Feminizm qeydləri

1.”Feminizmın sözü, iddiası nədir?”- sualına qısa və konkret şəkildə cavab vermək istəsək, belə deyə bilərik: İndiyədək aləmə – istər xarici aləm olsun, istərsə də daxili aləm- ancaq kişi eynəyi ilə baxılıb və yalnız kişilər psixoloji, metafizik, epistemoloji, ontoloji və s. bu kimi bilik istehsalı ilə məşğul olublar. Onlar aləm barədə öz təfsirlərini, şərhlərini, oxunuşlarını, yozumlarını ortaya qoyublar. İndi isə qadınlar kişi eynəyini çıxarıb öz eynəkləri ilə aləmə baxmaq kişilərlə yanaşı aləm barədəki öz təfsirlərini təqdim etmək qərarına gəliblər. Bir sözlə, feminizm- yəni aləmə qadıncasına baxmaq deməkdir.

2.Qadınla kişi arasındakı fərqliliklərdən çıxış edərək birinin digərindən üstün olması nəticəsini almaq məntiqi baxımdan sofistikadır. Çünki fərqlilik üstünlük demək deyil. Əksinə, fərqlilik elə “fərqlilik” deməkdir, vəssalam. Məsələn, əgər desək ki, bu kağız ağdır, o biri kağızsa sarı, bu zaman bu iki kağızın fərqli olduğunu demiş oluruq, nəinki birinin digərindən üstün olmasını.

3.Bəziləri aşağıdakı dəlildən çıxış edərək, qadınların kişilərlə müqayisədə obyektiv mühakimə yürütməkdən, düşünməkdən məhrum olduqlarını iddia edirlər. Gəlin, dəlilə nəzər salaq:
1. Təcrübi müşahidələrə əsasən, qadınlar kişilərdən daha çox eşqlə kontaktadırlar və ona bağlıdırlar.
2. Eşq emosiyanal bir hal kimi insanı obyektv mühakimə yürütməkdən, tərəfsiz düşünməkdən məhrum edir.
3. Deməli, qadınlar obyektiv mühakimə yürütmədə, tərəfsiz düşünmədə kişilərdən aşağı dərəcədə yerləşirlər. Odur ki, hanısa bir nəsnə barədə kişi mühakiməsi ilə qadın mühakiməsi toqquşarsa, kişi mühakiməsi irəli düşməlidir, çünki onun mühakiməsi daha obyektiv, tərəfsizdir.
Feministlər yuxarıdakı dəlili tənqid edərək deyirlər ki, 2-ci müqəddimə məntiqi baxımdan yanlışdır və sonucda, alınan nəticə də yanlışdır. Onlar qeyd edirlər ki, biz “eşq” anlayışına, indiyədək diqqətdən yayınan fərqli aspekdən də yanaşa bilərik, belə ki, insan eşq nəyəsə eşq bəsləyəndə onunla ittihad əlaqəsinə girərək onunla bir olur. Bu da, epistemoloji baxımdan, eşq bəslənilən obyektə nail olma, onu dərk etmə imkanını daha da asanlaşdırır. Çünki aşiq birisi eşq bəslədiyi obyektin üzərində təmərküzləşdiyi üçün onun bütün incə, xırda yönlərini, detallarını diqqətlə nəzərdən keçirir. Bu da aşiqdə eşq bəslədiyi obyekt barədə dərin və geniş bilik formalaşdırır, həyata keçirir. Məsələn, analar eşq sayəsində öz övladları barədə hamıdan daha dəqiq, dərin, geniş bilgiyə sahibdirlər.
Deməli, aydın olur ki, eşq nəinki obyektiv mühakimənin qarşısını alır, əksinə, mühakiməni daha da obeyktivləşdirir.

4.Bəşəriyyət tarixində qadınlara rəva görülən zülmlərdən biri də onların “obyekt” kimi tanıtdırılmasıdır. Bu da o deməkdir ki:
-Qadınlar çox vaxt təsirə məruz qalır və kişilərsə təsir edirlər;
-Qadınlar çox vaxt kişilər tərəfindən bilik obyektinə çevrilirlər və əksi isə bəzən baş verir;
-Qadınlar obyekt olduğundan bilik istehsal edən yox, bilik istehlak edən olurlar;
-Qadınların bilik istehsalındakı payı kişilərin payına baxanda minimal həddi təşkil edir.
-Qadınlar varlıq aləmindəki statusu çevrənin ətrafı, kişilərinki isə mərkəzidir.
-Qadınlar obyekt olduğundan “məhkum(hökm edilən)”, kişilərsə subyekt olduğundan “hakim(hökm edən)”dirlər.
-Qadınlar obyekt olma nəticəsində “zəif”, kişilərsə subyekt olma nəticəsində “güclü”dürlər.
-Qadınlar obyekt olduğuna görə “passiv”, kişilərsə subyekt olduğuna görə “aktiv” olurlar.
-Qadınların obyekt olmaları onları statikləşdirir, kişilərin subyekt olmaları isə onları dinamikləşdirir.

5.Mən feminizmdən yazanda “siyasi feminizm”lə “fəlsəfi feminizm”i bir-birindən ayırıram. Düzdür, tarixi baxımdan, ilk olaraq siyasi-ictimai feminizm peyda olub, ancaq sonradan bu, fəlsəfi feminizmə çevrildi. Bu gün modern dünyada artıq fəlsəfi feminizm öz sözünü deməkdədir, kifayət əqədər öz fəlsəfi məktəbələri barədə məqalələr, kitablar yazıblar. Xüsusilə, idrak nəzəriyyəsi, əxlaq fəlsəfəsi sahələrindəki tədqiqatları təqdirə layiqdir.

6.Feminizmi sevməyənlər və ya onu yanlış anlayanların səhvi ondadır ki, onlar “mövcud feminizm”lə “ideyal feminizm”i bir-birindən ayırd edə bilmirlər. Elə sanırlar ki, mövcud feminizmdə problemlər, yanlış görüşlər varsa, deməli, femizm batil bir məktəbdir. Halbuki bildiyimiz kimi, “mövcud olan”ı tənqid etməklə “ideyal olan”ı tənqid etmirik. Düzdür, mövcud feminzmdə yanlış cəhətlər, nöqsanlar ola bilər, necə ki, bəzi yanaşmalarında var, ancaq unutmayaq ki, bu, hər bir fikri məktəbdə var. Biz femizmdə doğru olanları götürməli, yanlış olanlarısa kənara atmalıyıq.

7.Feministlər hesab edirlər ki, “mövcud elm” kişilərin kainat barədəki bilik məhsullarının toplusudur. Bütül elm sahələrinə kişimərkəzlilik hakim kəsilərək “kişi rəngi”nə böyanmışdır. Həm humanitar elmlərdə, həm də empirik (təcrübi) elmlərdə istehsal olunan bilgi məhsullarının üzərində “Made by the mən” yazılıb. Əgər qadınlar da bilik istehsalı prosesinə qatıla bilsələr, onlara belə bir imkan tanınsa, mövcud elmin mahiyyəti tamamilə indikindən tam fərqli bir istiqamətə yönəlmiş olar. Fəlsəfi feminizm buna nail olmağa çaba göstərir.

8.Feministlərə görə, emosiyalar bilik əldə etmə prosesində nəinki “maneə” kimi, əksinə, onlar bilik əldə etmək üçün effektiv metodlar kimi çıxış edirlər. Feministlərin fikirincə, nəsnə və olayları olduğu kimi anlamamağımızın əsas səbəbi onlarla düzgün əlaqə (connection) qura bilməməyimizə görədir. Əgər əşya və hadisələrlə düzgün əlaqə qura bilsək, o zaman onları olduğu kimi dərk edə bilərik. Bəzi psixoloqlara görə, belə bir əlaqəni aşağıdakı üç elementlə həyata keçirə bilərik:

1. Sevgi, eşq (Love);
2. Şəfqət (Empathy);
3. Rəğbət (sympathy).

9.Bəzi tədqiqatlara görə, qadınlarda “IQ” kişilərlə müqayisədə yüksəkdir. Əgər qadınlara kişilərlə rəqabətə girmə imkanı onlara verildiyi kimi verilsəydi, inanın ki, bu gün fərqli bir sivlizasiya, mədəniyyət, elm, texnologiya ilə qarşı-qarşıya olacaqdıq. Baxın, humanitar və empirik elmlərdə qadın tədqiqatçıları necə də maraqlı, fərqli, düşündürücü, heyrətləndirici görüşlər, baxışlar, rəylər ortaya qoyurlar. Bu, onu göstərir ki, qadın ağılının məhsulu kişi ağılının məhsulundan fərqlidir.

10.Təqribən, 60-ci illərdən bəri fəlsəfə dünyasında belə bir sual irəli sürüldü: Fəlsəfələməkdə cinsiyyətin nə qədər təsiri var? Fəlsəfələmək cinsiyyətə münasibətdə tərəfsiz, neytraldır, yoxsa yox?

Yuxarıdakı suala cavab olaraq dörd fərqli yanaşma irəli sürüldü:
1- Kişilər və qadınlar – hər birisi öz fərqli yanaşmalarının ardınca olmalıdır.
2- Qadınlar fəlsəfəyə kişimərkəzli yanaşmalıdırlar.
3- Kişilər fəlsəfəyə qadınmərkəzli yanaşmalıdırlar.
4- Kişilər və qadınlar əl-ələ verib qeyd olunan yanaşmaları genişləndirməli, dərinləşdirməli və təkmilləşdirməlidirlər. Bir sözlə, birgə fəlsəfi bilik istehsal etməlidirlər.

Deməli, 1-ci yanaşmada kişi baxışı ilə qadın baxışı arasında uyuşmazlıq var, yəni bu iki baxış arasında heç bir kəsişmə nöqtəsi yoxdur. Belə ki, qadınlar aləmə bir cür baxır, kişilərsə başqa cür. 2-ci yanaşmada qadın baxışı kişi baxışı kateqoriyası altında yerləşir (Male approach to philosophy). 3-cü yanaşmada isə kişi baxışı qadın baxışı altında yerləşir (Feministic approach to philosophy). Nəhayət, 4-cü yanaşmada isə bu iki baxış arasında həmkarlıq, təkmilləşdirmə, sintez, genişləndirmə, dərinləşdirmə həyata keçir.

11.Uzun bir sürədir ki, dini mətnin, tekstin (Quran və sünnə) qadınlar tərəfindən də fenimist bir baxışla oxunuşu, təfsiri, izahı, açıqlanması, dərki barədə düşünürəm. Görəsən, mövcud dini elm sahələri “qadın dərki” fonunda şəkillənsəydi, necə bir elm sahəsinə çevrilərdi. Bu zaman, fiqhimiz- dini hüququmuz necə şəkillənərdi, ilahiyyatımız necə formalaşardı, əxlaq elmi hansı istiqamətdə inkişaf edərdi və s. ?!

Nə üçün Quran və sünnənin QADINLAR tərəfindən şəkilləndirilən fenimist bir oxunuşu, dərki, bilimi mövcud deyil? Əgər olsaydı, nə baş verərdi?!
Bu gün əlimizdə olan dini biliklər toplusu cins, dil və düşüncə müstəvisində dini bilik sisteminə hakin olan “kişimərkəzlilik” gerçəyinin məhsulu, verimidirmi?! Bəlkə belədir?!

Zənnimcə, ədalət prinsipinin tələbinə əsasən, dini mətnlər, tekstlər həm kişilər, həm də qadınlar tərəfindən oxunmalı, dərk edilməli, anlaşılmalı, yozulmalıdır. Bu ikilik birgə olduğu təqdirdə, ədalət prinsipinə riayət edilmiş olacaq.
Hər iki cinsin müxtəlif bilik sahələrindəki həmin cinsin “düşüncə” məhsulu, verimi olan bir idraki sturktur daxilində və ya ən azından, metacins (cins ötəsi) şəklində “DİN” təfsir edilməlidir ki, hər iki cins öz fikri məhsulunu nümayiş etdirə bilsin.

Qadın insan haqlarının kişi dili, ədəbiyyatı, fəlsəfəsi, psixologiyası, düşüncəsi fonunda oxunması, anlaşılması, təfsir edilməsi nə qədər “ƏDALƏT” prinsipi ilə uzlaşa bilər?!
Dini mətnlərin epistemoloji (idraki) baxımdan “kişi dərki” ilə “Qadın dərki” arasındakı fərqini görmək istəyiriksə, o zaman qadınlara dini mətn üzərində düşünmə, dərk etmə, oxuma, təfsir etmə, yozma hüququ tanınmalıdır ki, kişimərkəzliliyin formalaşdırdığı dini dərkin mahiyyəti bizlərə məlum olsun.
Artıq bu gün “kişi dərki” ilə “qadın dərki” arasında ciddi bir dialoqun yaranma zamanıdır. Hər iki cinsin dini mətn üzərindəki oxunuşu, dərki, təfsiri nəzərə alınmalıdır.

12.Müsəlman feministlər hesab edirlər ki, dini mətnlərdəki (Quran və sünnə) “qadın cinsi”nə dair məsələləri- hökmləri, hüquqları, öhdəlikləri kişilər deyil, qadınlar anlamalı, təfsir və şərh etməlidirlər. “Kişimərkəzli” bir ağılın belə bir durumda dini mətnlər barədə təqdim edəcəyi oxunuş, təsvir obeyktivliyi əks etdirməyə bilər. Hətta, bəzən “mənafelərin toqquşması” kimi həssas durumlarda kişilərin qadınlar barədə dini mətnlərdə qeyd olunan hökm və öhdəlikləri şüuri və yaqeyri-şüuri olaraq öz xeyirlərinə uyğun şərh edə bilərlər. Məsələn, kişilərin çıxarı olduğu bəzi hökm və öhdəlikləri aşağıdakı kimi sadalamaq olar:

1. Çoxarvadlılıq;
2. Qadın tərəfindən nigahdaxili şərt qoyulması problemi;
3. Qadının icazəsiz evdən çıxması;
4. Kişinin cinsi tələbatı qarşısındaki öhdəliyinin 4 ayla məhdudlaşdırılması;
5. Təlaqda səlahiyyətin kişidə olması;
6. Qadının evlənmədə ata və ya ata babasından icazə alması;
7. Qadınlarda mükəlləfiyyət çağının qəməri təqvimlə 9 yaşdan başlaması;
8. Qadının şəhadət verməsi;
9. Qadının irs payı;
10. Qadının diyəsi;
11. Qadının qəzavət etməsi;
12. Uşağın qəyyumluğu;
13. Ananın övlad hüquqları və s.

13.Ümumi bir qaydadır ki, istənilən fikri cərəyanı təhlil edərkən ona “hamı-heç” məntiqi ilə yanaşmaq düzgün deyil. Belə ki, ya hamısı doğru olmalıdır, ya da heç biri doğru olmalı deyil. Bu, yanlışdır. Ola bilər ki, bəzi müddəaları doğru, bəziləri isə yalan olsun. Yaxud, bəzi dəyərləri əxlaqi, bəzi dəyərləri isə qeyri-əxlaqi olsun. Odur ki, bu dilemmanı kənara qoymayanacan, bir çox biliklərdən məhrum olacağıq. Feminizmə də yanaşanda, onun doğru müddəaları ilə yanlış müddəalarını, əxlaqi dəyərləri ilə qeyri-əxlaqi dəyələrlərini bir-birindən ayırd etməyi bacarmalıyıq. Deməməliyik ki, feminizmin ya hamısı doğrudur, ya da heç biri və yaxud, ya hamısı əxlaqidir, ya da qeyri-əxlaqi. Əfsuslar, feminizm çoxları tərəfindən dəyərləndirilərkən yuxarıda qeyd etdiyim dilemmadan çıxış edirlər ki, bu da yanlışdır.

14.Fəlsəfədə mübahisəli mövzulardan biri də ruhun cinsiyyətə malik olub-olmamasıdır. Belə ki, bəziləri iddia edirlər ki, ruhun cinsiyyəti yoxdur, nə kişidir, nə də qadın. Kişilik və ya qadınlıq fiziki bədənə aiddir, ruhda isə belə bir xüsusiyyət yoxdur. Bu iddianın əksinə olaraq rəqib tərəf hesab edir ki, ruhun cinsiyyəti var, yəni ortada kişi ruhu və qadın ruhu var. Demək, ruh rəngsiz, surətsiz, cinsiyyətsiz deyil: ya kişi rəngi ilə boyalıdır, ya da qadın rəngi ilə. Onu daqeyd edim ki, kişilk və ya qadınlıq dedikdə bioloji, fizioloji xüsusiyyət nəzərdə tutulmur. Cinsiyyəti təkcə biloji anlamada qavramaq yanlışdır. “Cins(sex) ilə “cinsiyyət kimliyi (gender)”ni bir-birindən ayırmalıyıq. Birinci bioloji, fizioloji, ikinci isə psixolojidir. “Gender” adamın cinsiyyət kimliyini təyin edir: qadın kimliyi, yoxsa kişi kimliyi. Bu əsasla, “gender” qadın və kişinin zahiri bədənindəki biloji quruluşları ifadə etmir. Bu, onun cinsiyyət kimliyini ifadə edən bir termindir. Deyilənlərdən aydın olur ki, iki cür insan var: “kişi insan” və “qadın insan”, baxmayaraq ki, hər ikisi də insandır.

Zənnimcə, ruhunun cinsiyyəti var, biz ruhları kişi və qadın olmaqla iki yerə ayıra bilərik. Fəlsəfədə bu müddəanı təsdiqləyən ciddi dəlillər var. Mən burada, deyilən müddəanı məntiqiləşdirmək üçün, sadəcə, bir zehni eksperimenti diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, fərz edin, bir ana dünyasını dəyişir və axirətə köçür. Ana ölərkən azyaşlı bir körpəsini arxada buraxır. Fərz edək, uşaq qəddar bir adamın əlinə düşür və o da hər gün ona olmazın əziyyətlər verir. Yenə fərz edək ki, Allah ananı bu səhnədən xəbərdar edir. Burada belə bir sual yaranır: Əgər ruhun cinisyyəti yoxdursa və həmin ana fiziki bədənindən təcrid olunduğuna görə qadın cinsinə daxil deyilsə və nəticədə analıq da qadın cinsinə aid bir xüsusiyyətdirsə, bu zaman həmin ana ona göstərilən səhnə qarşısında nə kimi bir reaksiya göstərə bilər? İntuisiyalarımız bu barədə nə deyir? Siz necə düşünürsüz, sizcə, ana bu səhnəyə görə ruhən narahat olacaq, acı çəkcək, yoxsa, bunu tamamilə adi qarşılayacaq və həmin körpəyə ana bağlılığını duymayacaq? Zənnimcə, bu eksperimenti zehnində canlandıran hər bir adam intuisiyasının tələbinə əsasın hökm edəcək ki, ana qeyd olunan səhnə qarşısında narahat olacaq, körpəyə olan analıq bağılığı onu ruhən acı çəkməyə sövq edəcək.

İndi isə, gəlin müddəanın lehinə olan sadə bir arqumenti nəzərdən keçirək:

1.Məlum olduğu kimi, hər bir insanın bir kimliyi var.
2. Kimlik bir fərdin “kim” olmasını ifadə edən bir gerçəkdir. (Buna “gender” deyilir və insanın biloji və fizioloji tərəflərini ifadə etmir.)
3. İnsan öldükdən sonra kimliyini əldən vermir. Belə ki, dünyada hansı kimliyə sahib idisə, ölümdən sonrakı dünyada da həmin kimliyə sahib olacaq. Yoxsa, məsələn, Sabir öldükdən sonra, daha özü ola bilməz. Özü ola bilməsi üçüngərək öz kimliyi olduğu kimi sabit qalsın.
4. Qadın və ya kişi hər biri bir insan olaraq özünəməxsus bir kimliyi vardır: qadın kimliyi və kişi kimliyi.
5. Məlum fəlsəfi və dini dəlillərə əsasən, Axirət həyatı maddi-fiziki həyat olmadığından, orada hansısa biloji, fizioloji xüsusiyyəti özündə daşıyan cinsiyyətdən söz açmaq olmaz.
6. Deməli, bir qadın dünya həyatında hansı kimliyə sahibdirsə, axirət həyatından sonra da eyni kimliyə sahib olacaq. Bu kimlik onun cinsiyyətini (gender) ifadə edən bir gerçəkdir. Ruhun cinsiyyəti var dedikdə, məqsədimiz bu mənada olan cinsiyyətdir- kimlik cinsiyyəti. Bu əsasla, qadın dünyada hansı kimlik cinsiyyətinə sahib idisə, axirətdə də eyni kimlik cinsiyyətinə sahib olacaq. Həmçinin kişilər də bu qəbildəndir. Belə ki, dünya həyatındakı kimlik cinsiyyətləri olduğu kimi qalacaqdır.

15.Ənənəvi əxlaqla feminist əxlaq arasındakı fərq ondadır ki, birinci ədalətmərkəzlidir, ikincsi isə qayğımərkəzli. Yəni burada iki fərqli diskurs var, belə ki, biri ədalət dili (Language of justice) ilə ifadə olunur, digəri isə məsuliyyət dili (Language of responsibility) ilə. Kişimərkəzli diskursda əxlaqi dəyərlər ədalət və azadlıq ətrafında dövr edir, ancaq qadınmərkəzli diskursda isə şəxs ədalət və azadlığın dərdini çəkməkdən çox, özü ilə başqaları arasındakı əlaqəni qoruyaraq əxlaqi münasibətlərini “qayğı” üzərində tənzimləməyə çalışır. Qayğı əxlaqı (Ethics of care) özünü norma və qaydalar çərçivəsilə məhdudlaşdırmır, əksinə, ərdəm üzərində köklənən bir subyekt (Agent) kimi əxlaqi bir davranış sərgiləyir. Başqa sözlə, qayğı əxlaqı fərdin iç dünyasından qaynaqlanan bir əxlaqdır. İnsan bu əxlaq modelində iç dünyasını fəzilət və ərdəmlə (Virtue) bəzəyərək öz əxlaqi kimliyini formalaşdırmış olur və bununla da içdən qaynaqlanan bir hisslə əxlaqi mühakimələri həyata keçirir.