Hidayət ilahiyyatına dair bəzi qeydlərim

1. Hidayət ilahiyyatında “səmimiyyət” və “ciddiyyət” ən fundamental iki anlayış hesab olunur. Belə ki, insanın hidayət və ya sapması (zəlaləti) bilavasitə onun səmimi və ciddi olub-olmamasından irəli gəlir. Səmimiyyət insanın həqiqət axtarışındakı motivini, cidiyyət isə onun cəhdini əks etdirir. Demək, insan o zaman hidayətə çatır ki, həm həqiqəti məhz onu aşkarlamaq niyyəti ilə axtarır (=səmimiyyət), həm də həqiqətə aparan dəlilləri araşdırarkən səhlənkarlığa yol vermir, belə ki, var gücü ilə zehni tutumu qədər onları araşdırıb nəzərdən keçirir (=ciddiyyət). İnsanın sapmasına gəlincə, bu, o zaman baş verir ki, ya həqiqəti axtararkən onu üzə çıxarmaq niyyəti ilə hərəkət etmir, əksinə, qeyri-xalis niyyətlərlə bu işi görür (=qeyri-səmimilik), ya da həqiqəti əks etdirən dəlilləri araşdırarkən səhlənkarlığa yol verir (=qeyri-ciddilik). Bir sözlə, hidayət olan adam həqiqətin axtarışı ovunda həm səmimi, həm də ciddi olan birisidir, zəlalətə uğrayan adam isə ya səmimi olmayan, ya ciddi olmayan, ya da hər ikisindən məhrum olan birisidir.

2. Hidayət ilahiyyatında “metod” ilə “nəticə” arasında fərq qoyulur. Belə ki, insan həqiqəti axtaran zaman istifadə etdiyi metoddan əldə olunan nəticə qarşısında yox, istifadə etdiyi tədiqiqat metodu qarşısında məsuliyyət daşıyır. Bu o deməkdir ki, insan obyektiv və mötəbət olmayan bir metodla həqiqətin axtarışına çıxarsa və yanlış nəticə əldə edərsə, bu zaman nəticəyə görə yox, əksinə, metoda görə məsuliyyət daşıyacaq, qınanacaq və cəzalandırılacaqdır. Odur ki, insan həqiqəti axtararkən bacardığı qədər “epistemoloji rəzalət”lərdən uzaq durmalıdır. “İnsan nəticə qarşısında yox, məhz metod qarşısında məsuliyyət daşıyır” – müddəasının lehinə bir neçə dəlil gətirmək olar. Birinci dəlili belə izah etmək olar ki, bir inamın və ya biliyin obyektiv reallıqla uyğun gəlib-gəlməməsi insanın ixtiyarında, kontrolunda deyil. Bu, onun gücü xaricindədir. Hətta bəzən bu, insanın zehni tutumunun fövqündədir. Bir inamın və ya biliyin obyektiv reallıqla uyğun olmasını təkcə dəlil əsasında müəyyənləşdirmək olar, çünki insanla reallıq arasında həmişə bir “fasilə” var. İnsanın inamı və ya biliyi ilə reallığın arasında körpü rolunu oynayan vasitə təkcə dəlildir, vəssalam. Dəlili də mən məhz metod vasitəsilə əldə edirəm. Demək, mən nəticəyə görə yox, metoda görə məsuliyyət daşıyıram. Adıkeçən müddəanın lehinə ikinci dəlili isə belə izah edə bilərəm ki, biz insanlar əlimizdə olmayan həqiqətlərə görə heç bir məsuliyyət daşımırıq və bizim onlar qarşısında heç bir mükəlləfiyyətimiz, öhdəliyimiz yoxdur, çünki bu qəbildən olan həqiqətlər qarşısında mükəlləfiyyət daşımağımız ağılın hökmü ilə daban-dabana ziddiyyət təşkil edir. Hər bir normal insanın ağılı dərk edir ki, insan gücü çatmadığı, qüdrəti xaricində olan şeylə mükəlləf ola bilməz. Məsələn, bir insanı “50 ton çəkini qaldır”- hökmü ilə mükəlləf etmək olaz. Çünki bu, onun gücü xaricindədir. Odur ki, onu bu hökmü həyata keçirmədiyinə görə qınamaq və ya cəzalandırmaq yolverilməz və pisdir. Bu əsasla, kimsəni onun ixtiyarında olmayan həqiqətlər qarşısında mükəlləf hesab etmək olmaz.

3. Hidayət ilahiyyatında həmçinin haqq ilə batilin meyarı imanla küfrün meyarından fərqləndirilir. Belə ki, haqqın meyarı hər hansı bir inam və ya müddəanın obyektiv reallıqla üst-üstdə düşməsindən, batilin meyarı isə həmin inam və ya müddəanın obyektiv reallıqla üst-üstdə düşməməsindən ibarətdir. Məsələn, “Yer kürəvidir” dedikdə, bu müddəa obyektiv reallıqla uyğun olduğuna görə haqqdır, ancaq “Sokrat öz əcəli ilə ölüb” müddəası isə həqiqəti əks etdirmədiyinə görə batildir,çünki o öz əcəli ilə yox, zəhər içizdirilərək öldürülüb. İmanla küfrün meyarına gəlincə, bu, haqq olması öz-özlüyündə inkar edən və ya qəbul edən şəxs üçün aydın olan və yaxud səmimiyyət və ciddiyyət sayəsində aydınlaşan haqqı qəbul və ya inkar etməkdən ibarətdir. Başqa sözlə, insan haqq olmasına əmin olan nəsnəyə təslim olursa, bu, “iman” və bilərəkdən ondan boyun qaçırırsa, bu, küfr adlanır. Odur ki, küfrdə həmişə bilərəkdən danma və qəsdən inadkarlıq elementləri var. Buna görə də hidayət ilahiyyatı kontekstində səmimi və ciddi olaraq həqiqətin axtaraışına çıxıb, amma onu tapa bilmədiyinə görə sapan birisinə “kafir” demək olmaz. Hətta demək olar ki, belə bir şəxsin həqiqətin axtarışındakı səmimiyyət və ciddiyyəti həqiqətə çatıb onu qəbul edən şəxsin səmimiyyət və ciddiyyəti ilə eyni dərcədə olarsa, bu zaman hər iki şəxs bərabər tərif və mükafata layiqdirlər. Bu isə ağılın qəti idraklarından biridir.

4. Hidayət ilahiyyatında “Hər bir insanın əqli və əxlaqi borcu dəlilə tabe olmaqdır” müddəası fundamental bir prinsip kimi qəbul edilir. Ona görə də iman və küfrlə bağlı dəyərləndirmələr məhz bu prinsip əsasında aparılır. Digər tərəfdən, aydın olduğu kimi, belə bir sığorta yoxdur ki, səmimiyyət və ciddiliklə hərəkət edib dəlilə tabe olan bütün insanlar vahid bir nəticəyə nail olacaqlar. Düzdür, epistemoloji baximdan müxtəlif nəticələr eyni dərəcədə, eyni dəyərdə olmaya bilər, ancaq dəlilə istinadən xüsusi bir nəticəni mötəbər hesab edən birisi başqalarına görə ondan vaz keçməyə haqqı yoxdur. Bir şərtlə ki, onlar həmin dəlilin yanlış olmasını ona göstərməyiblər. Əgər onlar dəlilin yanlış olmasını ona göstərə bilsələr, bu zaman yuxarıdakı prinsipə əsasən həmin dəlildən əl çəkməli və yeni dəlilə tabe olmalıdır. Bir sözlə, hidayət ilahiyyatında “dəlilmərkəzlilik” ana təlim kimi qəbul edilir.

5. Hidayət ilahiyyatında başqalarını inanclarına görə təkfir etmək, onları mürtəd elan etmək qətiyyən yolverilməzdir. Bu sadəcə epistemoloji təkəbbürlüyün və bəşəri ağlın məhdudiyyətləri ilə tanış olmamağın göstəricisidir. Bu əsasla, kimsə öz məhdud (!) ağlının çatdığı nəticəni küfr məsələsində meyar kimi götürüb öz məhdud (!) ağlı ilə fərqli nəticəyə çatan birisini təkfir etməyə, onu mürtəd elan etməyə haqqı yoxdur. Əgər bizim çatdığımız nəticə əsaslıdırsa (justified), onda bu sadəcə nəticəmizin ziddinin yanlış olduğunu və həmin nəticənin ziddini qəbul etməkdə bizim üzürlü olmadığımızı göstərir. Ancaq bizim nəticəmizin ziddinə inanan, onu inkar edən kəsin kafir olmasını bu müqəddimələrdən nəticə çıxarmaq olmaz. Başqasının küfrünü, mürtədliyini isbatlamaq üçün göstərə bilmək lazımdır ki, bizim haqq olmasına əlimizdə əsaslı dəlil olan bir müddəa o adam üçün də bizim kimi aydındır və o da bunu bizim kimi qəbul edir, amma səmimiyyətsiz və ciddiyyətsiz olduğuna görə onu inadkarlıqla qəsdən danır.

Oxşar yazılar
Ağır və yüngül dinə dair qeydlərim (1-ci hissə)
Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (1-ci hissə)
Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (2-ci hissə)
Tövhidə dair qeydlərim (1-ci hissə)