İfadə azadlığı, yoxsa sübutlu ifadə azadlığı? (Etüd)

 

Məlum olduğu kimi, bu gün modern dünyada “ifadə azadlığı” adlı bir nəsnə var. Demokratiya tərəfdarı olan hər bir adam bu prinsipi qəbul edib, onun müdafiəsinə qalxır. Onlara görə, bu, hər bir insanın fundamental hüquqları sırasına daxildir. Hər bir müddəada olduğu kimi, bu prinsipin də əsaslandığı bir önfərziyyə var, ancaq bu, elə də əsaslı, məqbul bir önfərziyyə deyil. İfadə azadlığı prinsipinin söykəndiyi önfərziyyə ondan ibarətdir ki, hər bir adam ürəyi nə istəyirsə, onu da ifadə edə bilər. Bu isə o deməkdir ki, müxatəbin (dinləyicinin, tamaşaçının, oxucunun) zehni tullantı, zibil qabıdır, belə ki, hər nə düşüncə istənildisə, oraya tökülə və atıla bilər. Belə bir önfərziyyə üzərində qurulan ifadə azadlığı məntiqi baxımdan nə dərəcədə müdafiə oluna bilər? Sizcə, belə bir önfərziyyəni məntiqi sübutla əsaslandırmaq olarmı? Zənnimcə, siz də bir realist kimi mənə qatılıb, sözügedən suala birmənalı olaraq mənfi cavab verəcəksiniz. Nədən? Ən azı ona görə ki, qeyd olunan önfərziyyədə ciddi məntiqi boşluqlar var və kimsə də bu boşluqları doldura bilməz. Bəs, onda nə etməli? İfadə azadlığı prinsipini danmalıyıqmı? Çıxış yolu nədir onda? Bəzi mütəfəkkirlər haqlı olaraq, adıkeçən prinsipə qarşı alternativ kimi “sübutlu ifadə azadlığı” prinsipini təklif edirlər. Bu isə o deməkdir ki, insan təkcə sübuta əsaslanan ifadə azadlığını müdafiə etməlidir, vəssəlam. Bu alternativ prinsipin önfərziyyəsi ondan ibadətdir ki, insan “sübutmərkəzli” bir varlıqdır, onu ancaq sübutla qane etmək mümkündür. Buna görə də, müxatəbin zehni tullantı, zibil qabı deyil ki, hər nə cəfəngiyat, mövhumat, xürafat, nağıl gəldi, ortaya atılsın. Başqa sözlə, sübutlu ifadə zadlığı prinsipi, əslində, insan zehinə qarşı sayğı, hörmət sərgiləyir. Bu prinsipə görə, ifadə etdiyi fikirə, düşüncəyə sübutu olan hər bir kəs azadcasına on ifadə edə və hamı onunla müxalifətçilik edə bilər, ancaq bu müxalifətçilik sübutla həyata keçməlidir, başqa yollarla yox. Deməli, kimsə öz düşüncəsinin lehinə sübutu varsa və ya başqasının düşüncəsinin əleyhinə sübutu varsa, onu azadcasına ifadə edə bilər, çünki ifadə azadlığı onun fundamental hüquqları sırasına daxildir, amma bu hüquq sağlam və məntiqli önfərziyyə üzərində qurulan bir hüquq olmalıdır ki, bunu da təkcə sübutlu ifadə azadlığı təmin edə bilər.

Oxşar yazılar
İslamofobiya fenomeninin təhlili
Məhərrəmlik qeydləri
“Eşq”in altı həlledilməz ziddiyyəti (Etüd)