Quranın əxlaq sistemini necə anlayaq?!

1.

Bildiyimiz kimi, ümumi bir bölgündə Quran ayələri “Məkkə” və “Mədinə” ayələri olmaqla iki əsas hissəyə ayrılır. Məkkə ayələrinin əsas əlamətlərini, onların yığcam şəkildə verilməsi, olduqca düşündürücü məzmuna və spesifik melodiyaya sahib olması kimi sadalamaq olar. Bu qəbildən olan düşündürücü məzmmunlu ayələri nəzərə aldıqda ən önəmli, vacib ayələr kimi mənəviyyatı və müsbət əxlaqi dəyərləri qabarıq şəkildə aşılayan ayələrin şahidi oluruq. Quran öz Məkkə ayələrində bizə təqdim etdiyi əxlaqi anlayışlar siyahısına ədalət, zülm, çirkinlik, pislik, yardımlaşma, paylaşma, vəfa, əmanətdarlıq və s. bu kimi əxlaqi anlayışlar daxildir.

2.

Qurani-Kərimdə qeyd olunan hər bir anlayışı, xüsusilə əxlaqi anlayışları araşdırdığımız zaman, metodoloji bir prinsipi daim diqqət mərkəzində saxlamalıyıq. Bu, anaxronizm (zaman pozuntusu) xətasına yol verməməkdir. Əxlaqi anlayışları realizə edərkən, onları öz gündəlik həyatımıza tətbiq edərkən bu xətaya yol verməməliyik. Yəni, bir əsrə mənsub olan əlamətləri, xüsusiyyətləri başqa bir əsrə daşımamalıyıq. Bu gün modern dünyamızda ədalət, zülm, pislik, yaxşılıq və s. əxlaqi anlyaşlar necə qavranılırsa, onları eyni şəkildə premodern dünyaya tətbiq edə bilmərik və ya əksinə, çünki əxlaqi anlayışın daşıdığı komponetlər, elementlər öz formalaşdığı kontekstdə məna kəsb edir. Fərqli kontekstlərdə formalaşmış əxlaqi anlayışları eyniləşdirmək yanlış olardı. Bəli, bəzi məqamlarda ortaq yönlərin olması istisna edilmir, lakin çox zaman fərqlilik qabarıq olur.

Əxlaq fəlsəfəsinin dili ilə desək, “əxlaqi fel/ davranış” bir kontekstdən başqa kontektə nisbətən dəyişə bilir, yəni əxlaqi davranışın komponetləri fərqli kontekstlərdə, atmosferlərdə dəyişkən olur, lakin “əxlaqi dəyər” mahiyyət etibarilə həmişə sabit, dəyişməz qalır. Əxlaqi felin əxlaqi dəyərlə əlaqəsi məzmunun forma ilə olan əlaqəsi kimidir. Belə ki, forma məzmunsuz, məzmun da formasız həyata keçə bilmədiyi kimi əxlaqi dəyər də daim müəyyən əxlaqi bir fel çərçivəsində həyata keçir. Anaxronizm xətası prinsip olaraq yalnız əxlaqi fellərdə baş verir. Əsas olan bundan ibarətdir ki, biz bu fel və davranışları düzgün şəkildə təyin edə bilib, müəyyən bir kontekstdə formalaşan əxlaqi davranışın komponentlərini başqa kontekstə transfer etməyək.

Qeyd etmək lazımdır ki, müqəddəs mətnin (Quran və sünnə) bəzi yanlış oxunuşları, təfsirləri məhz yuxarıda qeyd oluna metodoloji prinsipə riayət edilmədiyindən meydana gəlmişdir.

3.

Gəlin, anaxronizm xətasını bir bir neçə misalla izah edək. Arestotelden bu günə qədər dörd müsbət əxlaqi dəyər insanlar arasında yekdil olaraq qəbul olunmuşdur: ədalət, iffət, şücaət və hikmət. Sual: Bu gün modern dünyada yaşayan bir insanın bu anlayışlardan dərk etdiyi mənanı Arestotelin qədim yunandakı müxatəbləri də eyni mənada dərk edirdilərmi? Zənnimcə, cavab mənfidir, yəni ortada tamamilə eyniyyət mövcud deyil. Misal üçün, bu gün modern dünyada quldarlıq məsələsi, kimisə kölə kimi götürmək zülm və nəticə etibarilə qeyri-əxlaqi bir əməl hesab olunur. Biz modern dünyanın insanları olaraq bunu bele dərk edib dəyərləndiririk, amma premodern dünyada, keşmiş dövrdə yaşayan insanlar bunu normal bir iş kimi qəbul edirdilər; qul alğı-satqısı əxlaqi baxımdan problemli nəzərə çarpmırdı və o dövrün adamları bunu zülm və ya ədalətsizlik kimi dəyərləndirmirdilər, çünki onların rasionallıq səviyyəsi bizim bu gün sahib olduğumuz rasionallıq səviyyəsindən fərqli idi. Məhz bu kontekst fərqliliyi vahid əxlaqi dəyərin iki fərqli felini yaratmışdır. Bu gün yaşadığımız modern dünyada ədalət əxlaqi bir dəyər kimi insanın fundamental hüquqlarını (yaşamaq, məskunlaşmaq, mülkiyyət, ifadə azadlığı, qanun qarşısında bərabərlik və s.) müdafiə etmək anlamını kəsb edir, ancaq keçmişdə insanlar arasında belə bir anlam yox idi, yəni bu qəbilədn olan komponentləri özündə ehtiva edən ədalətli bir davranış mövcud deyildi.

4.

Bütün bu deyilənlər müqəddəs mətndə keçən əxlaqi anlayışlara da şamildir. Belə ki, peyğəmbərə vəhy enərkən müxatəblər öz rasionallıq səviyyəsinə uyğun olaraq məsələn, ədalət və zülm kimi əxlaqi dəyərləri fərqli bir davranış formasında həyata keçirirdilər ki, bu gün bizim qəbul etdiyimiz formalardan tam fərqli idi. Deməli, nə bu tərəfədən müqəddəs mətnə istədiyimiz mənanı yükləyə bilərik, nə də o tərəfdən. Müqəddəs mətndə mövcud olan mesajları əxlaqi bir dəyər kimi ruhunu alıb, əxlaqi fel müstəvisində onunların mədəni tərcüməsini düzgün qavramalı və onları yenidən inşa etməliyik, yəni onları çağdaş rasionallıq səviyyəsinin tələb etdiyi formalar qəlibində həyata keçirməliyik. Məsələn, Nəhl surəsinin 90-cı ayəsində belə oxuyuruq: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi əmr edir, çirkin işləri (zina), pis işləri və zülmü qadağan edir. O, sizə nəsihət verir, bəlkə ibrət alasınız.” Bu ayə, o dövrün insanlarına enərkən mətndə keçən əxlaqi anlayışlara müraciət etməzdən əvvəl, onlar barəsində ümumi bir dərkə malik idilər, həmin əxlaqi anlayışları öz ürfi anlam kontekstinə uyğun olaraq qavrayırdılar və əxlaqi dəyəri xüsusi bir “əxlaqi fel” çərçivəsində həyata keçirirdilər.

5.

Qurani-Kərimdə ən mərkəzi əxlaqi anlayış “təqva” hesab olunur. Belə ki, bu anlayış bütün əxlaqi dəyərləri özündə ehtiva edir. Maidə surəsinin 8-ci ayəsində bu prinsip “Ədalətli olun. Bu, təqvaya daha yaxındır.”- deyə ifadə olunur. Ayədən də göründüyü kimi, burada təqva mərkəzi bir anlayış olaraq təqdim olunur və ədalət anlayışı isə bu çevrənin müəyyən bir nöqtəsində mərkəzə yaxın olan bir anlayış kimi göstərilir.

Təqva anlayışını səthi və dərin olmaqla iki fərqli mənada təsvir etmək olar.

a) Allahdan qorxmaq; Bu mənada, insan Allahla olan əlaqəsini “qorxu” üzərində tənzimləmə çalışır. Yəni, bütün davranışlarını Allahdan qorxu əsasında tənzimləyir, belə ki, öz işlərində daim Allahı nəzərə alır, onun qəzəbinə səbəb olacaq əməllərdən çəkinir. Hərçənd, ona tabe olanda bu, könül xoşluğundan olmaya da bilər və ya tam bir razılıq əsasında da baş verə bilər. Burada əsas olan ondan ibarətdir ki, insan öz rəftarlarını məhz tanrıdan qorxu fonunda həyata keçirir. Təqvanın bu mənasını əskər-komandir və ya şagird-müəllim münasibətlərində də müşahidə etmək olar. Dəyərləndirmə məqamında bu mənanı səthi münasibət kimi nəzərdən keçirə bilərik. Fəlsəfi dillə ifadə etsək, təqvanın bu mənasını vasitəli bilik kateqoriyasına daxil edə bilərik. Təqva bu mənada zehni obrazlardan qaynaqlanan bilgi üzərində həyata keçir və insanın rəftarını tənzimləyir.

b) Allaha qarşı həyalı olmaq. Bu mənada, insanla Allah arasındakı münasibət “həya” üzərində qurulur. Yəni, insan bütün rəftar və davranışlarını həya üzərindən həyata keçirərərk, onları tənzimləməyə çalışır. Bu həya insan varlığının dərinliklərindən gələn sayğı və ehtiramdır. Fəlsəfi terminlə desək, bu məna vasitəsiz bilik fonunda həyata keçir, belə ki, insan ontoloji baxımdan həyalaşır, varlığı həya varlığına çevrilir. Bu mənada insanın Allaha qarşı sayğısı, ehtiramı, ona tabe olması, göstərişlərini yerinə yetirməsi qorxu üzündən deyil, varlığının dərinliyindən gələn bir həya üzərindən həyata keçir. Bu kimi münasibəti insanın böyük bir şəxsiyyətə qarşı nümayiş etdiridiyi davranışda da müşahidə etmək olar. Belə ki, həmin insan o şəxsiyyətə hörmət göstərərkən, qorxu üzündən deyil, əksinə, həya üzündən bunu edir.

Təqvanın bu ikinci təsviri fonunda nümunə olaraq aşağıdakı ayələri daha gözəl anlamaq olar, çünki həmin ayələrdə keçən əxlaqi davranışlar həyadan qaynaqlanan təqva ilə daha uyğunluq təşkil edirlər.

a) Məaric, 29-30-31-32-33-34-cü ayələr;

b) Muminun, 1-2-3-4-5-6-7-8-9-cu ayələr;

c) Furqan, 63-67-68-ci ayələr;

d) Həşr, 9-cu ayə.

6.

Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Quranın əxlaq sistemində keçən əxlaqi anlayışları öz həyatımıza tətbiq edərkən, anaxronizm xətasına yol verilməməlidir. Deməli, əxlaqi dəyərləri həmişə bir forma kimi, əxlaqi felləri isə öz kontekstində bir məzmun kimi nəzərdən keçirməliyik. Əxlaqi anlayışları isə həyadan qaynaqlanan mərkəzi dəyər- təqva əsasında xarakterizə edib, rəftar və davranışlarımızı çağdaş kontekst fonunda həyata keçirməliyik.

Oxşar yazılar
Quran – yeganə dini bilik qaynağı
“Şeytan insanı azdırır” deyiminin düzgün təhlili
“Cihad”- təhrifə məruz qalmış Quran ifadəsi
Quranın möhkəm mətni