Feminist epistemologiya və Dini mətn (kiçik bir etüd)

Uzun bir sürədir ki, dini mətnin, tekstin (Quran və sünnə) qadınlar tərəfindən də fenimist bir baxışla oxunuşu, təfsiri, izahı, açıqlanması, dərki barədə düşünürəm. Görəsən, mövcud dini elm sahələri “qadın dərki” fonunda şəkillənsəydi, necə bir elm sahəsi peyda olardı. Bu zaman, fiqhimiz- dini hüququmuz necə olardı, ilahiyyatımız necə formalaşardı, əxlaq elmi hansı istiqamətdə inkişaf edərdi və s. ?!
Nə üçün Quran və sünnənin QADINLAR tərəfindən şəkilləndirilən fenimist bir oxunuşu, dərki, bilimi mövcud deyil? Əgər olsaydı, nə baş verərdi?!
Bu gün əlimizdə olan dini biliklər toplusu cins, dil və düşüncə müstəvisində dini bilik sisteminə hakin olan “kişimərkəzlilik” gerçəyinin məhsulu, verimidirmi?! Bəlkə belədir?!

Zənnimcə, ədalət prinsipinin tələbinə əsasən, dini mətnlər, tekstlər həm kişilər, həm də qadınlar tərəfindən oxunmalı, dərk edilməli, anlaşılmalı, yozulmalıdır. Bu ikilik birgə olduğu təqdirdə, ədalət prinsipinə riayət edilmiş olacaq.
Hər iki cinsin müxtəlif bilik sahələrindəki həmin cinsin “düşüncə” məhsulu, verimi olan bir idraki sturktur daxilində və ya ən azından, metacins (cins ötəsi) şəklində “DİN” təfsir edilməlidir ki, hər iki cins öz fikri məhsulunu nümayiş etdirə bilsin.

Qadın insan haqlarının kişi dili, ədəbiyyatı, fəlsəfəsi, psixologiyası, düşüncəsi fonunda oxunması, anlaşılması, təfsir edilməsi nə qədər “ƏDALƏT” prinsipi ilə uzlaşa bilər?!
Dini mətnlərin epistemoloji (idraki) baxımdan “kişi dərki” ilə “Qadın dərki” arasındakı fərqini görmək istəyiriksə, o zaman qadınlara dini mətn üzərində düşünmə, dərk etmə, oxuma, təfsir etmə, yozma hüququ tanınmalıdır ki, kişimərkəzliliyin formalaşdırdığı dini dərkin mahiyyəti bizlərə məlum olsun.
Artıq bu gün “kişi dərki” ilə “qadın dərki” arasında ciddi bir dialoqun yaranma zamanıdır. Hər iki cinsin dini mətn üzərindəki oxunuşu, dərki, təfsiri nəzərə alınmalıdır.

Oxşar yazılar
İnsafsız paradoks təcrübəsi