İnsafsız paradoks təcrübəsi

Gəlin, sizə müşahidə etdiyim maraqlı bir təcrübədən, haldan danışım, bu kimi hallara dəfələrlə şahid olmuşam həyatımda. Deməli, özünün “müqəllid” olduğunu etiraf etdiyi bir halda başqalarının ictihad dərəcəsinə nail olub-olmadığını dəyərləndirə bilən (!) adamlar var ətrafımızda. Şahidi olduğum paradoksu  aşağıdakı kimi ifadə edə bilərəm:

“Dini cameədə rəsmi fəqih kimi qəbul edilməyən şəxslərin verdikləri fətvanın və ya birisinin bir mütəxəssis kimi hansısa fiqhi məsələdə gəldiyi qənaətin istinad qaynaqlarını təhlil etmə bacarığı”

Qeyd edim ki, rəsmi fəqih kimi qəbul edilməmə dedikdə, həmin adamın doğurdan da, bu elmi dərəcəyə layiq olmadığını nəzərdə tutmuram, əksinə, bu günkü dini cameədə məlum siyasi səbəblərə görə və ya bəzi yeni fikirlərə görə fəqihlik statusundan haqsızcasına təcrid edilən şəxsi nəzərdə tuturam.

İzah: Məsələn, görürsən ki, rəsmi olmayan bir fəqihin fətvalarını sorğulayır, irad bildirir ki, onun istinad etdiyi filan hədis mötəbər deyil, ay nə bilim, başqa hədislərlə ziddiyyət təşkil edir və ya filan ayəyə istinadən verdiyi bu fətva, əslində, həmin ayəni yanlış anladığına görədir və yaxud da, verdiyi fətva başqa böyük, güclü fəqihlərin rəy ittifaqı (=icma) ilə daban-dabana ziddir. Bir sözlə, fətvanın istinad qaynaqlarını bir-bir təhlil edir (!) və elə bir mövqe sərgiləyir ki, kənardan baxan onun fəqih olduğunu sanır, halbuki o adam özünə “müqəllid” kimi baxır və ona “Sən fəqihsən bu məsələdə” deyildikdə, dərhal, qayıdıb sərt bir reaksiya verərək “Əstəğfirullah, Allaha sığınıram bu sözündən”- deyir sənə. Bu kimi adamlar müqəllid olduqları halda özlərini “fəqih/müctəhid” kimi aparırlar və kimlərinsə ictihadını dəyərləndirə bildiklərini (!) göstərməyə çalışırlar. Bu isə yuxarıda dediyim paradoksdur, yəni həm müqəlliddir, həm də müqəllid deyil- müqəllid olduğunu etiraf etdiyi halda müqəllid olmadığını ifadə edir bizə öz təhlilləri ilə. Bu da o deməkdir ki, fəqih olmadığını qəbul edə-edə fəqihlik edir.

Başqa bir örnək: Bu kimi adamların bəziləri zahirən təvazökar olduqlarını göstərmək üçün yuxarıda qeyd etdiyim mütəxəssislərə qarşı mülayim taktikadan istifadə edirlər. Belə ki, onlara “Bəli, çox gözəl, ictihad etmək sizin haqqınızdır, zəhmət olmasa, istinad qaynaqlarınızı bizə də göstərərdiz və biz də məlumatlı olardıq onlardan.”- deməklə xoşniyyətli olduqlarını göstərməyə çalışırlar, halbuki əslində, bununla onlara zərbə vurmaq üçün zəmin hazırlayırlar. Əlqərəz, qayıdıb onlardan qənaətlərinin istinad nöqtələrini tələb edirlər və onlar da, bunu həmin adama təqdim edən zaman dərhal gözlənilməz bir etirazla üzləşirlər. Belə ki, bu adam qayıdıb onlara dərhal “Bu nə dəlildir, bu ki dəlil deyil, mən qəbul etmirəm bunları, olduqca zəif dəlillərdir, siz mütəxəssis rəyi ortaya qoymamısınız, gedin, dərs oxuyun, bu nədir axı. Bu dəlilləriniz filan və bəhman dəlilə görə yanlışdır, alimlər bunların yanlış olduğunu öz kitablarında təfsilatı ilə isbat ediblər. Bu kimi görüşlər məzhəbə ziddir, dinə qarşıdır və s.”- deməklə etirazını bildirir. Amma əslində, bu kimi adamlar olduqca insafsız bir mövqe sərgiləyirlər. Bilirsiz nə üçün? Ona görə ki, təqlid etdikləri öz fəqihlərin fətvalarına bu kimi etirazlar edə bilmirlər və ya daha doğrusu, etmək istəmirlər. Öz təqlid etdiyi fəqih ona ən qəribə nəzərə çarpan fətva versə belə, ona etiraz etməyi ağılının ucundan keçirməz. Sanki o, məsumdur, qalanları isə qeyri-məsum. Təkcə onun təqlid etdiyi fəqih həqiqəti olduğu kimi kəşf edə bilər, qalanları isə belə bir nemətdən məhrumdurlar. Bir sözlə, davranışında insafsızlıqla yanaşı paradoksa yol verir, belə ki, başqalarının fətvalarına və ya fiqhi qənaətlərinə etiraz bildirməyi özünün vəzifəsi hesab etdiyi halda təqlid etdiyi öz fəqihin fətvalarına qarşı eyni cür mövqedən çıxış etmir və hatta özünü buna layiq belə görmür. Bu isə o deməkdir ki, fiqhi qənaətlərə etirazı həm öz vəzifəsi bilir, həm də öz vəzifəsi bilmir. Bu isə insafsız paradoks deməkdir.

Oxşar yazılar
Feminist epistemologiya və Dini mətn (kiçik bir etüd)