Nə üçün “şər” var?

Fərz edin, ata öz 3 yaşlı uşağına vaksin vurdurur və uşaq da buna görə ağrı, acı çəkir. Ata uşağın ağrı çəkəcəyini bilə-bilə, yenə bundan vaz keçmir, çünki atanın bunu etməsi üçün əlində əxlaqi baxımdan əsaslı bir dəlil var. Hətta əgər bu dəlili ona söyləsə də, yenə o, məhdud idrak qüvvəsinə görə bunu dərk edə bilməyəcək. Eyni ssenarini Allahla insan arasında da fərz etmək mümkündür. Belə ki, Allah bu dünyanı elə yaradıb ki, insan orada müxtəlif ağrı və acılara məruz qalır. Əgər əxlaqi baxımdan Allahın bunu etməsi, buna icazə verməsi üçün əsaslı dəlilləri olsa, onda insan məhdud idrak qüvvəsi ilə onları dərk edə bilərmi? Skeptik teizmə görə cavab mənfidir. Çünki insan zehni ilə Allah zehni arasındakı nisbət məhdudla sonsuz arasındakı nisbət kimidir. Bu əsasla, 3 yaşlı uşaq -ortada əxlaqi baxımdan əsaslı dəlil ola-ola- atasının işini anlamadığı kimi, biz də Allahın bu işlərini anlaya bilməyəcəyik. Deməli, məntiqi baxımdan “Allahın əsaslı dəlillərini görməmək”dən onların var olmadığı nəticəsini almaq yanlışdır. Kimsə burada belə bir irad səsləndirə bilər ki, yaxşı, Allah öz dəlillərini bizə məhdud idrak qüvvəsinə sahib olduğumuza görə göstərmirsə, onda heç olmasa, atanın öz azyaşlı uşağına acı çəkdiyi zaman göstərdiyi qayğı kimi bizə təsəlli vermək üçün özünü müəyyən mənada bizə aşkarlasın. Elə isə nə üçün Allah bunu etmir? Skeptik tezim yenə eyni məntiqlə çıxış edərək deyir ki, əgər əxlaqi baxımdan Allahın əlində bunu etməmək üçün əsaslı dəlillər varsa, o zaman insan məhdud idrak qüvvəsi ilə onları dərk edə bilərmi? Aydındır ki, dərk edə bilməz.

Qeyd: “Skeptik teizm” modern ilahiyyatda işlədilən xüsusi bir termindir. Məqsəd isə odur ki, insan sahib olduğu məhdud idrak qüvvəsinə görə Allahın işlərindəki bütün hikmətləri anlamaqda acizdir.

Oxşar yazılar
Allah bilirsə, bu, insanın seçiminə müdaxilə etmək anlamına gəlmirmi?
İnsan dinə nələrdə ehtiyac duyur?
Allah öz işlərində hansısa həfədləri təqib edirmi- bir sual və üç fərqli yanaşma