Kainatın sonsuzluğuna dair sadə bir dəlil

Kainatın sonsuzluğunu aşağıdakı sadə bir dəlillə isbatlamaq olar:

1. Əgər kainat sonlu olarsa, onda yoxluğun var olduğunu qəbul etməli olacağıq.
2. Yoxluğun var olması mümkünsüzdür, çünki ziddiyyətə gətirib çıxardır.
3. Deməli, kainat sonsuzdur.

İndi isə dəlilin izahı barədə:

Kainat sonlu olarsa, bu, o deməkdir ki, kainat bir nöqtədə sona çatır, bitir. Bu zaman belə bir sual ortaya çıxır: Həmin nöqtənin ötəsində nə dayanır? Ya nəsə var, ya da nəsə yoxdur. Başqa sözlə, ya varlıq var, ya da yoxluq. Fərzimizə görə, nöqtənin ötəsində nəsə yoxdur, yəni varlıq o nöqtəyə qədərdir, ondan sonra isə daha varlıq yoxdur. Digər tərəfdən isə bildiyimiz kimi “yoxluq” var ola bilməz, yəni yoxluq zatən yoxdur. Yox olan necə var ola bilər? Bu isə ziddiyyət deməkdir, yəni yoxluq həm yoxdur, həm də vardır. Odur ki, yoxluq varlığa yaddir, varlıq da yoxluğa. Bu əsasla, məlum olur ki, kainat heç bir zaman hər hansı bir nöqtədə sona çata və bitə bilməz. Maraqlısı odur ki, kainatın sonsuzluğu ədədlərin sonsuzluğu kimi deyil, yəni kainatın sonsuzluğu potensial sonsuzluq növündən deyil. Potensial sonsuzluq sonsuzluğun heç bir zaman aktuallaşa, gerçəkləşə bilməməsi deməkdir. Fəlsəfi sonsuzluq isə belə deyil. Fəlsəfi sonsuzluq aktual olaraq sonsuz olandır, yəni sonsuzluq sözün əsl mənasında gerçəkləşəndir. Bu baxımdan, kainatın sonsuzluğu riyazi yox, fəlsəfi sonsuzluq hesab olunur, çünki riyazi sonsuzluğun sonsuzluğu gerçəkləşmədiyinə görə, əslində, sonlu hesab olunur. Kainatı sonlu təsəvvür etsək, yuxarıda izah olunan problemə gətirib çıxaracaq ki, bu da qəbul edilməzdir.
Onu da qeyd edim ki, sonsuzluğu təkcə ağıl anlaya və isbatlaya bilər, vəssalam. Hiss və təcrübə isə heç bir zaman bunu nə anlaya, nə də isbatlaya bilər. Odur ki, kainatın sonsuz olub-olmaması məsələsi elmi yox, fəlsəfi məsələ hesab olunur.

Oxşar yazılar
Forma, yoxsa məzmun məntiqi?
Yuxu, yəni qurtuluş
Səbəb nədir, nəticə nədir?
Çağdaş fəlsəfənin düyünaçması və düyüngöstərməsi