İnsan bir “başqası” kimi

1.

İmmanuel Levinasın (1906-1995) dediyi kimi, əxlaq “başqası”nı nəzərə almaqla başlayır. Elə bir “başqası” ki, bizim cinsdəndir, yer kürəsində yaşayan, ətə, dəriyə və qana malik konkret bir insandır. Elə bir insan ki, həmişə öz həyatında maddi və mənəvi problemlər, sıxıntılar ilə üzləşməli olur. Bu “başqası” “mən”im anam, atam, həyat yoldaşım, övladım, bacım və qardaşım, ya da “mən”im dostum, qonşum, həmkarım və həmvətənim ola bilər. “başqası” elə bir ehtiyaclı insan ola bilər ki, sümüyə işləyən soyuq qış havasında yardım əlini mənə uzaldaraq yardım diləyir. “başqası” həmişə metroda və ya aftobusda gördüyün bir insan da ola bilər. Mən “başqası”nı bir “başqası” kimi təcrübə etmədiyim təqdirdə, özümü düzgün şəkildə tanımayacaq, əxlaq səhnəsinə qədəm qoya bilməyəcəm. Başqa sözlə, “başqası”nın hazır olduğu zaman, mən “mən”ə çevrilir. Öz çərçivəsindən çıxmayan və “başqası”nı nəzərə almayan bir şəxs əxlaqı doğru bir şəkildə dərk edə bilməz. “Mən”in əxlaqi biçimdə yaşaması üçün “başqası”nı həmişə diqqət mərkəzində saxlamaq gərəkir.

2.

İ. Levinas “başqaçılıq” (heteronomy) anlayışını ortaya qoymaqla “özçülük” (autonomy) anlayışı üzərində formalaşmış Kant əxlaqının naqisliyini aradan qaldırmağa çalışır. O, isbatlamağa çalışır ki, əxlaq “mən”dən deyil, “başqası”ndan başlayaraq formalaşır.

Nədən çöldə ehtiyac əlini mənə doğru uzaldan bir insana yardım etməliyəm? Əgər O, bir “başqası”dırsa (elə bir insan ki, mənim ətrafımda yaşayır və məişət durumundan  əziyyət çəkdiyinə görə mənə sığınır), bu zaman əxlaq tələb edir ki, “başqası”nı nəzərə alıb, bacardığım qədər onun ehtiyacını ödəyim. Aydındır ki, mən onun bütün ehtiyaclarını qarşılaya bilmərəm, ancaq ona bir “başqası” kimi yardım əli uzaltdığım qədər, əxlaqi yöndə inkişaf edirəm. Mən diqqətimi “başqası”na yönəltdikdə, “Mən-O” münasibətini əsl insani əlaqə, ilişgi sayılan “Mən-Sən” münasibətinə çevirirəm,  elə bir əlaqə ki, əxlaqi münasibətlərin mahiyyətini, içözünü təşkil edir. “Mən-Sən” münasibətində hər iki tərəf iki ayrı mövcud olmaqdan çıxaraq vahid bir mövcuda çevrilir. Belə bir əlaqədir ki, məni bacardığım qədər onun qeydinə qalmağa, onun ehtiyaclarını ödəməyə məcbur edir. Başqa ifadə ilə desək, mən belə də etməliyəm. Əks təqdirdə, “Mən-Sən” əlaqəsindən yayındığıma görə, əxlaqi nöqteyi-nəzərdən xəta işləmiş olaram.

3.

“Karamazov qardaşları” romanındakı Zosimanın atası onun yanına gəlib, ölümdən sonrakı həyatla bağlı öz nigarançılığından söz açan və axirət həyatının var olmasında şəkk, şübhə edən bir şəxsə tövsiyə edir ki, digər insanları sevsin və imanı təmənnasız sevgidə, eşqdə axtarsın. Elə bir sevgi, eşq ki, ailə, qonşu və dostdan başlayaraq get-gedə sair insanları da özündə ehtiva edə bilir, elə bir eşq ki, “Mən-Sən” ilişgisində tazahür edir. Sözsüz ki, belə bir eşq özündə bir çox mənəvi bərəkətləri daşıyır. Ehtiyaclı insanı bir “başqası” kimi nəzərə alıb, onun dərdinə şərik çıxaraq yardım əlini ona uzaldan birisi öz vücudunda əxlaqi və imani təcrübələri yaşamaq üçün zəmin hazırlamış olur. Bizə yardım əlini uzaldan bir ehtiyaclı insana bu prizmadan yanaşmaq olar. Belə ki, onu bir “başqası” kimi hesab edib, onun dərdinə şərik çıxmaqla ona yardım sayəsində əxlaqımızı inkişaf etdirə bilərik.

Oxşar yazılar
Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.
Din- əxlaqın sığortaçısı
Yalan ağrısı və Doğru yaşam təcrübəsi
Ətraf mühit əxlaqı