Qədr gecəsi və dua (Fərqli yanaşma)

Hər şey Qədr gecəsində gələn ilədək müqəddər olunursa, yazılırsa, onda il boyu və ya Qədr gecəsi dua etməyimizin nə kimi faydası olacaq?

Cavab: Allah, məsələn, Seymurun özünü evin balkonundan yerə atdığı zaman ayağının sınmasını müqəddər etdiyi kimi, Seymurun qəm-qüssənin aradan qalxması üçün dua edərkən onun aradan qalxmasını müqəddər etmişdir, belə ki, əgər dua etməsəydi, Allah qəm-qüsəni ondan uzaqlaşdırmazdı. Deməli, dua Allahın müqəddər etdiyi, həyata keçirdiyi şeyin baş verməsində səbəb-nəticə qanunun bir hissəsi kimi çıxış edir. Biz il boyu və ya Qədr gecəsində Allaha dua edərkən Qədr gecəsində müqəddər olunanı həyata keçirmiş oluruq. Fərz edək, bu gecədə, məsələn, insanın iki aydan sonra Rəbbinə dua edəcəyi müqəddər olunub. Bu əsasla, sən öz ixtiyarınla ürəkdən dua edərkən, əməli olaraq, Allahın sənin üçün ayırdığı duanı və nəticə etibarilə bu duadan sonuclanan qəbulu həyata keçirmiş olursan.

Dua məsələsi qəzavü-qədər problemi ilə əlaqədar olaraq uzun bir məsələdir. Bir çox alimlər hesab edirlər ki, Allah dərgahında – sadə dillə ifadə etsəm – iki hesab dəftəri var. Belə ki, bir dəftərdə dəyişməz şeylər olur, digər dəftərdə isə dəyişə bilən şeylər yazılır. Birinci dəftər “Kitabın qaynağı”, ikinci dəftərsə “Pozulma lövhəsi” adlanır. Gələn il boyu Allah ikinci dəftərdə baş verəcəklərin hamısını yazır, ancaq bu dəftərin mahiyyəti asılıdır, yəni o deməkdir ki, filan şey baş verərsə, onda filan şey baş verəcək. Deməli, filan şey baş verərsə, onda hadisələr dəyişəcəkdir. Sən dua edərkən bu dəftərdə və onun əhatəsi daxilində dəyişiklik yaradırsan. Ancaq bu dəftərdəki və onun bütün dəyişiklikləri başqa şeylərlə yanaşı əvvəldən birinci dəftərdə yazılmışdır. Onların elə əvvəldən birinci dəftərdə qəti şəkildə yazılması “Cəbr və Təfviz” probelmini üzə çıxarır. Bu, problemin olduqca sadə bir təsviridir. Ancaq bu mövzu ilə bağlı müsəlmanların fəlsəfi və teoloji tədqiqatlarında olduqca geniş araşdırmalar mövcuddur. Bu problem təkcə Qədr gecəsinə aid deyil, əksinə, ifadə doğru olarsa, yaradılışdan öncə bütün varlığa şamil olur.

Burada qəti fikir ifadə etmədən, qısa olaraq diqqətinizi bir mövzuya çəkmək istərdim. Qurani-Kərimdə insanlar üçün Qədr gecəsində gələn illə bağlı olan yeni ilahi müqəddəratın baş verməsini bildirən fakt yoxdur. Yəni, Qədr gecəsində yeni qərarlar alınır deyə bir ideya mövcud deyil. Sadəcə olaraq deyilir ki, bu gecədə əzəldən bəri qeyri-aşkar şəkildə qəbul olunan ilahi qərar açıqlanır. Allah bu gecəni “Hər bir hikmətli iş o gecə fərqləndirilir” deyə vəsf edib. Fərqləndirmək isə ayırd etmək, ayırmaq deməkdir. Bu gecədə hikmətli iş ayırd edilir və bu iş açıqlanır. Deməli, əgər Qədr gecəsini ruh və mələklərin yeni ilin başlanğıcı üçün nazil olmasının çıxış nöqtəsi kimi fərz etsək, bu, zərurən, o demək deyil ki, yeni qərarlar qəbul olundu. Bu, sadəcə, o deməkdir ki, öncədən qəbul olunan qərarın açıqlanmasına, ayırd edilməsinə və tətbiqinə başlanıldı. Əgər burada təşbehdən istifadə etmək istəsək, bu məsələ hərbi rəhbərlik tərəfindən bu gün üçün bütün qərarların alınaraq sabahdan həmin qərarların icraya verilməsi halına bənzəyir. Belə ki, xüsusi yayım qüvvələri qərarları ayıraraq onların hər birini öz təyin olunmuş yerində tətbiq etməyə başlayırlar. Demək, Qədr gecəsi endirmə, ayırd etmə, elan etmə və qəbul olunmuş qərarı icra etməyə əmr vermə gecəsidir. Sanki sən beş plan təyin etmisən və icraçı qüvvələr hər il bir nömrəli və ya iki nömrəli planı icra edirlər. Bu əsasla, mələklər də, məsələn, iki nömrəli planı başladaraq onu yer üzərində həyata keçirməyə başlayırlar. Gələn il isə üçüncü plan elan olunur və s… Deməli, Qədr gecəsində yeni qərarlar və ya buna bənzər şeylər mövcud deyil, əksinə, ortada bir illik müddət üçün təyin edilən icra fəaliyyətinin yeni bir mərhələ startı var. Bu, şiəliyin məşhur görüşünə əsasən, Qədr gecəsinin hər il təkrarlanması, davam etməsi nəzəriyyəsinə əsaslanır. Bu gecənin hər il yenilənməməsini iddia edən nəzəriyyəyə gəlincə, Qədr gecəsi – bəzi əhli-sünnə alimlərinin fikirincə – tarixdə baş vermiş vahid bir gecədir ki, Qurani-Kərim məhz həmin gecədə nazil olmuşdur. Beləliklə, Qədr gecəsində icra edilmək üçün siyahılar göstərilir və mələklərdən ibarət qoşunlar və aləmin qanunları onları tətbiq etmək üçün hərəkətə keçirlər. Bu, şiəlikdə mövcud olan bəzi hədislərlə də uyğun gəlir. O hədislərdə deyilir ki, hər il mələklər Qədr gecəsi həmin il üçün qəbul olunmuş qərarları çatdırmaq üçün “məsum imam”a nazil olarlar. Mələklər yenicə qəbul olunmuş qərarlarla enmirlər, nazil olmurlar, əksinə, bu illə bağlı olan qərarları çatdırırlar, o qərarları ki, əzəldən qəbul edilmiş ola bilər. Sanki məsum imam – bu hədislərə əsasən – mütləq şəkildə gələcək işlərdən xəbərdar deyil, əksinə, ildən ilə ona həmin işlər çatdırılır.

Qeyd etməliyəm ki, mənim bu barədə bəhsim təkcə Quran baxımındandır, bu problem barədə hədis və Quran nöqteyi-nəzərindən təfsilatı ilə araşdırma aparmaq üçün geniş bir məcala ehtiyac duyulur. Mən bu nüansı burada sadəcə olaraq düşünmək üçün irəli sürürəm. Əgər bu, doğru olarsa, onda bizim Qədr gecəsi haqqındakı dini anlayışımızı dəyişəcəkdir. Doğrusunu Allah bilir!

Müəllif: İslam mütəfəkkiri Dr. Heydər Hubbullah

Çevirdi: Emin İmanlı