Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)

Keçən dərsimizdə varlığın xüsusiyyətlərindən danışdıq. İndi də, gəlin mahiyyətin daşıdığı xüsusiyyətlərdən söz açaq. Mövzuya keçməzdən öncə qeyd etmək lazımdır ki, mahiyyətin xüsusiyyətlərindən bəhs etdiyimiz zaman mövcud, var olan və ya yox olan mahiyyətdən deyil, əksinə, sadəcə olaraq mahiyyətin özü barədə danışırıq. Necə ki, varlığın xüsusiyyətlərini araşdırarkən, təkcə onun özünü nəzərə alırdıq, nəinki varlığı mahiyətlə birgə nəzərə alıb, onun daşıdığı xüsusiyyətləri gözdən keçirirdik. Yalnız varlığın özü tədqiq obyekti idi. Burada da, biz mahiyyətin xüsusiyyətindən danışanda, yalnız onun özünü nəzərə alırıq, nəinki mahiyyəti varlıqla və ya yoxluqla birgə, yəni var olan və ya yox olan mahiyyət kimi. İndi isə gəlin, mövzuya keçək. İslam fəlsəfəsində varlıqda olduğu kimi, mahiyyətin də üç əsas xüsusiyyəti qeyd olunur: vayozluq, zehinlilik və ümumilik (bütüncəlik). Bu, o deməkdir ki, mahiyyət həm vayozluq, həm zehinlilik, həm də ümumiliklə xatakterizə olunur. Gəlin, bu xüsusiyyətləri bir-bir açaq. İlk öncə vayozluq xüsusiyyətindən başlayaq. Bu xüsusiyyət o deməkdir ki, mahiyyət öz-özlüyündə yalnız özüdür, belə ki, onda nə varlıq, nə də yoxluq nəzərə alınır. Sadə dillə desək, məsələn, “daş”ın təkcə nəliyini, nə olmasını, mahiyyətini nəzərə aldıqda, görürük ki, bu nəlik (mahiyyət) nə varlığı, nə də yoxluğu tələb edir. Yenə qeyd edim ki, burada var olan mahiyyətin və ya yox olan mahiyyətin xüsusiyyətindən danışmırıq, təkcə onun özünü nəzərə alıb, xüsusiyyətlərini araşdırırıq. Odur ki, “Daş yoxdur”- dedikdə, heç bir paradoksa yol vermirik. Çünki tədqiq obyekti olan mahiyyət mövcud, var olan mahiyyət deyil ki, ziddiyyət yaransın. Yəni, “Var olan mahiyyət yoxdur”- dedikdə, paradaks yaranır, ona görə ki, bir şey eyni zamanda həm var, həm də yox ola bilməz. Deməli, var olan yox deyil, yox olan da var deyil; ya vardır, ya da yoxdur. Mahiyyət də bu mənada, təkcə özünü nəzərə aldıqda, nə varlığı tələb edir, nə də yoxluğu. Bəli, mahiyyəti özündən kənarda olan “səbəb”i ilə nəzərə alsaq, ya vardır, ya da yoxdur. Çünki ya səbəbi onu var edir ki, bu zaman var olacaq, ya da onu var edən səbəbi hazırda yoxdur ki, bu zaman da yox olacaq. Bu, da o deməkdir ki, biz var olan və ya yox olan mahiyyətin xüsusiyyətindən danışırıq. Halbuki qeyd etdiyimiz kimi, tədqiq obyekti belə bir mahiyyət deyildir. Deməli, biz təkcə mahiyyətin özünü nəzərə alıb, onun öz zatına baxsaq, yalnız nəliyini nəzərə alsaq, özü özü deməkdir, vəssəlam. Odur ki, varlığı mahiyyətə isnad vermək, ötən dərslərimizdə dediyimiz kimi, dəlil tələb edir. Bu, bir daha sübut edir ki, mahiyyət nə varlığı tələb edir, nə də yoxluğu. Bu əsəsla, var olan mahiyyət varlığı, yox olan mahiyyət yoxluğu və nə var, nə də yox olan mahiyyətsə nə varlığı, nə də yoxluğu tələb edir. Odur ki, İslam fəlsəfəsində mahiyyətin “vayozluq” xususiyyəti bu qayda ilə bildirilir: “Mahiyyət- mahiyyət olma baxımından, öz-özlüyündə yalnız özüdür”. Bu isə o deməkdir ki, mahiyyət öz-özlüyündə, heç bir kənar səbəbi nəzərə almadan, nə varlığı, nə də yoxluğu tələb edir. Sonda onu da deyim ki, “vayozluq” -va(r)yo(x)(su)zluq- sözü bizim neologizmdir, yəni nə varlıq, nə də yoxluq xüsusiyyətini ifadə edir.  04.04.2025          

Oxşar yazılar
Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)
Fərliliyin üçüncü sübutu (12-ci dərs)
“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)
Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)