Modern ilahiyyat üzərinə bəzi qeydlər

1. Bugünkü dindar klassik ilahiyyata (theology) deyil, modern ilahiyyata ehtiyac duyur. Modern dünyanın nailiyyətləri ilə tanış olanları yalnız modern ilahiyyat qane edə bilər. Cünki modern dünyada yaşayanların, həyatın bir çox sahələrindəki önfərziyyələri, əsaslandırma (justification) modeli, yanaşma tərzi, baxış bucağı bundan öncəki dünyada yaşayanların önfərziyyələri, əsaslandırma modeli, yanaşma tərzi, baxış bucağ ilə tamamilə fərqlənir. Odur ki, yeni bir ilahiyyat formalaşdırmalıdır modern dünyada yaşayan dindarlar üçün.

2. Modern ilahiyyatın ən üstün və fərqli cəhəti onun modern elmdəki müddəaları isbatlama modelindən istifadə etməsində gizlidir. Modern elm isbatlama modeli kimi ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldən istifadə edərək, öz müddəalarını sübut etməyə çalışır. Bu modelin özəlliyi isə onun abstraklıqdan uzaq olub hissə, konkretliyə daha yaxın olmasıdır.
3. Modern ilahiyyat axtarışı əslində yeni bilgi axtarışı deməkdir. İnsanlar köhnə olanlarla uzun müddət yaşaya bilmirlər və yorulma tez baş verir. Köhnələrin yeniləşdirilməsi fitri-insani bir davranışdır. Zatən, imam Əli (ə) bu yeni bilgi axtarışı faktını əsrlər öncə gözəl bir şəkildə qeyd etmişdir: “Ruhlar da, bədənlər kimi yorulur, yorulduqda onlara yeni bilgilər axtarın.”
4. Modern ilahiyyat yeganə ilahiyyat modelidir ki, əqidə ilə əməl arasındakı uçmuş körpünü yenidən bərpa edə bilər. Modern ilahiyyat nəzəri olanları praktikalaşdırmaqla insanın bütün həyat sahələrini “Allahmərkəzli” etməyə çalışır. Allah anlayışını nəzəri müstəvidəki təsirindən əməli müstəvidəki təsirinə endirə bilir. Klassik ilahiyyatda isə belə bir xüsusiyyət yoxdur.
5. Klassik ilahiyyatın müdafiə etdiyi məntiq Arestotel məntiqidir- formal məntiqdir, ancaq modern ilahiyyatın dəstəklədiyi məntiq isə induktiv məntiqdir. Bu iki məntiqin istehsal etdiyi teoloji bilgilər bir-birindən mahiyyət baxımından tamamilə fərqlidirlər. Formal məntiq daha çox apstrakt, induktiv məntiq isə daha çox konkret bilgilər ortaya qoyur. Birinci məntiqdəki qabarıq xüsusiyyət doqmatiklik, ikincin məntiqdə qabarıq olan xüsusiyyətsə tolerantlıqdır. Hər iki məntiqin də, özünəxas bir ədəbiyyatı vardır. Problemləri çözməyə metoduna gəldikdə, cox zaman birinci məntiq mövzunu bağlı, ikinci məntiq isə açıq saxlayır.
6. Modern ilahiyyat müdafiə mövqeyi sərgiləməkdən daha çox öz daxili sistemini formalaşdırmaqla məşğuldur, klassik ilahiyyatsa bunun əksinə olaraq daha çox müdafiə mövqeyi sərgiləməklə zaman tükətir. Modern ilahiyyat daxili sistemini, inam şəbəkəsini (set of belief) tənzimləməklə teoloji inamlarla reallıq arasında əlaqə yaradaraq, onları balanslaşdırmağa çalışır. Bu balanslaşdırma isə bünövrə inamlarla (basic beliefs) qeyri-bünövrə inamlar (non-basic beliefs) arasında həyata keçir. Modern ilahiyyatda “reflektiv tarazlıq” prinsipi metodoloji bir təməl olaraq daim diqqət mərkəzində saxlanılır. Belə bir xüsusiyyətsə klassik ilahiyyatda mövcud deyil.
7. Modern ilahiyyat klassik ilahiyyatın əksinə olaraq daha çox “mənəviyyat-maddiyyat (materializm)” sorunları ilə ilgilənir. Modern ilahiyyat çağdaş dünyamızda mənəviyyatı maddiyyat qarşısında ciddi bir alternativ kimi tanıtdırmağa çalışır. Bunu həm rasionalist, həm də praqmatik şəkildə göstərmə istiqamətində irərləyir. Klassik ilahiyyatda isə belə bir motiv və ya motivlərin şahidi deyilik.
8. Modern ilahiyyat əsaslandırma modeli kimi mötədil (modest) fundamentalizmin tərəfdarı olduğundan, hər bir zamanda yeni bilgilər qarşısında “update” ola bilir və olmalıdır da. Zatən, modern ilahiyyatın təməli yeni bilgilər üzərində inşa olunmuşdur. Klassik ilahiyyatsa belə bir özəlliyə sahib deyildir.
9. Modern ilahiyyat bilik qaynağı olaraq hissi-əqli qarışımından bəhrələnməyi tərcih edir. Klassik ilahiyyatda isə mətn (text)-əql-intuisiya qarışımından istifadəsinə üstünlük verilir. İki qarışım arasındakı fərq birinci qarışımın konkret, ikinci qarışımın isə abstrakt xarakterli olmasıdır.

 

Oxşar yazılar
Dinin xarici və daxili hissələri
Din tədqiqatının metodologiyası
İki cür şəriət: vəhy şəriəti və ağıl şəriəti
Təkvini və təşrii iradə barədə