Forma, yoxsa məzmun məntiqi?

Bir çoxlarımızın gündəlik həyatına hakim olan məntiq- forma məntiqidir. Bu məntiq sahibləri əsasən nəsnələrin, olayların təkcə şəkilinə, formasına önəm, əhəmiyyət verirlər. Bir nəsnənin və ya olayın şəkili bəyənildisə, demək, o doğrudur, düzgündür. Yox, əgər belə deyilsə, onda yalnışdır, yalandır və nəticədə qırağa atılmalıdır. Bu məntiq insan həyatının bütün sahələrinə aid ola bilir- fərdi həyatından tutmuş, ictimai həyatına qədər. Bütün insani münasibətlərinə təkcə bir məntiq hakim olur- forma məntiqi. Forma məntiqi insani, ictimai nəsnələri, olayları statik proses içərisində qavramağa çalışır. Elə buna görə də, bu məntiq ardıcıllarında inkişaf, səmimiyyət, ciddilik müşahidə olunmur. Bu sadalananlar statik durumda gerçəkləşə bilməzlər. Formal məntiq ona görə təhlükəlidir ki, nəsnələri, olayları, insani düşüncəni, həyatı dondurur, onları əbədiləşdirmək əvəzinə, faniləşdirir. Odur ki, bu məntiq ardıcıllarında quruluqdan başqa bir şey görə bilmirsən. Bu məntiqə əks olan başqa məntiq isə məzmun məntiqidir. Dəyəri, doğruluğu və ya yanlışlığı formada deyil, məzmunda axtarır. Forma və şəkillərə aldanmır, onun əsiri olmur. Formanı yararaq, onun içinə- məzmununa varır. Bu məntiq ərtafımızdakı nəsnələri, olayları dinamik biçimdə anlamağa çalışır və onları aniləşdirmək əvəzinə, əbədiləşdirir. Məzmun məntiqi sahibləri daha dərin düşünə bilənlər, ilk baxışdan aldanmayan və tez inanmayan adamlardır. Bu məntiqə malik olan birisi ağılmərkəzli olur. Ancaq forma məntiqinə malik adamsa hissmərkəzli olur. Biri səthi yanşır ətraf aləmdəki nəsnə və olaylara, digəri isə dərindən və içdən. Bu, onların qəbul etdiyi mərkəzi dəyərdən irəli gəlir: hiss və ağıl. Hiss həmişə nəsnələrin, olayların zahirini dərk edir, ağılsa bunun tərsinə olaraq, dərinliklərinə dala bilir, nəsnələrin zahirindən batininə nüfuz edərək onların içindəkiləri kəşf edir. Yəqin, siz də həyatınızda bu iki fərqli məntiq tərəfdarları ilə qarşılaşmısınız. İnsani münasibətlərimiz o zaman sağlam bir münasibətə çevrilə bilər ki, məzmun məntiqi bizlərə, toplumuzudakı fərdlərə hakim kəsilsin.

Oxşar yazılar
Ruhun cinsiyyəti varmı?
Həqiqət həqiqətə zidd ola bilməz!
Ağılın iki fərqli funksiyası
Sübutun dəyəri özünə görədir.