Klassik ilahiyyatda “əvəz” nəzəriyyəsi (Qısa izah)

Klassik ilahiyyat kitablarında “əvəz” adlı bir teoloji nəzəriyyə var. Bu nəzəriyyəyə əsasən, Allah varlıq aləmində qurduğu maddi, fiziki sistemdən doğan ağrı və acıların müqabilində əvəz adlı bədəl ödəməlidir. Teoloqların qeyd etdiyi kimi, bu, Allaha əxlaqi baxımdan vacibdir, çünki əgər bu bədəli əvəz şəklində canlı varlığa (subject-of-a-life) ödəməsə, bu zaman ona qarşızülm etmiş olar. Məsələn, Allah maddi aləmi elə yaradıb ki, məsələn, insan bəzən xəstəliyə yoluxa bilir. Xəstəlik fenomeninin var olması Allahın yaratdığı maddi sistemdən irəli gəlir, yəni Allah bu aləmi elə qurub ki, orada xəstəlik adlı bir hadisə də vardır. Bu əsasla, Allah xəstəliyə yoluxan insana çəkdiyi ağrı, açı müqabilində əvəz bəxş edəcək, daha doğrusu, əxlaqi baxımdan onu ödəməklə görəvlidir. Nəsrəddin Tusinin qələmə aldığı “təcrid əl-itiqad” əsərində “əvəz” nəzəriyyəsi ilə bağlı diqqətə layiq nümunələrdən biri də, insanlar tərəfindən heyvanlara qarşı həyata keçirilən ağrı və acı problemidir. Tusi yazır ki, Allah-taala insanlara qidalanmaq üçün heyvan ovlamaq, kəsmək icazəsi verib. Belə bir icazə isə heyvanların ağrı, acı çəkməsi ilə nəticələnir. Ağrı və acı o zaman gözəl hesab oluna bilər ki, heyvan üçün ortada onları (ağrı və acı) əvəz edə bilən miqdarda böyük mənafe, çıxar, xeyir olmuş olsun. Bu isə qeyd olunan əvəzdir, yəni Allah kəsilərək və ya ovlanaraq insan qidası olan hər bir heyvana çəkdiyi acı və ağrıya görə əxlaqi baxımdan bədəl olaraq əvəz ödəyəcək. Əks təqdirdə, onlara qarşı zülm etmiş olar.

Oxşar yazılar
Dini anlamada ən primitiv qayda
Üç növ İslam
Təkvini və təşrii iradə barədə
Üç fərqli İslam modeli