Həqiqət həqiqətə zidd ola bilməz!

1.

Demək olar ki, fəlsəfə tarixində ilk filosof Spinozadır ki, həqiqətin həqiqətə zidd ola bilməməsi fikrini önə çəkmişdir. O, özünün “Əxlaq” kitabında hər hansı bir inamın, biliyin, mühakimənin doğru olma meyarlarını şərh edərkən, iki meyarı bir-birindən ayırmışdır. Spinoza hesab edirdı ki, bir inamın doğruluğunu yoxlamaq üçün iki meyarımız var: daxili meyar və xarici meyar. O, xarici meyarı inamın gerçəkliklə üzt-üstə düşməsi, onunla uzlaşmasi kimi şərh edərək qeyd edir ki, bir inam gerçəkliyə-həqiqətə adekvat olduğu, onunla uzlaşdığı zaman doğru hesab olunur. Əks təqdirdə isə yalan sayılacaqdır. Məsələn, fərz edək ki, hal-hazırda çöldə qar yağır və mən də “Qar yağır.”- cümləsini bir inam kimi dilimə gətirirəm, bu zaman mənim işlətdiyim bu cümlə gerçəkliklə üst-üstdə düşdüyündən, doğru hesab olunacaqdır. İnsan həyatında da müxtəlif elm sahələrinə aid 100 minlərlə bu qəbildən olan örnəklər, nümunələr vardır. Deməli, doğruluğun xarici meyarı insanın inam şəbəkəsindən xaricdə yerləşən gerçəklik, həqiqət və obyektiv reallıqlarla əlaqədardır. Yəni, bir inamın doğru olmasını o biliyin daxilindən, içindən deyil, xaricindən, çölündən əldə edirik. Obrazlı ifadə etsək, evdən eşiyə baxmaqla çöldəki əşyaları, insanları nəzərdən keçiririk. Evin içi ilə heç bir işimiz yoxdur, sadəcə olaraq diqqətimizi çöldəkilərə istiqamətləndiririk.

2.

Daxili meyara gəlincə isə, Spinoza bildirir ki, bir inamın, bir bilginin insanın inam şəbəkəsində digər bir inamla, bilgi ilə harmoniya təşkil etməsi, onunla uyğunlaşması onun doğru olmasının göstəricisidir. Bu isə o deməkdir ki, həqiqət həqiqətə zidd ola bilməz. Zidd olursa, demək, ikisindən biri həqiqət deyil. Həqiqət başqa bir həqiqəti inkar edirsə, deməli, birinin adını biz səhvən, bilmədən həqiqət qoymuşuq, əslində isə o, həqiqət deyilmiş. Başqa sözlə, həqiqət həqiqətə zidd gəlirsə, onunla harmoniya təşkil etmirsə, onda ikisindən biri özünü bizə həqiqət kimi göstərib. İnsanın inam şəbəkəsində müxtəlif sahələrə dair çoxsaylı inamlar, bilgilər var. Humanitar elmlərdən tutmuş təcrübi, empirik elmlərə qədər bilgilərimiz, informasiyalarımız var. Bu daxili meyarın yardımı ilə biz bir çox inamlarımızı yoxlaya bilərik, onların doğru olub-olmadığını üzə çıxarda bilərik. Bilik əndişəsi olan birisi bu meyardan yan keçə bilməz. İnam şəbəkəsindəki inamlarını balanslaşdırmağa, tarazlaşdırmağa çalışar. Bu proses isə yalnız Spinozanın qeyd etdiyi daxili meyarla həyata keçə bilər. İnsan bu daxili meyarla zehn evini səliqəli şəklə salır, ev əhli arasında sülh bərpa edir. Nəticədə, hamı bir tavan altında aram bir həyat sürməyə başlayır.

3.

Başqa daxili meyar kimi isə inam şəbəkəsinin daxilindəki bilgilərin, məlumatların aksiomluğunu, öz-özlüyündə aydınlığını gəstərir. Bir inam şübhə edilməyəcək qədər aydındırsa, aşkardırsa, deməli, o doğru inamdır, onun doğru olmasına əmin olmaq olar. Yox, əgər onda şübhə, şəkk edə biliriksə, demək, doğru inam deyil. Məsələn, riyaziyyat və həndəsədə qəbul etdiyimiz aksiomaları bu qəbildən hesab etmək olar. Bu iki elmdə olan adıkeçən inamlar Spinozanın qeyd etdiyi meyarın şərtini təmin edə bilirlər. Hər bir bilik sahəsində bu qəbildən olan bilgi, yəni aksiom bilgi tapsaq, bu, onun doğru olması deməkdir. Onu da qeyd edim ki, bütün elm sahələrində olan bilgilər xuxarıdakı xüsusiyyətə malik deyildir. Onları aksiom kimi qəbul etmirik, ancaq bu, o demək deyil ki, onlar yalandır, doğru deyil. Əgər onları xarici meyarla isbatlaya biliriksə, bu, onların doğru olması deməkdir. Əslində aksiomluq meyari daxili bir meyar kimi yalnız məhdud bilgiləri bizə şərh edib, onların doğru olub-olmadığını yoxlaya bilər. Deməli, aksiom olmayanları da yoxlamaq üçün meyarımız var; xarici meyar. İlk növbədə xarici meyarla onun doğruluğunu yoxladıqdan sonra, həmin bilgini inam şəbəkəsində ikinci dəfə başqa bilgilərlə harmoniya təşkil edib- etməməsi ilə 100% onun doğru olmasına əmin olmaq mümkündür. Çoxları ilk yoxlanışla biliyin doğru olduğuna əmin olurlar, amma əslində isə bu, ilk baxışdan doğru kimi nəzərə çarpmanı təmin edir. Tam əmin olmaq üçün isə ikinci yoxlanış olmalıdır ki, bu da bir bilginin digəri ilə harmoniya təşkil etməsindən ibarətdir.

4.

Yuxarıda deyilənlərdən belə bir nəticə əldə etmək olar ki, zehin dünyamızda olan bilgiləri, inamları yoxlamaq üçün iki əsas meyarımız var: xarici və daxili meyar. Bəzi bilgilərimizi xarici meyarla, bəzilərini isə daxili meyarla yoxlaya bilirik. Diqqət edilməsi vacib olan məqam isə zehin dünyamızdakı bir həqiqətin, gerçəyin digərini inkar etməməsi faktıdır. Spinozanın deyimi ilə desək, anlayış və hökmlərimiz bir-biri ilə harmoniya təşkil edənə qədər, həqiqətdirlər.

Oxşar yazılar
Kainatın sonsuzluğuna dair sadə bir dəlil
Bir nihilist düşüncəyə cavab
Fəlsəfə bir ev kimi
Dostluq üzərinə fəlsəfə