İbn Ərəbiyə görə vəhdəti-vücud

İbn Ərəbi deyir ki, bir var, “mütləq varlıq”, hansı ki, heç bir şərt və qeyd qəbul etmir. Buna “zəruri varlıq (vacibul-vücud)” deyilir. Bir də var, “mütləq yoxluq”. Həm mütləq varlıq, həm də mütləq yoxluq- hər ikisi əzəlidir. Mütləq varlıq yoxluğu qəbul etmədiyi kimi, mütləq yoxluq da varlığı qəbul eləmir. Ancaq xalis varlıqla xalis yoxluq arasında “mümkünlük” adlı bir fasilə var ki, həm yoxluğu qəbul edə bilir, həm də varlığı. Deməli, “mümkünlük” varlıqla yoxluq arasında olan bir fasilədir ki, bu da “aləm” adlanır. Aləm bir baxımdan, ümumiyyətlə, xəyali bir nəsnədir və onu nəzərə almamaq olar. Digər baxımdan isə o, mövcuddur və hətta vacibul-vücud hesab olunur, yəni var olmaya bilməz, çünki aləm xalis varlığın kölgəsidir və kölgə isə kölgə sahibinə tabedir. Bu əsasla, əgər kölgə sahibi əzəli və əbədi olarsa, onda kölgə də belə olacaqdır, yəni əzəli və əbədi. Ancaq xalis varlıq yoxluğu qəbul etmədiyi kimi, çoxluğu da qəbul etmir. Elə isə “mümkünlər aləmi”ndə şahidi olduğumuz çoxluq haradandır? İbn Ərəbinin sözlərinə görə, çoxluq nisbət kontekstində üzə çıxan şərti nəsnədir. Fərz edin, Həsən öz qadınına münasibətdə “ər”, öz övladına münasibətdə “ata”, öz valideynlərinə münasibətdə isə “oğul” adlanır. Diqqət edin, Həsən təkdir və onu çoxaldan nisbətlər isə şərtidir. “Haqq” adlandırdığımız həmin əzəli varlıq da zat baxımından təkdir, ancaq nisbət etibarilə müxtəlif və çoxsaylı isimlər qazanır. Vahid Haqqı bəzən “Rəhim”, bəzən “Qəhhar”, bəzən “Xaliq”, bəzən “Raziq” və s. bu kimi adlarla çağırıq. Bu əsasla, mümkün olan obyektlər Haqqın isim və sifətlərinin təzahürləri hesab olunurlar.

Daha sonra İbn Ərəbi obrazlı bir dildən istifadə edərək qeyd edir ki, insanlar arasında artma və çoxalma cütləşmə (nikah) ilə həyata keçdiyi kimi, ilahi isim və sifətlər də bir-biri ilə cütləşir və belə bir nikah nəticəsində “aləm” meydana çıxır. İbn Ərəbi bu mənəvi nikahı yaradılış qapısının açarı hesab edir.

Qeyd: Bu deyilən izahlar İbn Ərəbinin “əl-Futuhat əl-Məkkiyyə”, “fusus əl-Hikəm” və “inşa əd-Dəvair” adlı öz əsərlərində geniş şəkildə bəhs etdiyi düşüncələrinin xülasəsidir.

Oxşar yazılar
Tövhidin dərəcələri