, davranışın universal bir qaydaya çevrilə bilsin”. O, bu qaydadan yola çıxaraq bir əməlin əxlaqi olub-olmadığını bilmək üçün deyirdi ki, bax gör, həmin davranışı “universal bir qayda” kimi insanlara təqdim etmək olar, yoxsa yox. Bu əsasla, əgər o davranışı universal bir qayda kimi təqdim edəndə ziddiyyətlə üzləşiriksə, deməli, həmin davranış qeyri-əxlaqi əməldir. Gəlin, bu daydanın işığında iki nümunəni analiz edək:
1. Geri qaytarmamaq niyyəti ilə birindən borc almaq qeyri-əxlaqi işdir. Kant deyir ki, bilirsiz, nə üçün bu əməl əxlaqsızdır? Çünki əgər biz bu əməli (qaytarmamaq niyyəti ilə kimsədən borc almaq) universal bir qayda kimi qəbul etsək, bu zaman ziddiyyətlə üzləşməli olacağıq. Çünki bu zaman artıq, kimsə kimsəyə borc verməyəcək, ona görə ki, bilir, borc versə geri qaytarılmayacaq. Bu zaman isə borc vermə öz funksiyasını itirəcək. Bu da öz növbəsində ziddiyyətlə nəticələnir. Yəni borc verilir ki, müəyyən müddətdən sonra verilən pul geri qaytarılsın, halbuki fərzə görə, bu əməli, yəni qaytarmamaq niyyəti ilə borc almağı bir qayda kimi qələmə verməklə, borc verərkən həm pulun geri qaytarılmasını istəyirik, həm də geri qaytarılmamasını. Bu isə “iradədə ziddiyyətlilik” deməkdir.
2. Yalan danışmaq əxlaqsız bir işdir. Kant yenə deyir ki, əgər biz yalan danışmanı universal bir qayda kimi qələmə versək, hamı onu ümumi bir qayda kimi qəbul etsə, bu zaman kimsə kimsənin yalanına inanmayacaq. Bu da o deməkdir ki, yalan öz funksiyasını həyata keçirə bilməyəcək. Ziddiyyət isə orasındadır ki, yalan bir tərəfdən, ona görə deyilir ki, kimsə ona bir doğru kimi inansın, digər tərəfdən isə, yalan danışma ümumi bir qayda kimi çıxış etdiyinə görə kimsə kimsənin yalanına inanmayacaq. Deməli, həm yalan deməklə qarşı tərəfi aldatmaq istəyirik, həm də aldatmaq istəmirik. Bu da “iradədə ziddiyyətlilik” deməkdir.
112. Adətən, insanlar “həqiqət”i bildikdə onu başqaları ilə də bölüşürlər, ancaq o zamana qəqər ki, mənafeləri həqiqətlə toqquşmasın. Öz mənafelərini həqiqətə qurab verənlər isə həmişə olduğu kimi azlıq təşkil edirlər.
113. Sevgi- “fərqlilik” deməkdir. Odur ki, fərqlilik olmayan yerdə sevgi də yoxdur. Bu isə o deməkdir ki, bir sevginin uzunömürlü olması həm fərqliliyin qalıcı olmasından, həm də keyfiyyətindən asılıdır.
QEYD: Bu qeydlər 2016.06.01 tarixindən 2016.07.29 tarixə qədərki facebook qeydlərimin toplusudur.

Oxşar yazılar
Facebook qeydlərim (2-ci hissə)