Məzhəbçiliyə son qoymaq mümkündürmü?!

 

1.

İslam tarixinə nəzər saldıqda, dindaxili məzhəbi bölgülərin şahidi ola bilərik. Bu gün də, bu kimi məzhbə bölgülər mövcuddur və hər birinin də öz ardıcılları vardır. Bu dindaxili bölgülər haradan qaynaqlanır? Diqqət etsək, görərik ki, bu kimi bölgülərin mənşəyi həmin məzhəbin hər birinin özünə məxsus inam şəbəkəsindən (Set of belief) qaynaqlanır. Yəni, hər bir məzhəbin özünə xas bir inam şəbəkəsi var ki, onu başqalarından ayırır. Məsələn, sünni məzhəbinin müdafiə etdiyi inam şəbəkəsi şiə məzhəbinin müdafiə etdiyi inam şəbəkəsindən fərqlidir və məhz bu fərqliliyə görə, dindaxili bölgülər meydana çıxır. Başqa bir örnək olaraq, sünni məzhəbi daxilində şəkillənən sələfiliyi göstərmək olar. Onların da özlərinə aid inam şəbəkəsi var ki, bu da onları ənənəvi sünnilik və şiəlikdən ayırır. Bu kimi məzhbəbi bölgülərin sayını artırmaq da olar, məsələn, sünni məzhəbi daxilindəki əşərilikdən, mötəzililikdən, maturidilik, vəhhabilikdən və s. bölgülərdən söz açmaq olar. Tamamilə belə bir bölgünü şiəlikdə də göstərmək mümkündür, məsələn, zeydilik, ismaililik, oniki imançılıq və s. kimi. Bu sadalanan bütün bölgüləri bir-birindən ayıran məhz hər birinin müdafiə etdiyi inam şəbəkəsidir.

2.

Bu əsasla, bir insan özünü, məsələn, “şiə” ya “sünni” və ya “sələfi” adlandırırsa, bu, ona görədir ki, hər bir qrup digərindən fərqli olaraq xüsusi bir inam şəbəkəsinə inanır. Odur ki, “Mən nə şiə, nə sünni, nə də sələfiyəm, əksinə, mən sadəcə olaraq müsəlmanam” deməklə məzhəbləşməkdən və yaməzhəbə sahib olmaqdan yayınmaq mümkün deyil. Nə üçün bu, mümkün deyil? Nədən məm məzhəbləşməkədən qaçıb xilas ola bilmərəm? Məzhəbsizlik mümkün olan bir şey deyilmi? Zənnimcə, insan heç bir zaman məzhəbləşməkdən, hansısa bir məzhəbin ardıcılı olmaqdan qaça bilməz. Səbəbi isə aydındır, gəlin, bu səbəbi nəzərdən keçirək.

3.

Şübhəsiz, “Mən müsəlmanam” deyən bir adamın da inam şəbəkəsi var, yəni müəyyən inanclara sahibdir. Biz bu adamın etiqad bəslədiyi inamlar toplusunu onun “inam şəbəkəsi” adlandırırıq. Bu inam şəbəkəsini əqli baxımdan üç cür təsəvvür edə bilərik və dördüncü təsəvvür mümkün deyil:

a) Bu adamın ya bütün mövcud məzhbəblərdəki inamları qəbul edir və hər birini doğru hesab edir;

b) ya mövcud məzhəblərdəki heç bir inamı qəbul etmir və onları yalnış hesab edir;

c) ya da hər məzhəbdən seçim edib bəzi inamları doğru, bəzilərini isə yalnış hesab edir.

3.1.

“Mən müsəlmanam” deyən adam hər üç halda “müsəlmançılıq” adlı bir məzhəb formalaşdırmış olur. Nədən və Necə?! Çünki bu adam (a) variantını qəbul edərsə, yəni bütün məzhəblərdəki inamları doğru hesab edərsə, bu zaman kompleks bir inam şəbəkəsi formalaşdırmış olacaq ki, bu da yeni məzhəb deməkdir. Yəni, bu adam da şiədən, sünnidən, sələfidən fərqlənəcək, necə ki, onlar öz inam şəbəkələrinə görə bu adamın məzhəbindən fərqlənirlər. Bu isə o deməkdir ki, bu adam inam şəbəkəsinin tələbi əsasında müsəlmançılıq adlı bir məzhəb yaratmış olur. Onu da deyim ki, bu adam mövcud məzhəblərdəki bütün inamları qəbul edə bilməz. Çünki məzhəblər arasında ziddiyyətli məqamlar, inamlar çoxdur, zatən, məzhəb olmaq fərqlilik deməkdir, kimləsə ziddiyyətdə olduğunu ifadə etmək deməkdir. Bu da o deməkdir ki, hamısını qəbul etsək, bu zaman paradoksal inamların düzgünlüyünü qəbul etmiş olarıq. Kimsə inad edib, bu paradoksal inamları qəbul etsə, bu, yenə də, “müsəlmançılıq” adlı məzhəbin ortaya çıxması ilə nəticələnəcək, elə bir məzhəb ki, özündə paradoksal inancları ehtiva edir.

3.2.

Yuxarıda adıkeçən məzhəblərdəki inamların heç biri öz inan şəbəkəsində mövcud olmasa da, yenə, həmin adam ortaya yeni bir inam şəbəkəsi qoymuş olacaq ki, bu da, yenə, müsəlmançılıq məzhəbi adını daşıyacaq. Çünki ortaya qoyduğu inam şəbəkəsi onu başqa məzhəbin ardıcıllarından ayırır. Bir sözlə, (b) variantını da qəbul etsə, yeni məzhəbləşməkdən qaça bilməyəcək və nəticə etibarilə, fərqli bir inam şəbəkəsi yaratdığı üçün yeni bir məzhəb formalaşdırmış olacaq.

3.3.

(c) variantına gəlincə, özünə “Mən müsəlmanam” söyləyən adam yenə də məzhəbsizlikdən yaxa qurtara bilməyəcək. Ona görə ki, həmin adam adıkeçən məzhəblərdən seçim edib yeni bir inam şəbəkəsi formalaşdırır. Bu da o deməkdir ki, başqa məzhəblərdən fərqlənən bir məzhəb yaratmış olur. Səbəbi də aydındır, çünki formalaşdırdığı inam şəbəkəsi bir tam kimi heç bir məzhəb ardıcılında yoxdur. Elə olmadığına görə də, onlardan seçilir. Bu isə müsəlmançılıq adı altında yeni bir inam şəbəkəsi formalaşdırdığına görə yeni bir məzhəb yaratmaq deməkdir.
Nəticə olaraq deyə bilərik ki, insan deyilən hər üç halda məzhəbçilikdən qaça bilməz. Hər üç variantdan birini qəbul etdikdə, avtomatik olaraq məzhəbləşir, hansısa bir məzhəbin ardıcılına çevrilir.

4. 

Yekun nəticə olaraq deyirəm: Həqiqət vahiddir və insan çalışıb onu tapmalıdır. Məzhəbi adlar şərti adlar hesab olunur. Əsas olan odur ki, sən hansı inam şəbəkəsinə etiqad bəsləyirsən və bu inam şəbəkəni nə qədər əsaslandıra bilirsən. Bu şəbəkəni hər hansı bir adla adlandırmaq vahud həqiqəti dəyişə bilməz. Çıxış yolu yalnız və yalnız etiqad bəslədiyin inam şəbəkəsinin doğruluğunu möhkəm dəlillər, sübutlar əsasında isbatlaya bilməyində gizlidir.
Başqa sözlə, məzhəbçilik formal addır və o, əslində, bizi İslama aparan bir kanaldır. Daha dəqiq ifadə etsəm, insanları gerçək İslama doğru aparan kanalın adıdır. Bax, insan bu kanalı düz təyin etməlidir, düz təyin edə bilməsi üçünsə əlində möhkəm əsaslar, sübutlar olmalıdır ki, seçimin doğru olduğunu təsdiqləyə bilsin.

 

Oxşar yazılar
İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması
Dini anlamada ən primitiv qayda
Əbədi əzab problemi
Şəfaət- Allahın dolayı iradəsinin təzahürü