İnsan dindar olmaya bilərmi? (Etüd)

Dini qəbul etmə insan ağlından qaynaqlanan azad bir seçim və qərardır. Belə ki, ağıl kənardan heç bir müdaxilə olmadan dərk edir, anlayır ki, dinə tabe olmaq lazımdır və tabe olur. Ancaq “azad seçim” dedikdə iki cür başa düşülə bilər. Bir var, azad seçim dedikdə, qarşımızda olan iki versiyadan birini seçmək kimi başa düşülür. Bir də var, azad seçim deyiləndə, mövcud olan gerçəyi olduğu kimi qəbul etmək nəzərdə tutulur. Bu baxımdan, ağlın dini qəbul etməsi ikinci mənada başa düşülməlidir. Odur ki, “İnsan dindar olmaya bilərmi?”- sualı bir mənada yanlışdır, çünki əgər ağıl dini mövcud bir gerçək kimi nəzərə alarsa, deməli, onu qəbul etməyə bilməz. Əks təqdirdə, ilk növbədə öz mövcudluğunu inkar etmiş olacaq. Yəni ağıl dini obyektiv bir gerçək kimi dərk edirsə, bu zaman özünü qəbul etməklə dini qəbul etmək arasında heç bir fərq olmamalıdır, çünki “gerçək olan”lar arasında ayrı-seçkilik etmək mənasızdır. Məsələn, ağıl “2+2=4” olduğunu dərk edib qəbul edir, eyni zamanda, səbəbsiz nəticənin var ola bilməməsini də dərk edərək qəbul edir. Ağıl bu iki gerçək arasında seçim edərək birini qəbul, digərini isə rədd edə bilməz. Çünki “gerçək” elə gerçəkdir. Bu mənada, gerçəklər arasında ayri-seçkilik mümkün olarsa, bu, ağlın öz mövcudluğunu inkar etməsi deməkdir ki, bu da qəbul edilə bilməz. Bu isə ona görədir ki, əgər ağlın mövcudluğu inkar edilərsə, onda “yoxluq vəziyyəti” ilə üz-üzə qalarıq. Başqa sözlə, bu zaman hər hansı bir müzakirənin qəbul və inkarı mənasızlaşar. Onu da qeyd edim ki, hansısa bir ağıl sahibi dini mövcud bir gerçək kimi anlamaya bilər, amma bu, o demək deyil ki, əslində, din mövcud bir gerçək deyil və nəticədə, həmin adam dindar olmaya bilər, yəni həmin insanın dindar olmama hüququ var. Xeyr, sadəcə olaraq bunu demək olar ki, həmin ağıl sahibi üzürlüdür əgər üzürü əsaslı olarsa! Deməli, önəmli olan odur ki, ağıl “gerçək olan”la (məs; din kimi) əlaqə quraraq onu dərk edə bilsin. Bu zaman hökmən onu qəbul edəcəkdir.

Oxşar yazılar
Modern ilahiyyat üzərinə bəzi qeydlər
Dinin xarici və daxili hissələri
Əbədi əzab problemi
Məzhəbçiliyə son qoymaq mümkündürmü?!