İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması

1. İslam düşüncə tarixində “din” ilə “fəlsəfə” arasında heç bir ziddiyyətin olmadığı və nəticə etibarilə onlarin bir-birilə uzlaşdığı barədə yazılan kitablardan biri də görkəmli müsəlman filosof İbn Rüşdün qələmə aldığı “fəslul-Məqal” adlı məşhur kitabdır. İbn Rüşd bu kiçik həcmli kitabda göstərməyə çalışır ki, din ilə fəlsəfə arasında heç bir zidiyyət yoxdur. O, belə bir ziddiyyətin olmadığını “təvil (=yozum)” nəzəriyyəsi əsasında izah etməyə çalışır. Daha sonra, Qəzalinin Farabi və İbn Sina kimi filosofları üç dini müddəadakı görüşlərinə görə təkfir etməsi məsələsinə toxunaraq bu tarixi fitvanı dəyərləndirməyə çalışır və göstərir ki, Qəzalinin onları təkfir etməsi əsassız idi. Mən bu kiçik yazımda İbn Rüşdün təvil nəzəriyyəsini məntiqi baxımdan nə qədər əsaslı (justified) olub-olmadığını dəyərləndirmədən sadəcə olaraq onu izah etməyə çalışacam.

2. Adıkeçən kitabdan anlaşıldığı kimi, İbn Rüşdə görə, “din”- ilahi mesajları ifadə edən dini mətnlər, “fəlsəfə” isə- müqəddimələri əqli biliklərdən təşkil olunan sübut deməkdir. Başqa sözlə, fəlsəfə, İbn Rüşdə görə, “əqli metod” deməkdir. Belə ki, bəzən bu metodun xammalını xalis əqli biliklər təmsil edir, bəzən təcrübi biliklər, bəzənsə yarımtəcrübi biliklər. Hər üç halda da “əqli əməliyyat”dan söz gedir. İbn Rüşd bəzi Quran ayələrinə istinad edərək, belə bir metodun dini baxımdan məqbul və vacib bir metod olduğunu qeyd edir (Həşr: 2, Əraf: 185, Ğaşiyə: 17-18, Ali-İmran: 191 və s. ). O, bu metodu “sübut (=burhan)” metodu adlandırır. İbn Rüşd qeyd edir ki, həm əqli metodun epistemoloji baxımdan dəyərləndirilməsinə və onların nə kimi modelləri olduğuna dair tədqiqatlara, həm də bu əqli metod əsasında əldə edilən bütün bəşəri biliklərə müraciət edib onlardan istifadə etmək dini baxımdan vacibdir. Bu sahədə əldə edilən bütün nailiyyətlər təqdirə layiqdir və onlara arxa çevirmək isə yanlışdır. İbn Rüşdə görə, həmin tədqiqat və bilikləri gözübağlı şəkildə qəbul etmək olmaz. Odur ki, onları araşdırarkən “haqq olan”ı qəbul edib, “batil olan”ı isə rədd etmək lazımdır. Daha sonra bu xüsusda önəmli bir məqama işarə edərək deyir ki, bəzi insanların həmin tədqiqat və biliklərə müraciət edərkən sapması, səhv və xətaya yuvarlanması əsla onların dəyərsiz olmasını göstərmir. Bu əsasla, sapmaq bir şeydir, məlumatların yanlış olub-olmaması isə ayrı şey. Odur ki, hər hansı bir məlumata müraciət edilməsinin kimisə sapdırması həmin məlumatın yanlış olmasına dəlalət etmir. İbn Rüşd qeyd edir ki, bu kimi araşdırmalarda insanın öncədən müəyyən qədər hazırlığa malik olması qaçılmazdır.

3. Yuxarıda qeyd olunanlardan sonra İbn Rüşd bildirir ki, əgər din həqiqətdirsə və həqiqəti kəşf edən əqli metodu da rəsmi olaraq qəbul edirsə, onda məlum olur ki, əqli metodla əldə edilən bir nəticə heç bir zaman dini inam və ya müddəalarla ziddiyyət təşkil edə bilməz. Çünki, İbn Rüşdün öz deyimi ilə desək, “həqiqət həqiqətə qarşı ola bilməz, əksinə, onunla uzlaşar”. İbn Rüşdə görə, yuxarıdakı önfərziyyəni (yəni- həm din, həm də əqli metod bilik qaynağı kimi insan üçün həqiqəti kəşf edirlər) nəzərə almaqla, əqli metod əsasında əldə edilən hər hansı bir bilik iki haldan xaric deyil: ya din həmin bilik barəsində sükut edir, ya da ondan söz açır. Əgər onun barəsində sükut edirsə, bu zaman din ilə fəlsəfə arasında hər hansı bir ziddiyyətdən söz gedə bilməz. Yox, əgər din həmin bilik barədə danışıbsa, bu zaman ya dini mətnin zahiri həmin biliklə müvafiqdir, ya da onunla müxalifdir. Əgər müvafiqdirsə, onda heç bir ziddiyyətdən söz belə gedə bilməz. Yox, əgər müxalifdirsə, onda həmin dini mətnin zahiri təvil edilməlidir, yozulmalıdır.

4. İbn Rüşdə görə, təvil (=yozum)- mətnin ifadə etdiyi həqiqi dəlaləti məcazi dəlalət kimi başa düşməkdir, bir şərtlə ki, həmin dilin leksik sistemi bu hala icazə vermiş olsun. Başqa sözlə desək, təvil- müəllifin mətndəki ciddi niyyətini, qəsdini kəşf etmək deməkdir. Məsələn, fərz edək, ata öz övladına “Qonşuların hər birinə 2 klq qurbanlıq ət ver”,- deyə əmr edir. Digər tərəfdən, övlad bilir ki, atası filan qonşu ilə düşməndir və onunla əlaqə qurulmasına qətiyyən razı deyil. Bu zaman adıkeçən cümlənin ifadə etdiyi həqiqi dəlalət dilin leksis sisteminin tələblərinə görə həmin qonşu barədə də keçərli olsa da, övladı onu həqiqi dəlalət şəklində yox, məcazi dəlalət şəklində başa düşür. Başqa sözlə, övladı atasının adıkeçən cümlədəki ciddi niyyətinin, qəsdinin həmin qonşunu istisna etməklə yerdə qalanlar barədə keçərli olduğunu kəşf edir. İbn Rüşd belə bir anlama prosesinə “təvil” deyirdi. O, bu prosesin dini mətnlər sahəsində tətbiq edilməsini “ağılla dini mətni ortaq məxrəcə gətirmək” kimi dəyərləndirirdi.

5. İbn Rüşd təvil nəzəriyyəsi barədə ümumi bir qaydanı vurğulayaraq qeyd edir ki, dində gələn, amma öz zahiri anlamı ilə əqli metodun nəticəsi ilə müxalif olan nəsnəni dinin başqa hissələri ilə müqayisədə oxusaq, bu zaman şahidi olarıq ki, dinin başqa hissələrində öz zahiri anlamı ilə həmin təvili dəstəkləyən, təsdiqləyən başqa nəsnələr vardır. İbn Rüşd yazır ki, müsəlmanların yekdil rəyinə görə, dini mətnlər nə bütövlükdə öz zahiri anlamlarında başa düşülməlidir, nə də bütövlükdə təvilə məruz qalmalıdır, yozulmalıdır. Əksinə, ortada dəlil olduğu təqdirdə, bəzən dini mətn təvil edilməli, bəzənsə öz zahiri anlamında başa düşülməlidir.

6. İbn Rüşd dindəki təvil nəzəriyyəsini dinin “zahir-batin” çöhrəsi ilə əlaqələndirir. O deyir ki, din insanların düşüncə səviyəsini, bacarığını nəzərə almaqla öz mesajlarını zahir və batin qatları əsasında ifadə edir. İlk baxışdan bir-birinə zidd kimi nəzərə çarpan “zahir”lərin dində yer almasının səbəbinə gəlincə, bu, dərin düşüncəli insanları təfəkkür və təvil etməyə sövq etmək üçündür. İbn Rüşd bu fikrini Ali-İmran surəsinin 7-ci ayəsinə istinad edərək əsaslandırır. Ayədə belə deyilir: “Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi kitabın anası olan möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi təvil etmək (yozmaq) məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların təvilini (yozumunu) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Onlar (elmdə qüvvətli olanlar): “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıl sahibləri dərk edərlər”. İbn Rüşd deyir ki, ayədən də göründüyü kimi, “Halbuki onların təvilini (yozumunu) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz”, – cümləsi dinin “zahir-batin” adlı iki qatdan təşkil olunduğunu göstərir.

7. Son olaraq İbn Rüşd təvil nəzəriyyəsi ilə bağlı maraqlı bir məqama toxunur. O qeyd edir ki, tarix boyu müsəlmanlar yekdil şəkildə dindəki bəzi nəsnələri (ayə və ya hədis) öz zahiri anlamlarında başa düşüblər və bəzilərini də təvil şəklində. Bu zaman belə bir sual meydana çıxa bilər: “Sübut (=əqli metodla əldə edilən bilik) yekdil olaraq müsəlmanların öz zahiri anlamında başa düşdükləri bir dini mətni təvil edə bilərmi və ya yekdil olaraq təvilində ittifaq etdikləri bir dini mətnin öz zahiri anlamında olduğunu deyə bilərmi?” İbn Rüşd sualın cavabında qeyd edir ki, biz dinin nəzəri sahəsi ilə əməli sahəsini bir-birindən ayırd etməliyik, belə ki, dinin nəzəri sahəsinə aid olan dini mətnlər barədə formalaşan yekdil ittifaqı sübut əsasında dəyişə bilərik, yəni yuxarıdakı suala verəcəyimiz cavab müsbətdir. Amma dinin əməli sahəsinə (=fiqh) aid olan dini mətnlər barədə formalaşan yekdil ittifaqı sübutla dəyişə bilmərik. İbn Rüşd bu iki sahə arasındakı fərqi tarixi səbəblər əsasında izah etməyə çalışır (fəslul-Məqal, s. 34-36).

Oxşar yazılar
“TƏVƏSSÜL”- tövhidmərkəzli bir mədəniyyət kimi
Təkvini və təşrii iradə barədə
Şəfaət- Allahın dolayı iradəsinin təzahürü
Əbədi əzab problemi