İslamdaxili bölgülərin yaranma səbəbi barədə (Tərəfsiz yanaşma)

 

1. Tarixdən məlum olduğu kimi, İslam dini daxilində peyğəmbər (s) dünyasını dəyişdikdən sonra dindaxili parçalanmalar yarandı. Əsas etibarilə, İslamdaxili bölgünü iki ana məzhəb təmsil edir, belə ki, biri Əhli-beyt qolu, digəri isə sünnilik qoludur. Sonradan zaman keçdikcə hər iki məzhəb də öz daxilində kiçik qollara ayrılmağa başladı. Əsas sual belədir: Bu bölgünün səbəbi nədir? Zənnimcə, iki fərqli səbəbdən söz açmaq olar: epistemoloji və hermenevtik səbəb.

2. Səbəblərin izahına keçməzdən öncə, qeyd etmək lazımdır ki, İslamın mahiyyəti hər bir səmavi dində olduğu kimi tekst və mətnlərdən anlaşıldığına görə, bu tekstləri Quran və sünnə təmsil edir. Bu əsasla, epistemoloji səbəb dedikdə, onu nəzərdə tuturam ki, bizə peyğəmbərin (s) sünnəsini əks etdirən “bilik qaynağı” nədir və ya kimdir? Şiəlik və sünnilik, əslində, bu epistemoloji suala verilən iki fərqli cavabdır. Şiəlik hesab edir ki, peyğəmbərin sünnəsini bizə əks etdirən mötəbər bilik qaynağı Əhli-beyt imamlarının elmi irsidir. Sünnilik isə bunun əksinə olaraq iddia edir ki, məsələ ilə əlaqədar bilik qaynağı səhabələrin hədis adı ilə nəql etdiyi deyim və kəlamlardır. Deməli, hər iki tərəf öz qəbul etdiyi bilik qaynağının mötəbər olmasını müəyyən dəlillərlə əsaslandırmağa çalışır.

3. Hər iki məktəbin Quran mətni barədə yekdil fikirdə olması dindaxili məzhəbi bölgünün epistemoloji səbəbdən yox, hermenevtik səbəbdən qaynaqlandığını göstərir. Bu, o deməkdir ki, Quran bir tekst olaraq fərqli oxunuşlara, yozumlara və təfsirlərə açıqdır. Demək, kimlərsə bu müqəddəs mətni (Quran ayələrini) fərqli şəkildə anlaya və bununla da, dindaxili bölgünün formalaşmasında səbəb kimi çıxış edə bilər.

4. Burada belə bir sual yaranır: Şiəlik və sünnilik məktəbləri arasında ortaq bilgi və dəyərlərdən söz açmaq mümkündürmü? Zənnimcə, cavab müsbətdir, ona görə ki, ən azı, Quran mətnində hər iki tərəfin hermenevtik olaraq eyni şəkildə qavradığı yozumlar, təfsirlər, oxunuşlar mövcuddur. Bundan əlavə, onların bilik qaynağı olaraq qəbul etdiyi qaynaqlarda ortaq bilgilər- hədislər vardır.

5. Bəs, onda bu iki məktəb arasındakı yerdə qalan fikirayrılıqlarına necə aydınlıq gətirmək olar, yəni hansı görüşün doğru və ya yanlış olduğunu necə təyin etmək olar? Zənnimcə, məntiqi baxımdan, üç meyardan istifadə etmək olar.

– Quran mətni;

-Ortaq sünnə;

-Əqli mühakimə.

Yuxarıda qeyd olunan hər üç meyardan istifadə etməklə, hər iki məzhəbdəki hansı müddəanın doğru və ya hansı müddəanın yanlış olduğunu üzə çıxarmaq mümkündür.

Oxşar yazılar
Dinin xarici və daxili hissələri
Dini anlamada ən primitiv qayda
Təkvini və təşrii iradə barədə
Modern ilahiyyat üzərinə bəzi qeydlər