İki cür şəriət: vəhy şəriəti və ağıl şəriəti

1. Şəriət nədir? Bu termini necə anlayaq? Qısa və konkret şəkildə ifadə etsək, deyə bilərik ki, şəriət- bilik və dəyərlər sistemi deməkdir. Həm bilik təqdim edir bizə, həm də dəyərlər. Bəs, bilik nədir? Bilik- olanlar və olmayanlardır. Yəni varlıq aləmində mövcud olan və olmayan faktlar deməkdir. Məsələn, Allah var, Axirət var, Mələk var, Allahın şəriki yoxdur, Allah zalım deyil və s. Dəyərə gəlincə, bu, olmalı olanlar və olmalı olmayanlardır. Yəni hüquqi və əxlaqi sistem deməkdir. Məsələn, İnsan ədalətli olmalıdır, Yalan danışmaq haramdır, Kimsəyə zülm etmək yasaqdır, Başqasını qətlə yetirmək haramdır və s. Deməli, şəriət özündə həm “olan”ları və “olmayan”ları, həm də “olmalı olan”ları və “olmalı olmayan”ları ehtiva edən bir sistem deməkdir. Şəritəi bu mənada anlasaq, izah etsək, iki cür şəriətin olduğunu görərik: Vəhy şəritəi və ağıl şəriəti.

2. Vəhy şəriəti Allahın xaricdən insana təqdim etdiyi, yolladığı bir şəriətdir. Allah tarix boyu öz elçiləri vasitəsilə belə bir şəriəti bəşəriyyətə göndərmişdir. Allah vəhy şəriətində iki cür mesaj var,belə ki, bəzi mesajlar nəzəri bilgiləri aşılayır, bəzi mesajlar isə əməli mesajları. Həm olanları və olmayanları qeyd edir, həm də olmalı olanları və olmalı olmayanları. Bunlar, əslində, Allah tərəfindən hansısa bir xarici peyğəmbərin vasitəsilə göndərilən müddəalar və təlimlər toplusudur. Belə ki, bu toplu insnanın özü ilə, Allahla, təbiətlə və bənzəri olan inanla əlaqələrini tənzimləyir. Məqsəd isə şəriətə əməl edən insanın xoşbəxtliyə və kamala çatmasından ibarətdir. Beləliklə, aydın olur ki. vəyh şəriətində iki cür müddəa var: nəzəri müddəalar (olanlar və olmayanlar) və əməli müddəalar (olmalı olanlar və olmalı olmayanlar).

3. İndi isə gəlin, ağıl şəriətinin nə olduğunu bilək. Allah insana xaricdən şəriət göndərdiyi kimi, daxildən də ona şəriət gpndərmişdir. Bu, onun ağlının ona təqdim etdiyi bilgilər toplusudur. Ağıl da vəyh kimi bilik qaynağı hesab olunur. Həm nəzəri bilgilər təqdim edir insana, həm də əməli bilgilər. Məsələn, “Allah vardır” bilgisini nəzərə bir bilgi olaraq ona təqdim edən ağıldır və ya “Yalan pisdir”, “Doğru danışmaq yaxşıdır”, “Xəyanət pisdir”, “Ədalət yaxşıdır”, “Zülm pisdir” və s. Ağıl qeyd olunan bu əməli bilgiləri dərk edir və anlayır ki, yaxşını etmək, pisi isə kənara qoymaq gərəkdir. Bu əsasla deyə bilərik ki, ağıl şəriətində də vəhy şəriətində olduğu kimi, iki cür müddəa var, həm nəzəri müddəalar, həm də əməli müddəalar.

4. Nəticələr:

4.1. Vəhy və ağılın yaradanı vahid olduğundan, yəni Allah olduğundan, heç bir zaman mümkün deyil ki, bu iki şəriətdə bir-birinə zidd olan bilgilər olsun. Obrazlı ifadə etsək, həm vəhyin, həm ağılın proqramı eyni proqramist tərəfindən yazılıb. Əslində, bu iki şəriət bir-birini tamamlayır. Bu iki şəritədə bir-birini təsdiqləyən çoxsaylı bilgilər, məlumatlar mövcuddur. Həm ağıl şəriəti vəhy şəritəini təsdiqləyir, həm də əksinə. Deməli, vəhy şəriətində ağılın inkar etdiyi bilgilər yoxdur və ya əksinə.

4.2. Yuxarıda deyilənlərdən əldə olunan digər bir nəticə isə ondan ibarətdir ki, insan şəriətdəkilərə əməl etməyəndə suç, günah işləmiş olur. Deməli, həm vəhy şəritətinə, həm də ağıl şəriətinə əməl etməyən “süçlü/ günahkar” hesab olunur. Buradan aydın olur ki, iki cür günah var: dini günah və əqli günah. İnsna xarici şəriətə (vəhy şəriəti) əməl etməyəndə “dini günah”, daxili şəriətə (ağıl şəriəti) əməl etmədiksə isə “əqli günah” işləmiş olur. Demək, insan hər iki şəriət qarşısında məsuliyyət daşıyır. Hədislərdə də qeyd oluduğu kimi, Allahın insanlar üzərində iki cür hüccəti var: zahiri hüccətlər və batini hüccətlər. Məlum hədislərdə “zahiri hüccət” peyğəmbər kimi, “batini hüccət” isə ağıl kimi təqdim olunur. Bu əsasla, adam zahiri hüccətin sözünə baxmayanda suç işlədiyi kimi, batini hüccətin sözünə qulaq asmayanda da suç işləmiş olur.

4.3. Başqa maraqlı bir nəticə isə belədir: Biz vəhy şəriətini həmişə ağıl şəriəti işığında oxumalıyıq. Bu, o deməkdir ki, mən vəhy şəriətindəki hansısa bir bilgini anlayarkən, təfsir edərkən, yozarkən, izah edərkən ağıla zidd bir dərk, təfsir, yozum və izah irəli sürə bilmərəm. Vəhy şəriətinindən belə bir çıxarış heç bir şəkildə məqbul ola bilməz. Çünki iki şəriət arasında heç bir ziddiyyət yoxdur. Mən daim vəhy barədəki dərkimi ağılımla tənzimləməli və onun işığında vəyhu oxumalıyam. Başqa sözlə, hər iki şəriəti balanslaşdırmalı, tarazlaşdırmalıyam. Əks təqdirdə, yanlış bir təfsir irəli sürmüş olacağam. Nədən vəhy şəriətini ağıl şəriəti işığında oxumalıyıq? Bunun bir neçə səbəbi var, onlardan biri belədir ki, vəhy şəriəti “mətn(text)” şəklində özünü təzajhür etdirir, ancaq ağıl isə belə deyil. Mətnin mahiyyəti isə bildiyimiz kimi, yozula bilən bir mahiyyətdir, yəni insan onu fərqli şəkillərdə yoza bilər, mətndə belə bir özəllik var, ancaq ağıl isə belə deyil, ağıl mətn şəklində olmadığına görə həmişə konkretliliyə, birmənalılığa, şəffaflığa malilkdir. Deməli, mən mətni o zaman düzgün anlaya bilərəm ki, ağılın işığında onu oxumuş olum.

4.4. Dördüncü nəticə kimi bunu qeyd edə bilərəm ki, məlum olduğu kimi, vəhy şəriətində, yəni həm Quranda, həm də sünnədə “müstəzəf (zəiflədilmiş)” anlayışı var. Bu, o deməkdir ki, insana haqq gəlib çarmırsa, müəyyən səbəblərdən dolayı ona nail ola bilmirsə, o insan haqq qarşısında məsuliyyət daşımır və üzürlü hesab olunur. Bu haqda çox danışmaq olar, ancaq mən iki örnək üzərində dayanmaq istəyirəm. Biri teist örnəyi, digəri isə ateist örnəyidir. Fərz edin, bir adam insanlardan, mədəniyyətdən, sivlizasiyadan uzaq bir atmosferdə dünyaya gəlir və eyni zamanda Allaha da inanır, ancaq heç bir şəriətin varlığından xəbərdər olmur, heç ağlına belə gəlmir ki, din adlı bir fenomen var. Belə bir adam, düzdür, müstəzəf olduğuna görə vəhy şəriəti qarşısında məsuliyyət daşımır və Allah sabah axirətdə onu bu xarici şəriətətə (din) əməl etmədiyinə görə cəzalandırmayacaq, ancaq bu adam daxili şəriət hesab olunan ağıl şəriəti qarşısındakı məsuliyyətindən boyun qaçıra bilməz, çünki bu şəriət həmişə onunla birgədir, ondan ayrılmazdır. Allah sabah axirətdə o adamı ağıl şəriətinə əməl əsasında cəzalandıracaq və ya mükafatlandıracaqdır. Bu əsasla iddia etmək olar ki, müstəzəf deistlər (dini qəbul etməyənlər) belə bu qəbildəndir. İkinci örnək bir az mübahisəli olsa da, əgər dünyada doğurdan da səmimi və ciddi olaraq “müstəzəf ateist” tapılarsa, onu da yuxarıda deyilən qaydaya şamil etmək olar. Yəni o ateist heç bir zaman ağıl şəriətindən yayına bilməz. Sabah axirətdə Allah onu məhz bu şəriət əsasında hesaba çəkəcək. Əgər əqli günahlar etmişsə, buna görə o adam cəzalandırılacaq və əgər əqli sabablar etmişsə, buna görə də mükafatlandırılacaqdır.

Oxşar yazılar
Klassik ilahiyyatda “əvəz” nəzəriyyəsi (Qısa izah)
Üç fərqli İslam modeli
Məzhəbçiliyə son qoymaq mümkündürmü?!
İnsan dindar olmaya bilərmi? (Etüd)